Bu gün Azərbaycan torpaqşünaslığında yeni ideyalar müəllifi kimi tanınan Amin Hacıbaba oğlu Babayevin 75 yaşı tamam olur. Ziyalı bir alim kimi o, israrlı mövqeyə malik, düşüncəsiylə elminə nur ələyən, öz bənzərsizliyi ilə seçilən, daima elmi axtarışlarda olmaqla torpağa nəfəs verən fədakar ömrünü yaşamaqdadır. Torpaqşünas alim Azərbaycanda ilk dəfə olaraq iki elmi-praktik istiqamətin - Ekoloji Təmiz kənd təsərrüfatı və Aqrar Məsləhət və İnformasiya Xidmətinin əsasını qoyaraq, bu sahələrin inkişafı üçün böyük əmək sərf etmişdir.
Amin Hacıbaba oğlu Babayev 1950-ci ildə Azərbaycanın əsrarəngiz və füsunkar gözəllikləri seçilən Qax rayonunun Sarıbaş kəndində doğulmuşdur. Onun uşaqlıq illərində Sarıbaş respublikanın kəndləri içərisində bütün sahələrdə özünün qabaqcıllığı ilə şöhrətlənmişdir. Belə bir məkanda uşaqlıq həyatını keçirmək və təhsil almaq gələcək alimin təbiət və torpağa bağlılığının əsasını qoymuşdur. Doğma kəndində orta məktəbi əla qiymətlərlə bitirən məzun ali məktəbə imtahan verərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin, ADAU-nun) aqrokimya və torpaqşünaslıq şöbəsinin tələbəsi olmuşdur. Tələbəlik illərində o, fakültə ilk komsomol komitəsinin katibi, Lenin təqaüdçüsü olaraq fəallığı ilə seçilmişdir. 1972-ci ildə ali məktəbi bitirdikdən sonra AKTİ-nin Elmi şurasının qərarı ilə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasına göndərilmişdir. 1976-cı ildə, 26 yaşında akademik Y.M.Serqeyevin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsinə layiq görülür. SSRİ Ali Təhsil Nazirliyinin təyinatı ilə AKTİ-nin “Torpaqşünaslıq və geologiya” kafedrasına göndərilir. 1976-1982-ci illərdə AKTİ-nin “Torpaqşünaslıq və geologiya” kafedrasının baş laborantı, assistenti və dosenti vəzifələrində çalışır. 1982-1985-ci illərdə Mali Respublikasının Katibuqu Universitetinin professoru vəzifəsində işləyir və eyni zamanda, bu universitetin nəzdində fəaliyyət göstərən UNESCO-nun laboratoriyasında Qərbi Afrika torpaqlarının öyrənilməsi üzrə elmi tədqiqatlar aparır. Bu illərdə onun fransız dilində hazırladığı 3 dərs vəsaiti, 7 elmi məqaləsi və tədris-metodiki materialları nəşr olunur. 1985-1998-ci illərdə AKTA-nın “Torpaqşünaslıq və geologiya”kafedrasının dosenti, professoru elmi adlarını qazanır və kafedra müdiri işləyir. 1995-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqşünaslıq ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfati elmləri doktoru elmi dərəcəsinə layiq görülür. 1996-cı ildə o, Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) təsis edir və bu günədək onun Direktorlar Şurasının sədridir.
Həyatını elmin və təhsilin yolunda fəda edən Amin Hacıbaba oğlu Babayev 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının banisi, AR ETN-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Babayev Amin Hacıbaba oğlu bu günədək üç beynəlxalq mükafatın: BMT-nin Lomonosov ordeni və Alim ulduzunun mükafatçısı, 2017-ci ildə isə Vahid Dünya Mükafatının (OWA) qalibi olmuşdur. O, 1999-cu illərdə BMT nəzdində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmləri Akademiyasının (MAHЭБ) akademiki (həqiqi üzvü), Gürcüstan Biznes Akademiyasının akademiki (həqiqi üzvü), 2002–ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2005-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2006-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (SSА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür. Dünya şöhrətli torpaqşünas alimin 5 elmi monoqrafiyası, 16 dərs vəsaiti və kitabları, 320-dən artıq ümumi elmi metodiki əsərləri dərc edilmişdir. İndiyədək alim 12 nəfər fəlsəfə elmləri doktorunun elmi rəhbəri və bir neçə nəfər elmlər doktorunun elmi məsləhətçisi olmuşdur. Alimin rəhbərliyi altında Beynəlxalq Əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən çoxlu sayda layihələrə imza atılmış və həyata keçirilmişdir. Amin Babayev öz ixtisası üzrə bir çox beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və redaktor müavini, o cümlədən ölkəmizdə ilk dəfə işıq üzü görmüş, olduqca aktual və maraqlı olan - “Ekoloji Kənd Təsərrüfatı” jurnalının baş redaktorudur.
Amin Hacıbaba oğlu Babayevin son 20 ildən artıq bir dövrdə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafı sahəsinə, o cümlədən ETKT-nin Azərbaycanda təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin ali kadr hazırlığı işinə gətirdiyi dəyərli töhfələri, elmi təqdiqatların aparılması və praktiki sahədə əldə olunan nəticələri onun bu müsabiqənin qalibi olmasına əsas olmuşdur.
8 sentyabr 2017-ci il tarixində Almaniyanın Legau şəhərində Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilmişdir.
Bu mükafat hər 3 ildən bir Ekoloji Kənd Təsərrüfatı sahəsində görülən önəmli işlərə və dünya ölkələrində iqtisadi, sosial və ekoloji inkişafa töhfələr vermiş şəxslərə və təşkilatlara təqdim edilmişdir.
Mükafatı professor A.Babayevə Almaniyanın İqtisadi İnkişaf naziri Dr.Gerd Müller təqdim etmişdir. Mərasimdə Kənd Təsərrüfatı sahəsi üzrə dünyanın tanınmış liderləri, siyasi xadimləri və bu sahə üzrə peşəkar mütəxəssislər olmaqla 800-dən artıq qonaq iştirak etmişdir. OWA müsabiqəsinin davamı olaraq bu ilin sentyabr ayının 9-12 tarixlərində Legau şəhərində Dünya Kənd Təsərrüfatı festivalı keçirilmişdir. Bu festivalda Azərbaycanda istehsal olunan Ekoloji Təmiz Məhsulların stendi nümayiş etdirilməklə yanaşı Ekoloji Kənd Təsərrüfatının inkişafına dair elmi metodiki materiallar, ekoloji məhsulların istehsalçıları və emalı ilə məşğul olan şirkətlər haqqında məlumatlar da təqdim olunmuşdu.
Bu gün Amin Babayevin rəhbərlik etdiyi və çalışdığı Qax şəhərindəki Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi (Mərkəz) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşunaslıq və Aqrokimya İnstitutunun struktur vahididir. “Mərkəz” AR-nın “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun”u, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 25 avqust 2008-ci il tarixli 818 №-li və 24 may 2010-cu il tarixli 267 №-li Fərmanlarını AR-nın Nazirlər Kabinetinin 8 yanvar 2009-cu il tarixli 5 №-li və 30 avqust 2010-cu il tarixli 159 nömrəli qərarlarını əsas tutaraq Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik A.Əlizadənin 16 iyun 2015-ci il tarixli 01-Q-421 №-li Sərəncamı ilə Qax Regional Təcrübə Stansiyası kimi əsası qoyulmuş və onun bazasında AMEA-nın Rəyasət Heyətinin 25 may 2016-ci il tarixli 8/5 nömrəli qərarı ilə Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi (“Mərkəz”) yaradılmışdır.
“Mərkəz”in fəaliyyətinin əsas məqsədi ölkə ərazisində ekoloji təmiz (orqanik) kənd təsərrüfatının (bundan sonra ETKT) elmi təminatını həyata keçirmək üçün bu sahədə effektiv təbiətqoruyucu və elmi təminatlı innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlığı və onların idarə olunması, orqanik istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və tətbiqi, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının və metodikalarının işlənilməsi və istehsalatda tətbiqi, habelə istehsalçılara elmi-praktiki dəstəyin göstərilməsi, müvafiq layihələrin yerinə yetirilməsi, maarifləndirmə və informasiya yayımı sahəsində işləri həyata keçirməkdən ibarətdir.
“Mərkəz” ölkədə ekoloji təmiz (orqanik) kənd təsərrüfatı (ETKT) üzrə fəaliyyət göstərən yeganə dövlət qurumudur və bu gün ekoloji təmiz kənd təsərrüfatı üzrə peşəkar mütəxəssislər, elmi-metodiki baza, informasiya-məlumat bazası, təlim-tədris proqramları “Mərkəz”-in böyük “sərvəti”dir. “Mərkəz”in fəaliyyəti hər il institutun Elmi şurasına və AMEA-nın Biologiya bölməsinə təqdim edilmiş hesabatlarda öz əksini tapmışdır.
“Mərkəz” yarandığı tarixdən bu günədək 2015-2025-ci illərdə ciddi elmi, yaradıcı, təşkilati və institusional böyük nəaliyyətlər əldə etməkdədir. Bütün bunlar kənd təsərrüfatı elmləri doktoru, Amin Babayevin son onillik yaradıcılığı və işgüzarlığı dövründə yaranmış və hazırda hər il yeni bir uğura imza atmaq əzmi ilə çalışır. Əzəmətli, yorulmaq bilməyən zəhmətkeş insanın səmərili işıqlı yoluna hər gün üçün uğurlar diləyir, fədakar alim ömrünə müvəffəqiyyət və cansağlığı arzulayırıq. 75 yaşın mübarək, Amin müəllim!
Sərvan KƏRİMOV, “Elm və həyat” jurnalının məsul katibi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.