AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin Mardin şəhərində yerləşən Artuklu Universitetinin doktoru, arxeoloq xanım Elif Hanarın “Şüşənin tarixi və istehsal texnologiyası” adlı seminarı təşkil olunub.
İnstitutun elmi əməkdaşları üçün nəzərdə tutulmuş seminarı giriş sözü ilə açan Tunc dövrü arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurov bildirib ki, ötən il Azərbaycandan olan elmi heyət Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə İğdır vilayəti ərazisində arxeoloji kəşfiyyat işləri aparıb. Türkiyə və Azərbaycan arxeoloqlarının birgə fəaliyyəti dövründə şüşə istehsalının yaranması və şüşə məmulatlarının istehsal texnologiyasının tarixi üzrə araşdırmalar aparan doktor Elif Hanarın tədqiqatları böyük marağa səbəb olub. Azərbaycanda bu istiqamətdə tədqiqatlar bir zamanlar t.e.d., professor Aləm Nuriyev tərəfindən aparılıb. Amma hal-hazırda Azərbaycanda bu mövzunun arxeometrik aspektləri üzrə tədqiqatlara ciddi ehtiyac vardır. Elə bu səbəbdən qarşılıqlı əməkdaşlıq çərçivəsində xanım Dr. Elif Hanarı Azərbaycana dəvət etdik. Bu səfər ərzində türkiyəli alim Azərbaycanda arxeoloqlar tərəfindən aşkar edilmiş ən qədim dövrlərdən orta əsrlərədək geniş bir tarixi mərhələni əhatə edən şüşə məmulatı nümunələri ilə tanış olub. Eyni zamanda Dr. Elif Hanar azərbaycanlı arxeoloqlar üçün şüşə istehsalı tarixi mövzusu üzrə seminar keçirməyə məmuniyyətlə razılığını bildirib – deyə Səfər Aşurov vurğulayıb.
Sonra Dr. Elif Hanar şüşənin istehsalının tarixinə həsr edilmiş mühazirəsini təqdim edib. Vizual elektron təqdimatla müşayət olunan mühazirəsində türkiyəli alim bildirib ki, arxeoloji tədqiqatlarda ən qədim şüşə texnologiyasının Mesopotamiyada e.ə. III minilliyin əvvəlində, yəni İlk Tunc dövründə muncuqların istehsalında istifadə edilməsi izlənilmişdir. Daha sonra isə, şüşə istehsalı texnologiyası Yaxın Şərqə yayılmış, müxtəlif texniki üsullar və qatqılarla mürəkkəbləşmişdir. Mürəkkəbləşməyə və artıq müxtəlif çeşidli məhsulların istehsalına baxmayaraq Şümer-Akkad mixi yazılı gil lövhələrində əks olunmuş şüşə istehsalının təməl texnologiyası Roma imperiyasınadək 2000 il ərzində dəyişilmədən müxtəlif dövrlərdə fərqli regionlara və xalqlara ötürülürdü. Arxeoloji baxımdan şüşənin qab istehsalında işlədilməsini göstərən ən qədim fakt - Tell-əl-Rimah abidəsində (müasir İraqın Nineva bölgəsi) e.ə. XV-X əsrlərə aid təbəqədə tapılmış üzəri ziqzaq şəkilli naxışlarla bəzədilmiş şüşə bardağın qalığıdır. Faktiki eyni dövrdə qədim Misirdə və ümumiyyətlə, Yaxın Şərqdə şüşə istehsalı kustar sənaye formasını alır.
Xanım Dr. Elif Hanar daha sonra Yaxın Şərqin qədim dövründən Roma imperiyasının sonuna qədər şüşə qab istehsalının üslub və texnologiyalarından, onların dəyişmə dinamikasından söz açdı. Diyarbəkir muzeyində sərgilənən şüşə məmulatlarının tarixi dövrlərə uyğun təqdimatı bu istehsal sahəsinin zaman keçdikcə hansı ardıcıllıqla dəyişdiyini göstərdi. Böyük maraqla qarşılanan mühazirənin sonunda Türkiyəli alim Elif Hanar iştirakçıların suallarını cavablandırdı və Azərbaycanda bu istehsal sahəsinin tarixi üzrə gələcək elmi araşdırmaların istiqamətləri müzakirə edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.