Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2025 12:36
  • A-
  • A
  • A+

Görkəmli alim Qabil Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Görkəmli alim Qabil Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim fizika-riyaziyyat elmləri doktoru, professor. Qabil Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil edilib.

Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq alimin mənalı həyat yolundan geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Professor Misir Mərdanov qeyd edib ki, riyaziyyatçı alim Qabil Əliyevin Riyaziyyat və Mexanika İnstitutunun inkişafı tarixində müstəsna xidmətləri olub. Həmçinin professor Qabil Əliyevin riyaziyyat elminin inkişafına verdiyi böyük töhfələri vurğulayıb. Alimin yüksək intellekti, zəngin mənəviyyatı, təmkinli və müdrik ziyalı xüsusiyyətlərinə xüsusi diqqət çəkib.

Sonra Deformasiya olunan bərk cisim mexanikası şöbəsinin müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Lətif Talıblı “Qabil Əliyevin həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA Riyaziyyat və Mexanika institutunun aspirantı olmuşdur, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında “Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей” mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1967-1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə “Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение” mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir.

Diqqətə çatdırılıb ki, professor Qabil Əliyev 2010–cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri fərmanı, 1984-cü ildə SSRİ ixtiraçısı Fəxri döş nişanı, 2002-ci ildə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezerin təşəkkürü, 2013-cü ildə Avropa nəşr Mətbu Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı Alim” qızıl medalı ilə təltif olunub, 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının müxbir üzvü seçilmişdir, həmçinin 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının Böyük Pyotr ordeni ilə də təltif olunub. 2017-ci ildə KİV Həmkarlar İttifaqı tərəfindən “İlin alimi” medalı ilə təltif olunub. Professor Qabil Əliyev 17 patent və 150-dən çox elmi məqalənin müəllifi olub.

Qeyd olunub ki, alim elmi-pedaqoji fəaliyyətini yorulmadan davam etdirib.Qabil Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədr müavini, RMİ-nin nəzdindəki doktorluq dissertasiya şurasının üzvüdür.

Digər çıxış edənlər də alimin gənclərin elmə cəlb olunmasında, istedadlı kadr kimi yetişdirilməsində misilsiz xidmətlərindən və zəngin elmi məktəbindən söz açıblar.

Sonda professor Qabil Əliyev ona göstərdiyi diqqətə görə Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: