Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.09.2026 11:38
  • A-
  • A
  • A+

AMEA-nın Gənclər Akademiyasının sədrinin rəhbərlik etdiyi layihə Çində qalib olub

AMEA-nın Gənclər Akademiyasının sədrinin rəhbərlik etdiyi layihə Çində qalib olub

AMEA-nın Gənclər Akademiyasının sədri, Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin rəhbərlik etdiyi “Natrium-ion batareyaları üçün sərt karbon anod materialının yaşıl üsulla hazırlanması” layihəsi Çinin Şandunq əyalətinin Əsas Tədqiqat və İnkişaf Proqramının beynəlxalq elmi və texnoloji əməkdaşlıq istiqaməti üzrə müsabiqəsində qalib olub.

Layihə Çinin Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu (SDERI) tərəfindən birgə hazırlanıb.

36 ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi natrium-ion batareyalarında istifadə olunan sərt karbonəsaslı anod materiallarının ekoloji və səmərəli üsulla hazırlanması texnologiyasının işlənib hazırlanmasıdır.

Tədqiqatlar çərçivəsində xammalın xüsusiyyətlərinin öyrənilməsi, ilkin emal və piroliz-karbonlaşdırma texnologiyalarının optimallaşdırılması, 50 kiloqramlıq pilot qurğunun təkmilləşdirilməsi və sərt karbon materiallarının modifikasiyası nəzərdə tutulur. Növbəti mərhələdə texnologiyanın pilot miqyasda sınaqdan keçirilməsi, əldə olunan məhsulların real iş şəraitində yoxlanılması, patent müraciətinin hazırlanması və texniki spesifikasiyaların işlənməsi planlaşdırılır.

Layihəni Çin tərəfdən Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu həyata keçirir.

Layihə çərçivəsində Azərbaycan və Çin alimləri arasında elmi mübadilənin həyata keçirilməsi də nəzərdə tutulur. Müddət ərzində qarşılıqlı səfərlərin, o cümlədən BMU tədqiqatçılarının Çinə qısamüddətli elmi-tədqiqat səfərlərinin təşkili, laboratoriya imkanlarından istifadə və tərəfdaşlarla birgə araşdırmaların aparılması planlaşdırılır.

Birgə əməkdaşlığın əsas istiqamətləri arasında elmi tədqiqatlar, yaşıl texnologiyalar, enerji saxlama sistemləri və innovativ materialların inkişafı xüsusi yer tutur.

  • Paylaş: