Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2025 10:05
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu seysmologiya istiqamətində Misirin alimləri ilə əlaqələr qurur

Geologiya və Geofizika İnstitutu seysmologiya istiqamətində Misirin alimləri ilə əlaqələr qurur

Seysmologiya üzrə birgə elmi əlaqələrin genişləndirilməsi, əməkdaşlıq memorandumunun hazırlanması üzrə müzakirələrin keçirilməsi, gənc kadrların hazırlanmasında təcrübə mübadiləsinin effektiv surətdə aparılması, birgə məqalələrin çap edilməsi məqsədilə ETN Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Misir Ərəb Respublikasında elmi ezamiyyətdə olub.

Azərbaycanli alim Misirin Milli Astronomiya və Geofizika Tədqiqat İnstitutunun direktoru Prof. Dr. Taha Rabeh, direktor müavini Prof. Dr. Heşam Mosa, Misir Milli Seysmoloji Şəbəkəsinin direktoru Prof. Dr. Şerif Mohamed ilə, eləcə də, Əsvan şəhərində yerləşən Zəlzələ Tədqiqat Mərkəzinin əməkdaşları Prof. Dr. Abdelnasser Mohamed və digərləri ilə maraqlı və səmərəli görüşlər keçirib. O, GGİ-də rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti barəsində “Researches of the seismology and seismic hazard assessment department in the light of modern insights” (“Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müasir yanaşmalar işığında tədqiqatları”) adlı geniş təqdimat reallaşdırıb, əldə edilən nəticələr haqqında danışıb, Azərbaycanda seysmologiya elminin əsas prioritet istiqamətlərini diqqətə çatdırıb və şöbədə istifadə edilən üsullar barədə informasiya verib.

Qulam Babayev Misir seysmoloqları ilə gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirməklə bağlı müzakirələr aparıb. Seysmologiya sahəsi üzrə ölkələrimiz arasında elmi və texniki əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: