Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

13.02.2025 16:45
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Süleyman Dəmirəl Universitetinin rektoru ilə görüşüb

Akademik İsa Həbibbəyli Süleyman Dəmirəl Universitetinin rektoru ilə görüşüb

Fevralın 13-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi köklərə söykənən Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin əvəzedilməz olduğunu, bu əlaqələrin daha da möhkəmlənməsi üçün bütün sahələrdə mühüm addımların atıldığını bildirib.

Azərbaycan-Türkiyə münasibətlərinin müasir dövrdəki təməllərinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı üzərində qurulduğunu deyən akademik İsa Həbibbəyli ikitərəfli əlaqələrimizin möhkəmlənməsində qardaş ölkənin 9-cu Prezidenti Süleyman Dəmirəlin də mühüm tarixi xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyevin və Süleyman Dəmirəlin dostluğu sayəsində Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində Ümid körpüsünün istifadəyə verilməsilə Naxçıvan Muxtar Respublikası blokada şəraitindən xilas olub, iqtisadi həyat yenidən canlanıb.

Ölkə rəhbərlərimizin dostluq ənənələrinin bu gün Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında davam etdirildiyini bildirən akademik İsa Həbibbəyli bu münasibətlərin digər sahələrdə olduğu kimi, elmdə də geniş meydanlar açdığını diqqətə çatdırıb. Qeyd edib ki, Milli Elmlər Akademiyası Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türkiyə Elmlər Akademiyası (TÜBA), Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) kimi aparıcı qurumları, eləcə də 100-dən artıq universiteti ilə əməkdaşlıq edir.

Süleyman Dəmirəlin adını daşıyan universitetlə əməkdaşlığın Akademiya üçün şərəf olduğunu deyən akademik İsa Həbibbəyli görkəmli siyasətçinin 1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçildiyini də qonaqlara bildirib.

Akademik İsa Həbibbəyli AMEA-nın və Türkiyənin Burdur Mehmet Akif Ersoy Universitetinin birgə təşkilatçılığı ilə Məhməd Akif Ərsoya həsr olunmuş tədbirin keçilməsinin nəzərdə tutulduğunu deyib və Süleyman Dəmirəl Universitetinin də təşkilatçılar sırasında yer almasına münasibətini bildirib.

Görüşdə həmçinin 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsinin 100-cü ildönümü münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə də danışılb.

Daha sonra çıxış edən Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan Isparta şəhərində yerləşən ali təhsil ocağının tarixi və burada aparılan elmi tədqiqatlar barədə məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq etməkdən məmnunluq duyacaqlarını bildirən Mehmet Saltan hazırda universitetdə 328 azərbaycanlı tələbənin təhsil aldığını və qurumun müəllimləri sırasında həmyerlilərimizin də olduğunu söyləyib. Qeyd edib ki, hazırda universitetdə 14 fakültə fəaliyyət göstərir və tarix, ədəbiyyat, arxeologiya, dilçilik və s. kimi 11 bölməni əhatə edən İnsan və Toplum Bilimləri fakültəsində həyata keçirilən tədqiqatlarla Akademiyanın geniş əməkdaşlıq imkanları mövcuddur.

Görüş çərçivəsində, o cümlədən mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin elmi nəşrlərin mübadiləsinin zəruriliyi bildirilib.

Görüşdə Süleyman Dəmirəl Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru dos., Dr. İbrahim Kubilay və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistika şöbəsinin müdiri filologiya elmləri doktoru Sevinc Əliyeva da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: