Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2025 17:36
  • A-
  • A
  • A+

MEK rəhbərliyi Gəncədə işgüzar səfərdə olub

MEK rəhbərliyi Gəncədə işgüzar səfərdə olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və kitabxananın Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev elmi konfranslarda iştirak etmək məqsədilə Gəncəyə işgüzar səfər ediblər.

Səfər çərçivəsində MEK-in nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə keçirilmiş “Müasir Kitabxana 5.0: universitet kitabxanalarının yeni missiyası” mövzusunda forumda iştirak ediblər. Tədbirdə ölkənin ali təhsil müəssisələrinin kitabxana rəhbərləri və müvafiq qurumların nümayəndələri də təmsil olunublar.

Forumda çıxış edən MEK direktoru Hüseyn Hüseynov tədbir iştirakçılarına AMEA prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdıraraq, müasir kitabxana konsepsiyalarının aktuallığını vurğulayıb, tədbirin elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib və forum iştirakçılarına uğurlar arzulayıb.

Tədbirin “Rəqəmsal İnkişaf və Kitabxanalar: yeni texnologiyalara inteqrasiya” mövzusuna həsr olunmuş ikinci panel sessiyasında isə MEK-in direktor müavini Oruc Quliyev rəqəmsal mühitə keçid, süni intellektin kitabxana xidmətlərində tətbiqi və istifadəçi yönümlü yanaşmalarla bağlı məruzə ilə çıxış edib.

MEK nümayəndələri səfər çərçivəsində, həmçinin Azərbaycan Texnologiya Universitetində keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: