Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.03.2025 17:54
  • A-
  • A
  • A+

AMEA-da akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan elmi sessiya keçirilib

AMEA-da akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan elmi sessiya keçirilib

Ədəbiyyatımızın Bəxtiyarı

Martın 11-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, pedaqoq və ictimai xadim, ədəbiyyatşünas alim, akademik  Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilən “Ədəbiyyatımızın Bəxtiyarı” adlı elmi sessiya keçirilib.

Tədbirdə millət vəkilləri, elm və mədəniyyət xadimləri, Ədəbiyyat İnstitutunun əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, universitet tələbələri, şairin ailə üzvləri və KİV mənsubları iştirak ediblər.

Əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin mübariz şəxsiyyəti və çoxşaxəli  yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynadığını bildirib. O, bugünkü elmi sessiyanın Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının işığında ölkə üzrə şairin yubileyinə həsr olunan ilk tədbir kimi böyük əhəmiyyət daşıdığını vurğulayıb.

AMEA rəhbəri dövlət başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil olunan tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığını müstəqillik, Azərbaycançılıq ideologiyası və istiqlal düşüncəsi nöqteyi-nəzərindən daha dərindən tədqiq etməyin vacibliyini vurğulayıb: “Bu gün biz böyük şairimizin irsini müasir reallıqlar, qazandığımız qələbə və müstəqil dövlətimizin siyasi-ideoloji düşüncəsinin müşayiəti ilə qeyd edirik”.

O, Bəxtiyar Vahabzadənin ideyaları əsasında yeni cəmiyyətin tərbiyə edilməsi, xüsusilə gənc nəslin formalaşmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, şairin yubileyinin yüksək səviyyədə təşkili müstəqillik ideallarının yeni nəsillərin düşüncəsində daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm vasitə ola bilər.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Bəxtiyar Vahabzadə istiqlal ədəbiyyatımızın bayraqdarı, Azərbaycan istiqlal hərəkatının görkəmli nümayəndəsidir. O, görkəmli şairin ölkəmizin ən ali mükafatlarından olan “İstiqlal” ordenini ilk dəfə alan 3 nəfərdən biri olduğunu diqqətə çatdırıb.

Bəxtiyar Vahabzadənin çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə XX əsr Azərbaycan ədəbiyyatının əsas yaradıcıları sırasında fərqli yer tutduğunu söyləyən AMEA rəhbəri bildirib ki, qüdrətli şair daim milli azadlıq və istiqlal eşqi ilə yaşayıb, XX əsrdə ana dilimiz haqqında ən cəsarətli şeiri yazıb. Böyük sənətkar müasir Azərbaycan poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi lirikanın gözəl nümunələrini yaradıb.

Bəxtiyar Vahabzadəni fəlsəfi və böyük vətəndaşlıq poeziyasının yaradıcısı kimi xarakterizə edən AMEA prezidenti şairin zəngin poetik söz dünyasının milli çalarlarından danışıb, ədibin fəal vətəndaşlıq mövqeyi ilə fikirlərini cəsarətlə qələmə aldığını bildirib. Vurğulayıb ki, Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatında ən fəal ziyalılardan, azadlıq mücahidlərindən olub. Şairin poeziyası milli istiqlal, azadlıq uğrunda savaş müstəvisində istiqlal, azadlıq, haqq-ədalət, mübarizə yoluna, yolçuluğuna yönələn poeziyadır.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına misilsiz töhfələr verib.  

Bəxtiyar Vahabzadənin alim kimi Azərbaycan elmi qarşısında xidmətlərindən də bəhs edən AMEA prezidenti onun Səməd Vurğunun yaradıcılığını dərindən araşdırdığını, böyük Azərbaycan şairinə həsr edilmiş ilk fundamental tədqiqat əsərlərinin müəllifi olduğunu diqqətə çatdırıb.

Çıxışının sonunda akademik İsa Həbibbəyli şairin Azərbaycan və türk dünyası üçün böyük söz adamı olduğunu, yaradıcılığının oxucular tərəfindən sevilərək oxunduğu söyləyib. O, görkəmli sənətkarın 100 illik yubileyi ilə bağlı AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində silsilə tədbirlərin keçiriləcəyini, yeni nəşrlərin hazırlanacağını bildirib.

Sonra çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev görkəmli şair Bəxtiyar Vahabzadənin Azərbaycanın və dünyanın ən qüdrətli şairləri sırasında layiqli yer tutduğunu bildirib. Bəxtiyar Vahabzadənin şəxsiyyəti barədə düşüncələrini, onunla bağlı xatirələrini bölüşən Cavanşir Feyziyev ədibin Azərbaycanla bərabər, Türk dünyasının da dərdlərini daima özünəməxsus istedad və cəsarətlə qələmə aldığını deyib.

Daha sonra şairin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Elmi sessiyada filologiya elmləri doktorları Vaqif Yusifli “Poeziyamızın Bəxtiyarı”, Elnarə Akimova “Bəxtiyar Vahabzadənin poetik məni”, Əlizadə Əsgərli “Bəxtiyar Vahabzadə yaradıcılığında insan konsepsiyası” və Esmira Fuad “Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə Bəxtiyar Vahabzadənin elmi və bədii yaradıcılığından, ictimai fəaliyyətindən geniş bəhs olunub. Bildirilib ki, sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: