Akademiyanın Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müşavirə keçirilib.
Müşavirədə Akademiyanın 80 illik yubileyinə və AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib. Tədbirdə Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və bölmələrin elmi katibləri iştirak ediblər.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının ötən 80 ildə şərəfli yol keçdiyini, alimlərimizin əldə etdiyi elmi nailiyyətlərlə dövlətimizin iqtisadi inkişafına, həmçinin maddi mədəniyyətimizin qorunmasına, azərbaycançılıq ideologiyasının cəmiyyətimizdə güclənməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə öz töhfəsini verdiyini söyləyib. Qeyd edib ki, bu şərəfli tarixin yolları 2025-ci ildə, Elmlər Akademiyasının yaranmasının 80-ci ilində Rəyasət Heyəti tərəfindən qəbul olunmuş Tədbirlər planında nəzərdə tutulan tədbirlərlə, nəşrlərlə ictimaiyyətə təqdim ediləcək.
Daha sonra müşavirədə AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri müzakirə olunub.
AMEA-nın Ümumi yığıncağına hazırlıqla bağlı cari işlərin vəziyyəti, o cümlədən hesabat və təqdimatların müasir tələblərə uyğun hazırlanması və çap məsələləri barədə akademik İsa Həbibbəyliyə ətraflı məlumat verilib.
AMEA rəhbəri Ümumi yığıncağın təsdiq olunmuş gündəliyinə uyğun olaraq, yekun hesabat və təqdimatların müasir informasiya texnologiyaları əsasında hazırlanması ilə bağlı tapşırıqlarını çatdırıb. Ümumi yığıncaqdan əvvəl elmi nailiyyətlərə həsr olunmuş sərgilərin yüksək səviyyədə təşkili ilə bağlı elmi bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, 2024-cü ilin elmi yekunlarına həsr edilmiş AMEA-nın Ümumi yığıncağı fevralın 20-də keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.