Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.05.2025 17:30
  • A-
  • A
  • A+

Filosof alimin uğurları

Filosof alimin uğurları

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin böyük elmi işçisi Fərahilə Babayeva-Şükürova beynəlxalq elmi müstəvidə uğurlu fəaliyyəti ilə seçilir. Fərahilə Babayeva-Şükürova ali təhsilinin bakalavr pilləsini Bakı Dövlət Universitetinin Tarix və Regionşünaslıq ixtisası üzrə, magistr pilləsini isə Taras Şevçenko adına Kiyev Milli Dövlət Universitetində Politologiya – dünya siyasi prosesləri və beynəlxalq münasibətlər ixtisası üzrə başa vurmuşdur. Doktorantura təhsilini İrlandiyanın Dublin Universitetində siyasi elmlər üzrə tamamlamışdır.

2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alim, 2021-ci ildən etibarən Türk dünyası üzrə elmi əməkdaşlığa xüsusi diqqət yetirir. Bu illər ərzində Türkiyə Respublikası Ege Universiteti, Özbəkistan Respublikasının Urgənc Dövlət Pedaqoji İnstitutu, Mamun Universiteti, Mamun Akademiyası, Səmərqənd Dövlət Pedaqoji Universiteti, Buxara Dövlət Pedaqoji İnstitutu, Jizzax Dövlət Pedaqoji Universiteti, Taşkənd Dövlət Jurnalistika və Kommunikasiya Universiteti, Ranc Universiteti və digər ali təhsil ocaqlarında Erasmus proqramı çərçivəsində mühazirələr söyləmişdir. O, eyni zamanda Özbəkistanda keçirilmiş 15-dən artıq beynəlxalq elmi konfransda elmi komitə üzvü kimi məruzələrlə çıxış etmiş, bir sıra universitetlərin elmi jurnallarında redaksiya heyətində təmsil olunmuşdur. Özbəkistan universitetlərinin Türk dünyası mövzusunda təşkil etdiyi konfranslarda Azərbaycanın iştirakı və təmsilçiliyi, eləcə də bu ölkənin tələbələrinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan yaz və qış məktəblərində iştirakı Fərahilə Babayeva-Şükürova təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmişdir.

Elm və təhsilin inteqrasiyasına verdiyi töhfələrə görə Fərahilə Babayeva-Şükürova Özbəkistan Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunmuş, Mamun Universitetinin fəxri doktoru, Ranc Universitetinin fəxri professoru, Andican Pedaqoji İnstitutunun fəxri doktoru fəxri adlarına layiq görülmüşdür.

2023-cü ildə Mamun Universitetinin Elmi Şurasının qərarı ilə onun müəllifi olduğu “Müstəqillik illərində Özbəkistan-Azərbaycan əlaqələrində Heydər Əliyevin rolu” adlı monoqrafiya özbək dilində nəşr edilmişdir. Hazırda Fərahilə Babayeva-Şükürova Urgənc Dövlət Pedaqoji İnstitutunda həm üzbəüz, həm də onlayn formada mühazirələrini davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: