Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Davamlı inkişafın açarı: müasir şəhərsalma və qlobal tendensiyalar
21.05.2026 16:21
  • A-
  • A
  • A+

Davamlı inkişafın açarı: müasir şəhərsalma və qlobal tendensiyalar

Şəhərsalma müasir coğrafiya, regional planlaşdırma, iqtisadi inkişaf və sosial təşkilatlanmanın ən mühüm komponentlərindən biri hesab edilir. Dünya miqyasında urbanizasiya proseslərinin sürətlənməsi şəhərlərin yalnız yaşayış məkanı deyil, həm də iqtisadi, siyasi, mədəni və texnoloji mərkəzlərə çevrilməsinə səbəb olub. Müasir şəhərsalma insanların həyat keyfiyyətinin yüksəldilməsi, davamlı inkişafın təmin olunması və ekoloji tarazlığın qorunmasını özündə birləşdirən kompleks sistem kimi qiymətləndirilir.

Bu barədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri dosent Nəriman Paşayev məlumat verib. Onun sözlərinə görə, dünyada şəhərsalma müxtəlif tarixi mərhələlərdən keçib. Qədim şəhərlər əsasən müdafiə funksiyasına malik kompakt məskənlər kimi formalaşıb, orta əsrlərdə isə ticarət yolları boyunca inkişaf edib. Sənaye inqilabından sonra iri sənaye şəhərləri yaranıb, XX əsrdə urbanizasiyanın sürətlənməsi nəticəsində meqapolislər və metropolitan bölgələr meydana çıxıb. XXI əsrdə isə “ağıllı şəhər”, “davamlı şəhər”, “yaşıl urbanizasiya” və “rəqəmsal şəhər” konsepsiyaları şəhərsalmanın əsas istiqamətlərinə çevrilib.

Tədqiqatçı bildirib ki, şəhərsalmanın əhəmiyyəti, ilk növbədə, iqtisadi inkişafla bağlıdır: “Hazırda dünya ÜDM-nin böyük hissəsi iri şəhərlərdə istehsal olunur. Şəhərsalmanın düzgün təşkili sənaye müəssisələrinin, xidmət sektorunun, nəqliyyat infrastrukturunun və logistika şəbəkələrinin səmərəli fəaliyyətinə imkan yaradır. Müasir şəhərlər innovasiya və texnologiya mərkəzləri kimi çıxış edir. Tokio, London, Nyu-York, Paris, Şanxay və Sinqapur planlı urbanizasiya, inkişaf etmiş nəqliyyat sistemi və funksional zonalaşdırma sayəsində qlobal iqtisadiyyatın əsas mərkəzləri hesab olunur”.

AzərTac

  • Paylaş: