Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, professor Binəli Musayevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov professor Binəli Musayevin səmərəli elmi fəaliyyətindən, riyaziyyat elminin inkişafına verdiyi dəyərli töhfələrindən danışıb. Qeyd edilib ki, Binəli Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır.
Tədbirdə çıxış edən professor Rəşid Əliyev alimin elmi və pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, alimin elmi əsərləri əsasən birölçülü və çoxölçülü sinqulyar inteqralların təqribi hesablanmasına və müxtəlif nüvəli xətti və qeyri-xətti sinqulyar inteqral tənliklərin konstruktiv həllərinin qurulmasına həsr olunmuşdur. Onun elmi tədqiqatlarını şərti olaraq üç qrupa bölünüb. Birinci qrupa müxtəlif inteqrallama əyrilərinə və oblastlarına malik fərqli nüvəli sinqulyar inteqralların təqribi hesablanması üçün kvadratur və kubatur düsturları və onların xətalarının hesablanmasını aid edə bilərik. İkinci qrupa Koşi və Hilbert nüvəli xətti sinqulyar inteqral tənliklərin təqribi həlli üçün qurulmuş müxtəlif konstruktiv üsulları və onların əsaslandırılmasını aid etmək olar. Üçüncü qrupa isə müxtəlif mexanika məsələlərinin həlli zamanı yaranan qeyri-xətti sinqulyar inteqrallara aid tədqiqatlar daxildir.
Bildirilib ki, professor Binəli Musayev nüfuzlu riyaziyyatçı olmaqla yanaşı, həm də böyük müəllim idi. O, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Türkiyə Cümhuriyyəti Dumlupınar Universitetində uzun illər riyazi analiz, funksional analiz fənləri və bir çox ixtisas kursları üzrə çox yüksək səviyyədə mühazirələr oxumuşdur. Onun mühazirələri bir nəsil Azərbaycan və türk riyaziyyatçılarının formalaşmasında mühüm rol oynamışdır.
Qeyd edib ki,alimin rəhbərliyi ilə 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmiş, onlardan üçü sonralar elmlər doktoru elmi dərəcəsi almışdır. Binəli müəllim 100-dən artıq elmi əsərin müəllifidir.
Digər çıxış edənlər Binəli Musayevlə bağlı xatirələrini bölüşüb, onun dost, ziyalı kimi yüksək mənəvi keyfiyyətlərindən danışıblar.
Sonda alimin oğlu İsa Musayev çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.