AMEA-nın yeni yaradılmış “Nafta” Elmi İstehsalat Birliyi (EİB) təsərrüfat-hesablı elmi xidmət müəssisəsi AR Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli qərarı ilə AMEA-nın strukturuna daxil edilib. AMEA Rəyasət Heyətinin iclasında “Nafta” EİB-in fəaliyyətinin təmin edilməsi üçün müəssisənin Nizamnaməsinin təsdiqi ilə bağlı qərar qəbul olunub. “Nafta” EİB təsərrüfat-hesablı elmi xidmət müəssisəsi AMEA-nın İşlər idarəsinin tabeliyinə verilib.
Digər bir qərarla kimya üzrə fəlsəfə doktoru Adəm Quluzadə “Nafta” EİB-in direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, “Nafta” Elmi İstehsalat Birliyi AMEA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat və istehsalat qurumu olan təsərrüfat-hesablı hüquqi şəxsdir və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Əsas məqsədi Respublika iqtisadiyyatının neft və neft məhsullarının ixracaatından asılılığını azaltmaq, ixrac üçün yüksək elm tutumlu məhsulların istehsalı texnologiyasının işlənməsi və həmin texnologiya əsasında məhsulların istehsalını təşkil etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.