Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2025 17:30
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı Sərəncamı Azərbaycan elminə verilən yüksək dəyərin ifadəsidir

Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı Sərəncamı Azərbaycan elminə verilən yüksək dəyərin ifadəsidir

Martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin xüsusi iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin xüsusi iclasının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunduğunu bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, martın 18-də ölkəmizdə İlaxır çərşənbə qeyd olunub, dövlət başçısının sözügedən Sərəncamı isə həyatını, ömrünü elmə həsr edən AMEA əməkdaşları üçün ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamın alimlərimiz tərəfindən böyük sevinc hissi və minnətdarlıq duyğusu ilə qarşılandığını deyən akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinin Azərbaycan elminə, Akademiyaya, aliminə verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, Azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də Akademiyanın bu gününə və gələcək inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir.

Akademik İsa Həbibbəyli 80 illik tarixi ərzində bu günə qədər Elmlər Akademiyasının yubileylərinin yalnız 3 dəfə qeyd edildiyini söyləyib. Bildirib ki, ilk dəfə 1975-ci il ildə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində 1975-ci ildə Akademiyanın 30 illik yubileyi qeyd olunub. Sonrakı mərhələdə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2005 və 2015-ci illərdə AMEA-nın 60 və 70 illik yubileylərinin dövlət səviyyəsində keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin 18 mart 2025-ci il tarixli Sərəncamı ilə Akademiyanın 4-cü dəfə yubiley mərasiminin keçiriləcəyini söyləyən AMEA rəhbəri 80 illik bu şərəfli yolun qeyd edilməsinin Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi bir dövrə təsadüf etməsi ilə daha əlamətdar olduğunu vurğulayıb.

Qeyd edib ki, Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin AR Elm və Təhsil Nazirliyi ilə birgə keçirilməsinin müəyyən edilməsi yeni tarixi dövrdə elm və təhsilin inteqrasiyasının daha da genişləndirilməsinə də öz töhfəsini verəcəkdir.

AMEA prezidenti bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi çərçivəsində Bakıda və AMEA-nın elmi bölmələri və mərkəzlərinin fəaliyyət göstərdiyi regionlarda, eləcə də qardaş Türkiyədə və Mərkəzi Asiya türk dövlətlərinin Elmlər Akademiyalarında tədbirlərin keçiriləcəyini, Azərbaycan elminin keçdiyi şərəfli tarixi yolun yeni nəslə və dünyaya tanıtdırılacağını söyləyib. Həmçinin yubiley çərçivəsində 20-dən çox fundamental, monoqrafik əsərlərin, biblioqrafik kitabların çap ediləcəyini, bunların içərisində Akademiyanı xarici ölkələrdə tanıtdıra biləcək kitabın, AMEA-nın keçdiyi inkişaf yolunu əks etdirəcək nəşrin də yer alacağını deyib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Akademiyanın çoxminlik kollektivi, AMEA-nın Rəyasət Heyəti və öz adından “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”kı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncam münasibətilə dövlət başçısına dərin minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyini, onun daxili və xarici siyasətini dəstəkləyəcəyini, dövlətimizin inkişafı və milli maraqlarının qorunması yolunda elmi fəaliyyətlərini inamla davam etdirəcəklərini söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamını səsləndirib.

Daha sonra dövlət başçısının Sərəncamı ətrafında AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, həmçinin akademik-katib akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı tarixi hadisədir, Azərbaycan elminə, aliminə, ölkəmizin intellektual təbəqəsinə verilən ən yüksək dəyərdir və bu sənədin Novruz bayramı və Elm günü ərəfəsində imzalanması alimlərimizin ikiqat sevincinə səbəb olub. Həmçinin vurğulanıb ki, sözügedən sənəd həyatını elmə həsr etmiş, ölkəmizdə elmi məktəblər yaratmış görkəmli alimlərimizin adı ilə bağlı olan elmi ənənələrə qayıdışa da imkan verəcəkdir. Natiqlər qeyd ediblər ki, Azərbaycan Milli Elmlər akademiyası hər zaman həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunubdur.

Bundan əlavə, çıxışlarda qeyd olunub ki, son 3 ilə yaxın dövr ərzində Akademiyada aparılan yeniləşmə və islahatlar Milli Elmlər Akademiyasının cəmiyyətdəki nüfuzunun bərpa olunmasına və elmimizin azərbaycançılıq istiqamətində inkişaf etdirilməsinə öz təsirini göstərib.

Çıxışlardan sonra AMEA-nın çoxminli kollektivi adından  Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb. Məktubu AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva səsləndirib.

Tədbirə yekun vuran akademik İsa Həbibbəyli bir daha tarixi sənədə görə dövlət başçısına Azərbaycan alimləri adından minnətdarlığını ifadə edib, Akademiya əməkdaşlarını qarşıdan gələn Novruz bayramı və 27 mart – Elm günü münasibətilə təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: