Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mətnlərin müəlliflərini tanıyan kompüter sistemi üçün proqram təminatı işlənib
18.02.2025 14:12
  • A-
  • A
  • A+

Mətnlərin müəlliflərini tanıyan kompüter sistemi üçün proqram təminatı işlənib

Müasir dövrdə təbii dildə yazılmış mətnlərin emalı ilə bağlı tədqiqatların sayının artması sözügedən sahədə aktual problemlərin öz həllini tapmasına rəvac verir. Bu istiqamətlərdən biri də mətnlərin kateqoriyalara ayrılmasıdır. Mətnlər mövzu, sentimentallıq və yazı tərzinə görə müxtəlif kateqoriyalara bölünə bilər. Yazı tərzlərinə görə mətnlərin kateqoriyalara bölünməsi sənəd janrlarının identifikasiyası və mətnlərin müəlliflərinin tanınması üçün geniş istifadə olunur. Mətnlərin müəlliflərinin tanınması müəlliflərin mətnlərdəki yazı tərzlərinin – yazı stilistikalarının kəmiyyət analizi əsasında aparılır.

Dünya miqyasında aparılan bu tədqiqatlara Azərbaycanın müxtəlif elmi qurumları, o cümlədən AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri öz töhfələrini verir. İnstitutda 2024-cü il üzrə alınan mühüm elmi nəticələrindən biri də AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadənin rəhbərliyi altında “Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları” laboratoriyasının əməkdaşları elmi işçi Rüstəm Əzimov, t.ü.f.d., dosent Elşən Mustafayev və mühəndis-proqramçı Sona Rzayeva tərəfindən icra olunan “Mətnlərin müəllifliyini tanıyan kompüter sistemi üçün maşın öyrənmənin müxtəlif üsulları – süni neyron şəbəkələr, dayaq vektorlar üsulundan istifadə edən riyazi modellər əsasında proqram təminatının işlənməsi” olmuşdur. Tədqiqatın əsas məqsədi Azərbaycan dilindəki mətnlərin müəlliflərinin tanınması məsələlərinin tədqiqi, həll alqoritmlərinin və kompüter sisteminin işlənilməsidir.

Mətnlərin müəlliflik analizi anonim və ya müəllifi mübahisəli bədii əsərin müəllifinin (xüsusilə, müəllif hüquqları ilə bağlı məhkəmə istintaqlarında), intihar məktublarının həqiqiliyinin yoxlanışında, kəşfiyyatda (məsələn, anonim ismarış və ya bəyanatların məlum bir şəxs tərəfindən yazılıb-yazılmadığının təyinində), zərərli kompüter proqramlarının (məsələn, kompüter virusları) müəllifinin müəyyən edilməsində, internetdəki bəzi mətnlərin (email məktubları, bloq yazıları, onlayn forum səhifələrindəki mətnlər) müəlliflərinin təyinində geniş istifadə olunur.

Tədqiqatda süni neyron şəbəkələrin struktur və parametrik identifikasiyası üçün istifadə olunmuş proqram modulları və alınmış nəticələr Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindəki “Formaların tanıma sistemi” tətbiqi proqram paketinin təkmilləşdirilməsində istifadə olunmuşdur. İşin nəticələri Web of Science bazasına daxil olan 2 impakt faktorlu jurnalda və Scopus bazasına daxil olan 3 jurnalda çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: