Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elmlə yaşanan ömür
02.05.2025 09:50
  • A-
  • A
  • A+

Elmlə yaşanan ömür

Bu gün informatika sahəsində görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın müşaviri, akademik Telman Əliyevin 90 yaşı tamam olur. Telman Abbas oğlu Əliyev 2 may 1935-ci ildə Azərbaycanın Goranboy rayonunda anadan olmuşdur. 1943–1953-ci illərdə Goranboy rayonunda tam orta məktəbdə təhsil almış, 1953-1958-ci illərdə isə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) uğurla başa vurmuşdur. Ali təhsil ocağından təyinatla Hesablama mərkəzinə (hazırda İdarəetmə Sistemləri İnstitutu) göndərilmiş və 1962-ci ilə kimi texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. Çox keçmədən bu müəssisədə o, elmi axtarışlara böyük maraq göstərmiş, aspiranturaya daxil olmuşdur.

Telman Əliyev 1966-cı ildə Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V. V. Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə, 42 yaşında "Texniki kibernetika və informasiya nəzəriyyəsi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə professor adını qazanmışdır. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Telman Əliyev 1982-ci ildə Kibernetika İnstitutunun direktorunun elmi işlər üzrə müavini təyin edilib. 1988-2020-ci illərdə Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1984-cü ildən  Azərbaycan Memarlıq və İnşaat Universitetində ictimai əsaslarla kafedra müdiri kimi çalışmışdır. 1993–1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının sədri olmuşdur. 1997–2001-ci illərdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2008–2015-ci illərdə Ali Attestasiya Komissiyasının Rəyəsət heyətinin üzvü seçilmişdir. Akademik 2015-ci ildən İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının sədri olmuşdur. 

Zəhmətkeş bir alim ömrü yaşayan akademik Telman Əliyevin dövlətimiz tərəfindən elmi əməyi yüksək mükafatlarla qiymətləndirilmişdir. 2004-cü ildə o, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuş,  2009-cu ildə "Əməkdar elm xadimi" adına layiq görülmüşdür. 2015-ci ildə N.Tusi adına mükafatla, 2018-ci ildə isə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı ilə təltif olunmuşdur.

Akademik Telman Əliyev Azərbaycanda informatikanın inkişafında həlledici rola malik və əsası 1959-cu ildə qoyulmuş "Elektron hesablama maşınları" laboratoriyasının təşkilatçısı olmuş, 1976-cı ilə qədər isə rəhbəri kimi işləmişdir. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur.

Alim kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir. Onun rəhbərliyi altında Bibiheybət neft-qazçıxarma idarəsinin 300 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil "robast noise" monitorinq və idarəetmə sisteminin eksperimental variantı tətbiq edilmişdir.

Onun ciddi araşdırmaları sayəsində ştanqlı dərinlik nasos qurğuları ilə istismar edilən neft quyularının intellektual Noise diaqnostikası və Noise idarə edilməsi sistemləri, dəniz platformalarında, qazma  qurğularında, energetikada, nəqliyyatda, tikintidə, tibbdə və s. obyektlərdə qəzaların başlanğıcını, inkişaf dinamikasını və proqnozlaşdırılmasını təyin edən  intellektual Noise- nəzarət sistemlərinin qurulmasına imkan verən küylənmiş siqnalların Noise xarakteristikalarının qiymətlərindən, təşkil olunmuş informativ əlamətlər çoxluğunun  formalaşdırılması texnologiyası, zəlzələ ocağının mərkəzi zonasını təyin etməklə seysmik vəziyyətin dəyişməsinin başlanmasını bildirmək üçün intellektual seysmoakustik Noise-monitorinq stansiyaları şəbəkələri, smartfonların və noutbukların vasitəsi  ilə ürəyin vəziyyətinin gündəlik nəzarəti üçün onun səsinin Noise analizi texnologiyaları, kompressor stansiyalarının vibrasiya vəziyyətinin intellektual Noise- nəzarət və erkən diaqnostika sistemləri yaradılmışdır. Eləcədə generatorların  vattmetroqramlarının Noise analizi yolu ilə artezian quyularında, nasos stansiyalarında, istilik və havalandırma  sistemlərində və s. obyektlərdə nasazlıqların başlanğıcının və qəzaların proqnozlaşdırılmasının intellektual nəzarət sistemlərinin qurulmasına imkan verən, küylərin, faydalı siqnalların korrelyasiya və spektral xarakteristikalarından və onlar arasındakı qarşılıqlı korrelyasiya funksiyasını qiymətlərindən informativ əlamətlər çoxluğunun formalaşdırılmasının mümkünlüyü göstərilmişdir. Akademik Telman Əliyev hələ saya bilmədiyimiz çoxsaylı ixtiraların, yeniliklərin müəllifidir.

Akademik T.Əliyev 2013-cü ildən Rusiyada nəşr olunan Nəzəri və tətbiqi elmi-texniki "Мехатроника, автоматизация, управление" və 2018-ci ildən Ukraynada nəşr olunan Beynəlxalq elmi-texniki "Проблемы управления и информатики" jurnallarının redaksiya heyətinin üzvüdür.

Telman müəllim bir çoxu WoS indeksli jurnallarda olmaqla 586 elmi əsərin, 27 monoqrafiyanın və 109 müəlliflik şəhadətnamələri və patentin müəllifidir, onlardan 30-u Avrasiya patentidir. Onun elmi rəhbərliyi altında 37 elmlər namizədi və 12 elmlər doktoru hazırlanmışdır.

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə bütün yaradıcılıq potensialını dəqiq elmlərə həsr edən, hazırda AMEA-nın müşaviri kimi fəaliyyət göstərən akademik Telman Əliyevin 90 illik ömür yoluna nəzər saldıqda, qürurverici bir həyat mənzərəsi ortaya çıxır. Onun bu zəngin və mənalı ömür yolu gələcək nəsillər üçün həm örnək, həm də bir məktəbdir – elə bir məktəb ki, elmə yenilik, Vətənə uğur gətirmişdir.

90 yaşınız mübarək, hörmətli akademik! 100 yaşa doğru - Sizə xoş günlər, firavan həyat arzulayırıq!

Sərvan KƏRİMOV, "Elm və həyat" jurnalının məsul katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: