Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

AMEA rəhbəri: Akademiyanın 80 illik yubileyini Azərbaycan elminin hesabatı kimi dəyərləndiririk
07.03.2025 11:25
  • A-
  • A
  • A+

AMEA rəhbəri: Akademiyanın 80 illik yubileyini Azərbaycan elminin hesabatı kimi dəyərləndiririk

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində onun indiyədək qazandığı nailiyyətlərdən və qarşısında duran vəzifələrdən danışarkən ilk növbədə bu elm məbədinin tarixinə nəzər salmaq məqsədəuyğun olar.

Bu barədə AzərTac-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli söyləyib.

1923-1945-ci illər və ya Akademiyanın yaranması üçün hazırlıq dövrü

AMEA prezidenti diqqətə çatdırıb ki, akademiyanın təməli əslində 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin qurulması ilə qoyulub: “Bu, Azərbaycanda ilk elm yönümlü akademik qurum kimi tarixə daxil olub. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu adlandırılıb və elmin təşkilatlanması üzrə qısa müddət ərzində müəyyən işlər görüb.

Lakin sistemli halda Azərbaycanda akademik qurumların fəaliyyəti 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin yaradılması ilə başlanıb. Bundan sonra Azərbaycan şöbəsinin tərkibində elmi istiqamətlər üzrə sektorlar yaradılıb, sonra onlar institutlara çevrilib. 1935-ci ildən isə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi müstəqil filial kimi fəaliyyətini davam etdirib. Nəticədə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı bilavasitə mərkəzlə əlaqəli şəkildə elmi müəssisələr açıb, böyük layihələr həyata keçirmək imkanı qazanıb. Hesab edirəm ki, Zaqafqaziya filialının Azərbaycan şöbəsi, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı ölkəmizdə müstəqil akademiyanın yaranması üçün hazırlıq dövrü idi. Həmin dövrdə Azərbaycanda müxtəlif elm sahələri üzrə alimlər yetişib, institutlar formalaşıb, elmi nəşrlər ərsəyə gətirilib. Bütün bunların əsasında 1945-ci il martın 27-də Azərbaycan filialının bazasında Azərbaycan SSR Elmlər Akademiyası təsis edilib. Akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımov, vitse-prezidentləri akademiklər Şamil Əzizbəyov və Heydər Hüseynov, akademik-katibi isə akademik Mirəli Qaşqay olub. Martın 31-də akademiyanın birinci Ümumi yığıncağında rəhbər orqanların seçilməsi ilə yanaşı, ilk Nizamnaməsi də təsdiq olunub. Beləliklə, akademiya fəaliyyətə başlayıb”.

Akademiyanın intibah dövrü və Azərbaycanda elmi məktəblərin formalaşması

AMEA rəhbəri vurğulayıb ki, Azərbaycanda milli təfəkkürün formalaşmasında, azərbaycançılıq ideyalarının yaranmasında, inkişafında, təbliğində, milli-mənəvi dəyərlərin elmi əsaslarının işlənib-hazırlanmasında akademiya həmişə bir mərkəz rolunu oynayıb.

“Hətta sovet dövründə ümummilli və dövlətçilik ideyaları, istiqlalçılıq fikirləri akademiyanın institutlarında yetişib formalaşıb. Bu mənada akademiya Azərbaycan xalqının milli istiqlala hazırlanmasında özünəməxsus rol oynayıb. Bu, akademiyanın ən böyük xidmətlərindən biridir.

“Akademiyanın fəaliyyətinin intibah dövrü Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərə aiddir. Həmin dövrdə Azərbaycanda bir sıra elmi məktəblər formalaşmışdı”, - deyə vurğulayan akademik İsa Həbibbəyli bu baxımdan respublikamızda fizika, kimya, riyaziyyat kimi fundamental elm sahələrində, eləcə də ədəbiyyatşünaslıq, dilçilik, şərqşünaslıq, türkologiya üzrə məktəblərin keçmiş İttifaq miqyasında böyük nüfuza malik olduğunu deyib. Bu məktəblərin formalaşmasında akademiklər Yusif Məmmədəliyevin, Həsən Abdullayevin, Zahid Xəlilovun, Məmməd Arif Dadaşzadənin, Məmməd Cəfər Cəfərovun, Ziya Bünyadovun, Məmmədağa Şirəliyevin və başqa alimlərin fəaliyyətini vurğulayıb, fundamental əsərlərin yaradıldığını qeyd edib: “Azərbaycanda elmi məktəblərin formalaşması və inkişafı da Azərbaycan Elmlər Akademiyasının 80 ildəki ən böyük nailiyyətlərindən biridir. Bu məktəblərin ənənələri indi də davam və inkişaf etdirilir”.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycanın təbii sərvətlərinin üzə çıxarılması, onlardan istifadənin elmi əsaslarının yaradılması da akademiyanın nailiyyətləri sırasındadır. Neft sənayesinin inkişafı, ümumilikdə respublikanın iqtisadi inkişafının elmi-nəzəri əsasları akademiyanın alimləri tərəfindən hələ sovet dövründə formalaşdırılıb: “Beləliklə, Azərbaycan Elmlər Akademiyasının xidmətləri sırasında elmi məktəblərin yaranması, milli istiqlalçılıq, azərbaycançılıq təfəkkürünün formalaşması aparıcı yer tutur”.

AMEA prezidenti yeni nəsil elmi kadrların hazırlanmasında da akademiyanın mühüm roluna diqqət çəkib. “Əgər 80 ildən danışırıqsa, biz artıq bir neçə nəsil akademiklərin, müxbir üzvlərin akademiya zəminində yetişdiyini görürük. Biz indi akademiyanın həqiqi və müxbir üzvlərindən ibarət “Simalar” kitabını çapa hazırlayırıq. Orada Azərbaycan Elmlər Akademiyasına 1945-ci ildən bu günə qədər həqiqi və müxbir üzv seçilmiş 427 nəfər görkəmli alim haqqında ensiklopedik məlumatlar yer alıb. Görkəmli alimlərimiz elmin bütün sahələrini əhatə ediblər. Beləliklə, Azərbaycan Elmlər Akademiyası cəmiyyətimizə alimlər ordusu bəxş edib. Bu, Azərbaycanın intellektual potensialının nüvəsini təşkil edir. Bu gün akademiyanın həqiqi və müxbir üzvləri ölkəmizin ali təhsil sistemində, dövlət idarələrində, müxtəlif elmi təşkilatlarda, AMEA-nın institutlarında çalışır, Azərbaycan elminin estafetini qoruyur, möhkəmləndirir və inkişaf etdirirlər. Fikrimizcə, bu da akademiyanın 80 illik yolunun bir möhtəşəm hesabatıdır”.

Akademik İsa Həbibbəyli Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat institutlarının hazırkı strukturunun, idarə edilməsinin əsasında 80 illik təcrübənin dayandığını, bu sahədə işlək bir mexanizmin formalaşdığnı vurğulayıb.

Nizamnamələr Akademiyanın inkişaf mərhələlərinin güzgüsü kimi

AMEA rəhbərinin fikrincə, akademiyanın Nizamnaməsi onun inkişafında əsas istiqamətverici sənədlərdən biridir: “Akademiyanın müxtəlif dövrlərdə hazırlanmış nizamnamələri həmin dövrdə elmi fikri, elmi tədqiqatları irəli aparmağa, cəmiyyətin inkişafına doğru istiqamətləndirməyə xidmət edib. Əlbəttə ki, həmin dövrün özünəməxsus xüsusiyyətlərini də özündə əks etdirib. Məsələn, 1945-1950-ci illərə aid Nizamnamədə Stalin dövrünün əlamətlərini müşahidə edirik. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə hazırlanmış Nizamnamədə akademiyanın daha çox müttəfiq respublikanın inkişaf strategiyasına, onun prinsiplərinə uyğun tələblərə cavab verməsi, Azərbaycan elminin meridianlarının genişləndirilməsi öz əksini tapıb. Nizamnamələr sanki akademiyanın inkişaf mərhələlərinin güzgüsüdür. Bu mənada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi Nizamnamə akademiyaya milli statusun verilməsi ilə əlamətdardır və bu da Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyasına milli status verilməsi konkret olaraq müstəqil dövlətin maraqlarına, Azərbaycan xalqının milli mənafeyinə uyğun elmi tədqiqatlar aparılması deməkdir.

Prezident İlham Əliyevin 2014-cü və 2023-cü illərdə təsdiq etdiyi akademiyanın nizamnamələri dövlət müstəqilliyinin müasir mərhələsinin tələblərinə cavab verən tədqiqatların aparılmasını, elmi fəaliyyətin təşkilinin modernləşdirilməsini təmin etməyə şərait yaradır. Prezidentin rəhbərliyi ilə 21 ildən artıq dövrdə Azərbaycanda keçilən böyük inkişaf yolu, əldə edilən zəngin təcrübə, xüsusən Azərbaycan cəmiyyətinin modernləşməsi, yeni texnologiyaların tətbiqi elmdə də ən müasir tələblərə cavab verən bir modelin, mexanizmin müəyyən edilməsini tələb edir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Prezident İlham Əliyevin təsdiq etdiyi İnkişaf Strategiyasından və müəyyən etdiyi Milli Prioritetlərdən irəli gələn vəzifələri əsas götürərək öz fəaliyyətini yenidən qurur. Bu gün Milli Elmlər Akademiyası müstəqil dövlətimizin ideallarına, dövlətçilik mənafeyinə və Azərbaycan xalqının milli maraqlarına xidmət edən bir akademiyaya çevrilmək, onun əsas istiqamətlərinin qurulması və inkişaf etdirilməsi proseslərini yaşayır.

Akademiyanın yeni dövrünün reallıqları

AMEA rəhbərinin sözlərinə görə, Milli Elmlər Akademiyası həm də bəşəri elmin Azərbaycanda bir səlahiyyətli nümayəndəsidir: “Dünya elmində ən yaxşı təcrübələri öyrənmək, onları akademiyaya gətirmək, ölkəmizin mənafeyinə uyğunlaşdırmaq da bizin borcumuzdur. Bu istiqamətdə böyük iş gedir. Təsadüfi deyil ki, 2023-cü ildən bəri AMEA Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası kimi dünyanın ən nüfuzlu akademik qurumlarının üzvü seçilib: “Beləliklə, biz Qərb elmi təcrübələrindən, həm də Asiya modelindən yaradıcı şəkildə öyrənmək, təhlil etmək, ölkəmizin mənafeyinə xidmət edən təcrübələri və elmi ideyaları Milli Elmlər Akademiyasına gətirmək və inkişaf etdirmək imkanı qazanmışıq. Fikrimcə, bütün bunlar akademiyanın yeni dövrünün reallıqlarıdır.

Akademiyamızda elektron elmin inkişaf etdirilməsi sahəsində də son illərdə ciddi addımlar atılıb. Akademiyada elektron elm hərəkatı başlanıb. İlk dəfə olaraq akademiyada Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi yaradılıb. Elmi jurnallarımız Türkiyənin Ulakbim - Dərgi Park elektron şəbəkəsinə daxil edilib. Rəqəmsal inkişaf və süni intellektlə bağlı tədqiqatların aparılması genişləndirilir. Eyni zamanda, ilk dəfə olaraq akademiyamızın da Dərgi Park Elektron şəbəkəsi formalaşdırılıb. Fəlsəfə və Sosiologiya İnstitutunda İnformasiya Cəmiyyəti və Rəqəmsal inkişafın fəlsəfəsi şöbəsi yaradılıb.

Martın 27-də akademiyanın 80 yaşı tamam olur. 2025-ci ili bütövlükdə AMEA-nın yubiley ilidir. Akademiya 80 illiyini müstəqil Azərbaycan dövlətçiliyi qarşısında Azərbaycan elminin məsuliyyətli bir hesabatı kimi başa düşür. Çalışırıq ki, alimlərimiz dövlətimizin göstərdiyi böyük etimad müqabilində, dövlət siyasətinə öz dəstəyini verməklə yanaşı, həm də cəmiyyət quruculuğuna, milli-mənəvi dəyərlərimizin qorunmasına, milli mədəniyyətimizin, ədəbiyyatımızın, dilimizin inkişaf etdirilməsinə öz töhfələrini versinlər. Akademiyanın kollektivi Azərbaycan elminin ənənələrini yaşatmaq, məqsədlərini, nüfuzunu qorumaq, amma dünyada gedən çağırışlara da cavab vermək və müstəqil Azərbaycan dövlətinin milli maraqlarına uyğun şəkildə elmimizi inkişaf etdirməyi şərəfli bir vəzifə hesab edir.

Biz Akademiyanın indiki dövrünü yeniləşmə və islahatlar mərhələsi adlandırmışıq. Bu günlərdə keçirilmiş Ümumi yığıncaqda Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi müzakirə olunaraq qəbul edilib. Qarşımızda duran əsas vəzifə yeniləşmə və islahatlar dövrünün əsas istiqamətlərini və vəzifələrini müəyyən edən Yol Xəritəsini həyata keçirməkdən ibarətdir. Akademiyanın elmi kollektivi özünün 80 illiyinə yeniləşmə və islahatlar mərhələsinin qarşıya qoyduğu yeni vəzifələri həyata keçirmək əzmi ilə gedir”.

  • Paylaş: