Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Tarixi yaddaşımızın bərpasında böyük xidmətləri olan görkəmli alim
13.02.2025 16:32
  • A-
  • A
  • A+

Tarixi yaddaşımızın bərpasında böyük xidmətləri olan görkəmli alim

"…Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söylədiyi bu fikirləri indi hər bir Azərbaycan vətəndaşının qan yaddaşına çevrilmiş, vaxtilə Qərbi Azərbaycandan deportasiya edilən yüz minlərlə soydaşımızın tezliklə tarixi torpaqlarına qovuşacağı günlərin ümid qığılcımına çevrilmişdir.

Həmin nitqində dövlətimizin başçısı qeyd etmişdir ki, bizi Qarabağa, Zəngilana qaytaran tarixi yaddaşımızdır. Bu mənada Azərbaycan xalqı gələcək məqsədlərinə nail olmaq üçün mütləq indiki mərhələdə öz tarixi yaddaşını yeniləməlidir, milli yaddaşını bütövləşdirməlidir. Bu isə hazırda Azərbaycanın siyasi sərhədlərindən kənarda qalan böyük etnosiyasi coğrafiyamızdakı tarixi yaddaşımızın bərpasından keçir. Bu, bir millətin öz hədəflərinə yönəlməsi üçün vacib şərtdir. Ona görə də milli, tarixi yaddaşımızın böyük bir hissəsi Qərbi Azərbaycanla bağlıdır.

Çox məşhur bir deyim var: "Keçmişini unudan xalq gələcəyini qura bilməz!" Bu müdrik fikir təsadüfən yaranmayıb.

İllərdir Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun rəhbərliyi və birbaşa iştirakı ilə milli tariximizin yenidən yazılması, Azərbaycanın bugünkü siyasi sərhədlərindən kənarda qalan böyük etnosiyasi coğrafiyasındakı tarixi yaddaşımızın bərpası üçün çox mühüm elmi tədqiqatlar işıq üzü görmüş və hazırda da davam etməkdədir.

Bu istiqamətdə görülən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirdikləri soyqırımı" və "Azərbaycan tarixi ilk mənbələrdə" adlı elmi istiqamətlər taleyüklü məsələlərin həllində dövlət siyasətinə dəstək olmuş, Vətən tarixşünaslığına mühüm töhfələrini vermişdir.

Yaqub Mahmudovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2009-2019-cu illərdə AMEA-nın Tarix İnstitutunda (hazırda Tarix və Etnologiya İnstitutu) "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsi həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qiymətli sənədlər respublikamıza gətirilmişdir. Əsas hədəf ölkəmizin müxtəlif dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması idi.

Bu araşdırmaların nəticəsi kimi Azərbaycanın bugünkü siyasi sərhədlərindən kənarda qalan Qərbi Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqatlar işıq üzü gördü.

İlkin olaraq, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazidə 1828-ci il Rusiya işğalına qədər mövcud olmuş Azərbaycan dövlətinin - İrəvan xanlığının (1747-1828-ci illər) tarixi ilə bağlı fundamental əsər işıq üzü gördü (İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2009/2010.). Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutunun hazırladığı fundamental elmi əsərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox yüksək dəyərləndirilmiş və onun 2012-ci il 25 may tarixli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı fəxri adı verilmişdir.

İrəvan xanlığının tarixi ilə bağlı olan bu əsər qısa müddətdə ingilis və rus dillərinə, daha sonra isə dünyanın müxtəlif dillərinə tərcümə olundu. Bu tədqiqat əsəri sübut etdi ki, Qərbi Azərbaycan torpaqları (Çuxursəd-İrəvan bölgəsi) hər zaman Azərbaycan dövlətlərinin - Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Nadir şah imperiyalarının ayrılmaz tərkib hissəsi olmuşdur. Çuxursəd (İrəvan) bəylərbəyliyini və İrəvan xanlığını uzun dövr ərzində Azərbaycanın məşhur Rumlu, Ustaclı və Qacarlar tayfasının görkəmli nümayəndələri idarə etmişlər.

XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahiblərinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi.

Erməni vandalları keçmiş İrəvan xanlığının ərazisində, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, türbəni, qəbiristanlığı, çoxsaylı tarixi abidəni yerlə yeksan etmişlər.

İrəvan xanlığının ərazisində, tarix boyu Azərbaycan xalqına məxsus çoxlu yaşayış məskəni - kənd, şəhər salınmış, minlərlə tarixi abidə - qala, məscid, minarə ucaldılmış, karvansara, hamam inşa olunmuşdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 iyul 2014-cü ildə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində demişdir: "Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır".

Dövlət başçısının tövsiyəsi və göstərişi ilə 2015-2020-ci illərdə akademik Yaqub Mahmudovun rəhbərliyi ilə İrəvan xanlığının tarixi ilə bağlı illüstrasiya materialları ilə zəngin broşürlər ("İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri", "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası", "Çuxursəd hakimləri və İrəvan xanları", "İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri", "Erməni vandallarının yox etdiyi İrəvan qalaları", "İrəvan xanlığının mahalları", "İrəvan xanlığının əhalisi" və s. Bütün broşürlərin ideya müəllifi və ön sözü Yaqub Mahmudova aiddir. Müəlliflər isə, Güntəkin Nəcəfli, İradə Məmmədova və Nazim Mustafadır) hazırlanaraq dünyanın müxtəlif dillərinə tərcümə edildi.

Həmin broşürlərdə İrəvan şəhərindəki çoxsaylı məscid - Göy məscid, yaxud Hüseynəli xan məscidi, Sərdar, yaxud Abbas Mirzə, Şah Abbas, Təpəbaşı, Zal xan, Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnamverdi və digər məscidlər haqqında tarixi həqiqətlər ortaya qoyulmuş, Qərbi Avropa səyyah və tədqiqatçılarının, Rusiya hərbçiləri və ermənidilli materialların İrəvan qalası, Xan sarayı, onun Güzgülü salonu, Yay köşkü, karvansaralar, hovuz və hamamlar haqqındakı fikirləri, eləcə də illüstrasiyalar yer almışdır və bölgənin demoqrafik tarixi ilə bağlı ilkin qaynaqlara əsaslanan faktlar təqdim edilmişdir.

Daha sonra İrəvan (Çuxursəd) bölgəsinin XV-XVIII əsrin ilk rübü tarixini əks etdirən Osmanlı qaynaqları tədqiqata cəlb edildi (bax: 1727-ci il tarixli Rəvan livası müfəssəl təhrir dəftəri. Transliterasiya, tərcümə, qeydlər, giriş, terminoloji lüğət Fərəh Hüseyn tərəfindən hazırlanmışdır. Bakı, 2021). Osmanlı dövlətinin məmurları tərəfindən 1725-1727-ci illərdə İrəvan (Çuxursəd) bölgəsində aparılan siyahıyaalmanın nəticəsində Qərbi Azərbaycan torpaqlarında mövcud olmuş yüzlərlə yaşayış məskəninin demək olar ki, hamısının qədim türk mənşəli adlar olduğu ortaya qoyuldu.

Bunların xeylisi coğrafi relyefi və təbii şəraiti əks etdirən oykonimlər (Ağcaqışlaq, Böyrüdəlik, Çatqıran, Daşqışlaq, Dərəçiçək, Dərəkəndi, Yelqovan, Əyribucaq, Gözəldərə, Kömürlüdərə, Palçıqlı, Qaraqışlaq, Qaranlıqdərə, Qoşayataq, Qoyludüz, Düzkəndi, Quruboğaz, Şirqışlağı, Uludüz, Uzun-qışlaq, Uzunoba və s.); orooykonimlər (Göydaş, Kəlbqaya, Qaraburun, Qaratəpə, Qayaqtəpə, Qızılburun, Sarıqaya, Şişqaya, Şiştəpə, Uğurdaş, Üçtəpə, Yumrudaş və s.); hidrooykonimlər: (Acıgöl, Acıkəhriz, Şaharxı, Xatunkəhrizi, Ağbulaq, Böyük Gölkənd, Damcılı, Daşbulaq, Əmirbulaq, Göybulaq, Gözlübulaq, Güllübulaq, Hacıbulaq, Kiçik Gölkənd, Küsəyənbulaq, Qarabulaq, Qırxbulaq, Qoturbulaq, Təkyəbulaq, Yaşbulaq, Kükürdlübulaq və s.); zooykonimlər (Camışlı, Maral, Öküzlü, Arslanlıdərə, Qurbağalı, Keçili və s.); fitooykonimlər (Almalı, Armudlu Bağcacıq, Çiçək, Çiydəmli, İydəli, Qamışlı, Lalə, Palıdlı, Söyüdlü və s.) qrupları üzrə təsnif edilmişdir.

Qərbi Azərbaycana məxsus toponimik korpusun böyük qrupunu türk mənşəli etnooykonimlər təşkil edir. Şürəgəl livasında Gümri, Gərbi nahiyəsində Aqsaqlu, Abaran nahiyəsində Abaran və Yuxarı Abaran kəndləri, Qırxbulaq nahiyəsində Qızılqala nəzdindəki Abdallar məzrəəsi və Garni nahiyəsində Abdallar və Yuxarı Abdallar kəndləri, Şərur və Garni nahiyələrində Quşçı adlı kəndlər, İğdır nahiyəsində Qaraçullu, Sürməli nahiyəsində Tərnəvit, Gərbi nahiyəsində və Şürəgəl livasında Kötəkli, Göyərçinli adlı kəndlər, Qırxbulaq nahiyəsində Kəngərə, Şürəgəl livasında Qıpçaq, Dərəçiçək nahiyəsində Toqluca, İğdır nahiyəsində Qazancı, Şərurda Qazancılı və sair müxtəlif türk boy və əşirətlərinin adlarını özündə əks etdirir. Bir qrup onomastik material isə sırf Oğuz boylarının adları ilə bağlıdır: Şürəgəl livasında Avşar kəndi və məzrəəsi və Vedi nahiyəsində Kəlvan Avşar, Şərur nahiyəsində Bəydili, Aşağı və Yuxarı Qarqın, İğdır nahiyəsində eyni adlı İğdır, Şürəgəl livasında Eymürlərə aid Eymirxanlı, Sürməli nahiyəsində Çəpni, Aralıq nahiyəsində Quzugüdənli kəndləri və s. İnəkli, Yılanlı/İlanlı, Yeni Ördəkli və Köhnə Ördəkli kəndlərinin adı da ilk baxışda zoomorf səciyyə daşıdıqları kimi görünsələr də, əslində, Oğuz boylarının adları ilə bağlı olduqları tədqiqatçılar tərəfindən müəyyən edilmişdir. Təhrir dəftərinin etnotoponomik materialı arasında ən böyük qrup Türkman əşirətlərinin adı ilə bağlıdır: Avcı (Evci), Bayburd, Bozdoğan, Çıraqlı, Dəvəli, Ərəbgirli, Hacılı, Kösələr, Qacarbəyli, Qaraqoyunlu, Quzugüdənli, Muğanlı, Reyhanlı, Sabunculu, Sofular və sair.

Türk mənşəli toponimlərin bir qrupunu da patronim və antroponim tərkibli yer adları təşkil edir. Məsələn: Abbas kəndi, Ağ Əhməd kəndi, Bədirxan məzrəəsi, Bəhlul kəndi, Canibəy kəndi, Dədəqulu kəndi, Əli kəndi, Əli kiçik kəndi, Gül Əbdi kəndi, Gül Əli kəndi, Hacı Bayram kəndi, Hacı İlyas kəndi, Hacı Hüdaverd kəndi, Hacı Nəzərqulu kəndi, Hacı Ustad kəndi, Hatəm kəndi, Hüdaverdi qışlağı, Hürrəmabad kəndi, Kamal kəndi, Kürd Əli kəndi, Qara Qubad məzrəəsi, Qara Murad kəndi, Qatır Əmircan məzrəəsi, Qazı Yaqub kəndi, Qul Əli kəndi, Qulu Dərviş kəndi, Qun Hacı yaylağı, Məcəddin kəndi, Məhəmməd Əli kəndi, Məlikkənd, Mənsur kəndi, Mirzəbəyqışlağı kəndi, Molla Bəyazid kəndi, Molla Dursun kəndi, Molla Əbdi kəndi, Molla Hacı kəndi, Molla Qasım kəndi, Mövcud Əli məzrəəsi, Muradabad kəndi, Musa Hacılı kəndi, Nəzər Əli kəndi, Osmancıq məzrəəsi, Sam dərviş kəndi, Sarı Abdal məzrəəsi, Şah Nəzər kəndi, Şeyx Hacı kəndi, Şeyx Həsən kəndi, Şeyx Həsən məzrəəsi, Şeyx Kəlvar kəndi, Şəhriyar kəndi, Şihab kəndi və sair.

Bu fundamental tədqiqat əsəri Qərbi Azərbaycanda olan bütün maddi-mənəvi tariximizi, İrəvan şəhərinin bütün məhəllələri, bölgənin demoqrafik tarixi ilə bağlı həqiqətləri, onomastik materialların bütünlüklə Azərbaycan xalqına məxsus olduğunu sübuta yetirməklə ermənilərin bölgənin aborigen əhalisi olması kimi saxta iddiaları ifşa edir.

Yorulmaq, tükənmək bilməyən Yaqub müəllim gənc nəslin vətənpərvər ruhda yetişməsi, onlara dövlətçilik ideyasının təbliği üçün də əlindən gələni əsirgəmir. Yeni nəslin Azərbaycanın hazırda Ermənistan ərazisində qalan tarixi torpaqları haqqında əsaslı, elmi bilgilərə yiyələnməsi, maariflənməsi üçün səylə çalışır. Onun "Qalib xalq adını özümüzə qaytaran böyük tarixi Qələbə" adlı layihə çərçivəsində eyniadlı əsəri və Bakının müxtəlif təhsil müəssisələrində keçirdiyi görüşləri bunu tam açıqlığı ilə sübut edir.

Həmin görüşlərində müəllim və şagirdlərin çoxlu sualını cavablandıran Yaqub müəllim onu da qeyd edir ki, "Qarabağ Zəfəri 1813-cü və 1828-ci il faciələrindən sonra Azərbaycan xalqının müharibə meydanında qazandığı ən böyük tarixi nailiyyətdir: Bu Zəfərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni işğalının uzun sürməyəcəyini dönə-dönə vurğulayırdı. Hər şeyin zamana ehtiyacı olduğunu bildirirdi. Bir vətəndaş olaraq, tariximizin tədqiqatçılarından biri kimi bu gün mən özümü çox xoşbəxt hesab edirəm. Çox ağır bir problemi biz gələcək nəsillərə "yadigar" qoymadıq. Dünyanın böyük imperiyalar yaradan, yadelliləri dəfələrlə ağır məğlubiyyətə uğradan xalq kimi biz şərəfli tarixi adımızı - qalib xalq adımızı özümüzə qaytardıq! Bütün tariximiz ərzində erməni faşizminə ən sarsıdıcı zərbə olan böyük tarixi qələbəmizin ən mühüm tarixi əhəmiyyəti də bax budur!"

Bütün bu fundamental araşdırmalar, Azərbaycanın bugünkü siyasi sərhədlərindən kənarda qalan itirilmiş torpaqlarımızın araşdırılması prosesi Ulu Öndərin və ölkə Prezidentinin çağırış, tövsiyə və tapşırığı ilə bilavasitə Yaqub Mahmudovun layihələri və ideyaları əsasında həyata keçirilmişdir. Qərbi Azərbaycan tarixi haqqında həqiqətlərin araşdırılması və təbliği bu gün ən prioritet məsələdir. Akademik Yaqub Mahmudovun bu istiqamətdə gördüyü işlər illər öncə başlamışdır və tarixi yaddaşımızın bərpası istiqamətində elmi araşdırmalar hazırda da davam etməkdədir.

Güntəkin NƏCƏFLİ, Tarix elmləri doktoru,  Dövlət mükafatı laureatı

“Azərbaycan” qəzeti

  • Paylaş: