Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Elmi şuranın genişləndirilmiş iclası keçirilib.
İclası giriş sözü ilə institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq və gündəlikdə duran məsələləri şura üzvlərinin nəzərinə çatdırıb. Biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Aygün Nəsibovanın və Kadrlar şöbəsinin müdiri Lətifə Qocayevanın yubileyləri qeyd olunub, onlara işlərində uğurlar arzulanıb. Səmərəli fəaliyyətinə görə biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyevaya rəhbərlik tərəfindən təşəkkür elan olunub və yeni sədr vəzifəsinə seçilmiş Əli Məmmədov Elmi şuraya təqdim edilib.
Alternativ enerji növləri, Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyalarının fəaliyyətləri və inkişaf perspektivləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İnstitutun icraçı direktoru dosent Rəvan Mehdiyeva İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin elan etdiyi elmi mükafatın şərtləri və nəşr olunan “J. Radiation Researches” jurnalının inkişaf etdirilməsi barədə öz fikirlərini və təkliflərini səsləndirib. Elmi katib Scopus və WoS bazalarında nəşr olunan məqalələrə görə əlavə mükafatın ödənilməsi şərtləri və institutda bu şərtləri ödəyən alimlərin siyahısını təqdim edib.
Sonda institutda əmək və icra intizamının möhkəmləndirilməsi, Elmi şuranın tərkibinin qismən dəyişdirilməsi məsələlərini müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.