Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Dövlətin təməl sütunları
07.05.2025 11:56
  • A-
  • A
  • A+

Dövlətin təməl sütunları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər ili xalqın həyatında, düşüncə tarixində və identikliyində əhəmiyyətli rol oynayan bir mövzu ilə “taclandırır”. Bununla o, bütün ictimaiyyətin, xüsusilə ziyalıların diqqətinin istər tarixi şəxsiyyət olsun, istərsə də ölkənin bu günündə və gələcəyində həlledici bir məqamın mahiyyətinə yönəldir. İl ərzində fikir və qələm sahibləri onu hərtərəfli öyrənməklə, tədqiq etməklə, bir tərəfdən, öz kimliyində hansı isə keyfiyyətləri təsdiqləmiş, hətta kəşf etmiş olur, digər tərəfdən, varislik prinsipini qoruyaraq onu gələcək nəslə ötürür. 2025-ci il Azərbaycan xalqının canı və qanı ilə qoruduğu suverenliyinin və onun təsdiqi olan Ali Qanunun –  Konstitusiyanın ili elan edildi.

Konstitusiya – suverenliyin güzgüsü

Antik dövrdən bu günə kimi öz müstəqilliyini bəyan edən xalq mütləq bu addımın sabitliyini qoruyan Qanunu da təsdiq edir, möhürləyir. Hər nə qədər hazırda Azərbaycan Respublikasında qüvvədə olan Konstitusiya sayca dördüncü hesab edilsə də, o, suveren Azərbaycanın ilk Ali Qanunudur. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-1920-ci illərdə onu qəbul etməyə macal tapılmamışdı. 1921-ci, 1925-ci və 1978-ci ildə qəbul edilən Konstitusiyalar isə SSRİ-nin, yəni daxil olduğu imperiyanın Konstitusiyasına uyğunlaşdırılmışdı. 1991-cü ildə də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, yeni Konstitusiya yazılmadı. Prezident İlham Əliyev bunu həmin dövr ölkədə hökm sürən vəziyyətlə izah edir: “1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır”. Başqa sözlə desək, suverenlik aktı qəbul edilsə də, onu təsdiqləmək iradəsi hələ yox idi, möhkəmlənməmişdi. Təsadüfi deyil ki, məhz həmin vaxtlarda Azərbaycan öz ərazisinin böyük hissəsini itirdi, ölkə dərin maddi və mənəvi böhran içində idi, xalq suverenliyini deyil, sabahını belə düşünməkdə çətinlik çəkirdi, dərin bir ümidsizlik içində idi.

1994-cü ilin sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” bağlandı - Azərbaycan lider ölkələrlə eyni sırada öz imzasını qoydu, öz sözünü dedi və öz varlığını təsdiqlədi. Bunun möhürü kimi 1995-ci ildə suveren Azərbaycanın ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb təqdim edildi. Əslində bununla suverenliyə və Ulu Öndərin də dediyi kimi “müstəqilliyin əbədi və dönməz olduğuna” inama səsə verildi və yekdilliklə onu qorumağa məsul edildi. Onun özünün də dediyi kimi, “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

Bu tarixi və taleyüklü Ali sənədin qəbulunun tam 25-ci ildönümündə Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. Qələbələrin nəticəsi və zəfər yekunu olaraq isə 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Başqa sözlə desək, Konstitusiya və həqiqi Suverenlik bir-birini tamamladı. Bunun məntiqli davamı olaraq, ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.”

Konstitusiya - ədalətin inikası

Konstitusiyanın fəlsəfi mahiyyətindən belə məlum olur ki, o, hər mənada - əqidə, vicdan, hərəkət, düşüncə azadlığının leğitimləşməsidir. Söhbət hər hansı Konstitusiya maddələrinin hərfi mənasından deyil, onun insan həyatındakı inikasından gedir. Alman filosofu Kant deyirdi ki, “İnsan necə də zəifdir, çünki qanuna tabedir, amma insan həm də çox ucadır, çünki o qanunu özü yazır”. Məntiqlə, əgər qanun insanın öz yazdığına tabe olmaqdırsa, bu qanunu nə qədər yüksək mənəviyyatlı, azad düşüncəli, təmiz əqidəli biri yazarsa, yaxud yazılmağına nəzarət edərsə, bir o qədər insanlar uca və dəyərli qanunlara baş əymiş olacaqlar. Deməli, hər Konstitusiya – qanun-insan qarşılığının, tandeminin inikasıdır və bunu özündə əks etdirməlidir.

Aristotelin dediyinə görə, əksər konstitusiyaların müəllifləri praktiklik baxımdan uğursuzluğa düçar olurlar, çünki əslində o, artıq var olan şərait əsasında qurulan bir sistem olmalıdır. Başqa sözlə desək, Ali sənəd yalnız nəzəriyyə kimi tərtib ediləndə, gerçək həyatla ilk qarşılaşmada onun uğursuzluğu ortaya çıxır. Konstitusiyaların təhlilindən belə məlum oldu ki, onlar iki əsas simanın inikası olur: onun tərtibinə rəhbərlik edənin və kimə xidmət edirsə, onun. Ulu Öndərin dediyi kimi, “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir”. Əgər tərtib edən öz maraqlarını üstün tutursa, həmin Konstitusiyanın ömrü də onun ömrü qədər olur, hakimiyyət dəyişən kimi, Ali qanun da aliliyini itirir. Əgər tərtib edən xalqın, dövlətin ruhunu anlaya bilirsə, onun marağını daha üstün görürsə, onun ömrü elə xalqın ömrü qədər olur, hətta arada dövrün tələblərinə uyğun olaraq müəyyən düzəlişlər edilsə belə, ana xətt, əsas mahiyyət toxunulmaz qalır. Məhz bu halda Konstitusiya həm dövlətin suverenliyinin təsdiqi, həm də xalqın söykəndiyi möhkəm dayaq rolunu oynaya bilir. Ümummilli lider deyir: “Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan,  Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Deyilənlərdən məntiqli və əsaslı bir nəticə alınır: Konstitusiyanı yazan xalqın kimliyini, bütün spesifik xüsusiyyətlərini nəzərə aldığı halda aliləliş, çünki təməldə dövlət-xalq vəhdəti durmalıdır. Bu, bir tərəfdən, həmin Konstitusiyanın uzunömürlülüyünün təminatı hesab edilir, digər tərəfdən, xalqın öz Ali qanununa hörməti möhkəmlənir.

Hər hansı qanunu onun aid olduğu sahənin adamları əzbərləyir, yeri gəldikcə tətbiq edir. Konstitusiya isə əzbərlənəcək kitab deyil, hər gün yaşanan, hətta mexanikləşən bir qanunauyğunluqdur. Bu qəbul etməyən, anlamayan insan bir vətəndaş kimi kimliyini, azadlığını tanımır. Prezident İlham Əliyev yazır: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”. Bu mənada demək olar ki, Konstitusiyanın dərki insanı məhz bir fərd çərçivəsindən çıxarıb vətəndaşa çevirir, cəmiyyətin həyatında müəyyən məsuliyyət daşıdığını, eyni zamanda, hüquqlarının olduğunu ona öyrədir. Daha vacibi isə həmin vətəndaşa başlıca missiyasını izah edir: bu torpaq, bu tarix və bu dövlətin gələcəyi sahib olduğun qədər sənindir.

Konstitusiya – iradənin güzgüsü

Rəsmi olaraq Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını müəyyən edən normativ hüquqi akt olaraq tərif edilir. Nəzəri baxımdan isə o, xalq və dövlət arasında müqavilə hesab edilir. Məsələyə nisbətən fərqli rakursdan baxanda, onu həm də iradənin güzgüsü kimi görmək mümkündür.

Ali Qanunda öz əksini tapan prinsiplər, hüquqi normalar əslində iki – xalq və dövlətin iradəsinin kəsişmə nöqtəsini ifadə edir. Albert Eynşteynin yazdığına görə, “Konstitusiyanın gücü bütünlüklə hər vətəndaşın onu qorumaq əzmindədir”. Maraqlıdır ki, hər nə qədər müəyyən məsələlərdə anlaşılmazlıq, hətta narazılıq yaşansa da, məhz həmin nöqtədə tam razılaşma mövcuddur. Hətta dövlət Konstitusiyada nə isə dəyişiklik etmək istəyəndə də səs hüququ olan hər vətəndaş məhz ümumxalq referendumda öz münasibətini bildirməlidir.

Bununla yanaşı, Konstitusiya həm də dövlət və xalq birliyinin iradəsinin göstəricisidir. Başqa sözlə desək, xalq və dövlətin keşiyində durduğu Vətənə, onun suverenliyinə təhlükə yarananda, yaxud onun inkişafı üçün güclər birləşdirilməli olanda hər Ali Qanun hər iki ideyanın vəhdətinin ifadəsinə çevrilir. Ölkə Prezidenti İlham Əliyev deyir: “Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.

Məsələnin maraqlı tərəflərindən biri də budur ki, istər işğal dövründə, istər 44 günlük müharibədə, istərsə də sonra ölkə ərazisinin və suverenliyinin bərqərar edilməsi üçün atılan addımların hər birində Konstitusiya maddələri əsas tutulurdu. Məhz belə yanaşmanın məntiqli əks-sədası kimi işğalçını öz gələcək mənfur niyyətindən birdəfəlik çəkindirmək üçün Azərbaycan tərəf ondan öz Konstitusiyasında bunun qarşısını almağı tələb edir. Bu, artıq iki dövlətin deyil, öz ərazisinin bütövlüyünü qoruyan və işğalı özünə ali məqsəd hesab edən iki Konstitusiyanın qarşılaşmasıdır. Eyni zamanda, onların arxasında duran iki iradənin üz-üzə gəlməsidir. Əslində, bu iradənin gücünü qarşı tərəf gördüyünə görə, Konstitusiyaların qarşılaşmasında da hansının üstün gələcəyini təxmin etmək çətin deyil.

Cənab İlham Əliyev 2025-ci ili Konstitusiya və Suverenlik ili elan etməklə bir neçə məsələni aktuallaşdırıb. Birincisi, insanlara həm özünə, həm də tabe olduğu, müdafiə etdiyi, eyni zamanda, aliləşdirdiyi Qanuna təkrar baxmaq imkanı verib. İkincisi, bu Ali Qanun işığında hər insanın özünü bir vətəndaş kimi dəyərləndirməyə çağırıb. Nəhayət, üçüncüsü, bu Ali Qanunun sahibi olan xalqın kimliyini, tarixini düşünməyə vaxt verib. Əslində, bunların hər biri hər zaman üzərində dayanılmalı olan məsələlərdir, sadəcə ölkə Prezidenti bu sərəncamla bütün bunların həm də dövlət üçün əhəmiyyətini vurğulayıb.

Könül BÜNYADZADƏ, AMEA-nın müxbir üzvü

“Azərbaycan” qəzeti

  • Paylaş: