AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev elmi yenilikləri ilə dünyaca məşhur olan optika sahəsində ixtisaslaşmış Almaniyanın qocaman Carl Zeiss şirkətinin Partnyorların distribusiyası və satış üzrə şöbəsinin başçısı, şirkətin satış üzrə vise-prezidenti Jose Novoa`nı, şirkətin Partnyorların distribusiyası və satış üzrə şöbəsinin direktoru Guido Baumhammeri, şirkətin rəsmi partnyoru AMK-nın Menecment üzrə baş direktoru Nicholas von Korffu, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Mixeil Pataridzeni və Medeks Tibb şirkətinin baş direktor müavini Cavid Əhmədi ilə görüşüb.
Fərhad Quliyev qonaqları salamlayaraq dünya şöhrətli Carl Zeiss şirkəti ilə əməkdaşlığın ümumilikdə Azərbaycan elmi və xüsusi halda institut üçün əhəmiyyətini vurğulayıb. Jose Novoa öz növbəsində qədim tarixə malik Azərbaycanda şirkətin nümyəndəliyinin yaradılmasını böyük uğur kimi dəyərləndirdiyini bildirib və azərbaycanlı partnyorlarla əməkdaşlığın böyük perspektivlərindən söz açıb. Şirkət barədə məlumat verərək Nicholas von Korff bildirib ki, şirkət 179 ildir mövcuddur. Onun partnyorları sırasında 90 illik tarixə malik olanları da var. Bu gün Carl Zeiss şirkəti yüzlərlə çeşiddə məhsul istehsal edir ki, onlar sırasında kosmik tədqiqatlardan tutmuş, mikro- və nano-miqyaslı texnologiyalarda istifadə olunan müxtəlif çeşidli yüksək keyfiyyətli cihazlar vardır. Digər tərəfdən, bu nüfuzlu şirkət təkcə yüksək keyfiyyətli optik məhsulun istehsalı ilə kifayətlənmir. Dövrümüzdə Carl Zeiss elmi tədqiqatları, innovasiyaları dəstəkləyir, onun elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir, şirkətin təsiri faktiki fundamental elmin və praktiki texnologiyaların bir çox sahəsinə yayılmışdır. Buna görə də, artıq müasir elmi və texnoloji məkanda “Zeiss dünyası” adlı anlayış bərqərar olmuşdur. Yüksək texnologiyalar üzərində öz fəaliyyətini kökləmiş transmilli korporasiyalardan başlayaraq adi istifadəçiyə qədər “Zeiss dünyası”nın nailiyyətlərindən istifadə edilir.
F.Quliyev bildirib ki, hal-hazırda Azərbaycan arxeologiyası müasir dünyanın çağırışlarına cavab verən standartlar üzrə yenidən qurulmaqdadır. Əvvəlki təsviri arxeologiya öz yerini multidisiplinar, rəqəmsal arxeologiyaya verməkdədir. Sözsüz ki, belə bir dönəmdə Carl Zeiss şirkətinin məhsullarına da böyük ehtiyac vardır. F.Quliyev şirkət və institut arasında əməkdaşlıq üçün bir sıra təkliflər verib. O bildirib ki, ilk növbədə Carl Zeiss şirkəti arxeologiya sahəsində istifadə edilən məhsulları ilə tanışlıq üçün institut kollektivinin iştirakı ilə xüsusi seminar keçirməlidir. Təklif olunan yüksək texnoloji məhsullar barədə institut yetərli məlumatlanmalı, təklif edilən məhsullar və xidmətlər içərisində seçimini etməlidir. Digər əməkdaşlıq aspekti - əldə ediləcək cihazlardan istifadə üçün şirkət tərəfindən institut əməkdaşlarının ixtisas təcrübəsilə təmin edilməsidir.
Məhsuldar fikir mübadiləsi mühitində keçən görüşdə gələcəkdə tərəflər üçün faydalı olacaq əməkdaşlığın müxtəlif aspektlərinə də toxunulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.