“Manas” dastanı və Çingiz Aytmatov Qırğızıstanın dünya miqyasında tanınan iki mühüm ədəbi-mədəni simvoludur. Hər iki ədəbiyyat hadisəsi Azərbaycanda da geniş maraq doğurub, onların öyrənilməsi istiqamətində ardıcıl və sistemli tədqiqatlar aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib ki, “Manas” dastanı Azərbaycanda görkəmli tədqiqatçı və tərcüməçi Adil Cəmil tərəfindən Azərbaycan dilinə tərcümə edilərək elmi-ədəbi dövriyyəyə daxil edilib. Çingiz Aytmatov yaradıcılığına marağın tarixi isə daha əvvələ – sovet dövrünə gedib çıxır. Yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsinə 1961-ci ildən başlanılıb. Bu proses müstəqillik illərində də davam edib və hazırda da aktuallığını qoruyur. Çingiz Aytmatovun əsərlərini dünyada ən çox nəşr edən və oxuyan xalqlardan biri azərbaycanlılardır. Yazıçının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri İmran Qasımov, Vilayət Rüstəmzadə, Bəxtiyar Vahabzadə və Anarla yaxın dostluq münasibətləri onun Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin mühüm göstəricilərindəndir. Çingiz Aytmatov nəsrinin zənginliyi, əsərlərində xalqlarımızın ortaq tarixi, mənəvi dəyərləri və mədəni yaddaşının geniş əksini tapması yazıçının yaradıcılığına Azərbaycanda davamlı maraq formalaşdırıb. Zaman keçdikcə bu maraq ayrı-ayrı məqalə və tərcümələrdən sistemli elmi tədqiqatlara çevrilib. Çingiz Aytmatov yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında çoxsaylı elmi məqalələrdə, dissertasiya və monoqrafiyalarda, eləcə də müxtəlif tədqiqat əsərlərinin ayrı-ayrı fəsillərində araşdırılıb. Akademik İsa Həbibbəylinin müəllifi olduğu “Çingiz Aytmatov haqqında söz” monoqrafiyası böyük yazıçının ədəbi irsini, yaradıcılıq xüsusiyyətlərini və Azərbaycanla əlaqələrini Azərbaycan, ingilis və rus dillərində elmi-nəzəri müstəvidə təqdim edən mühüm tədqiqat əsəridir.
Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunda Çingiz Aytmatovun 90 illik yubileyi beynəlxalq elmi konfransla qeyd olunub. İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının xüsusi buraxılışı böyük yazıçının yaradıcılığına həsr edilib. Eyni zamanda, Çingiz Aytmatovun “Üz-üzə” əsəri Mehman Həsənlinin, “Kassandra damğası” əsəri isə Nərgiz Cabbarlının tərcüməsində Azərbaycan dilində nəşr olunub. Akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru Mehman Həsənli Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademikləri seçiliblər.
Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə fəlsəfə doktorluğu dissertasiyası çərçivəsində başlanılan Çingiz Aytmatov araşdırmaları hazırda da davam etdirilir. Bu tədqiqatların nəticələri Azərbaycanla yanaşı, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Macarıstan, Polşa, Böyük Britaniya – London və Mançester, Rusiya – Tatarıstan və Başqırdıstan, eləcə də digər ölkələrdə keçirilən 40-dan artıq beynəlxalq elmi konfransda təqdim edilib. Bununla yanaşı, Çingiz Aytmatov yaradıcılığına həsr olunmuş 20-dən artıq elmi məqalə Azərbaycanda və xarici ölkələrin elmi jurnallarında dərc olunub.
Aytmatov irsinin Azərbaycan oxucusuna çatdırılması istiqamətində tərcümə fəaliyyəti də davam etdirilib. Çingiz Aytmatovun “Ağ yağış” hekayəsi, “Kassandra damğası” romanından bir fəsil, “Əbədi gəlin (Dağlar çökəndə)” romanı – Nəzrin Əliyeva ilə birlikdə, eləcə də yazıçının şeirləri Azərbaycan dilinə tərcümə edilib. Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” mövzusunda müdafiə edilmiş fəlsəfə doktorluğu dissertasiyası əsasında hazırlanan tədqiqat Latviyanın “Lambert” nəşriyyatında kitab şəklində nəşr olunub. Çingiz Aytmatovun həyat və yaradıcılığının müxtəlif istiqamətlərini – hekayə, povest, roman, pyes və poeziyasını, həmçinin yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələrini əhatə edən 400 səhifəlik “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası da işıq üzü görüb. Əsərdə Aytmatov yaradıcılığı Azərbaycan ədəbiyyatı və ümumtürk ədəbi-mədəni konteksti ilə qarşılıqlı əlaqədə araşdırılıb, yazıçının Azərbaycanla çoxşaxəli ədəbi və mənəvi münasibətləri sistemli şəkildə təhlil edilib. Monoqrafiya Türkiyədə Kastamonu Universitetinin bölüm başqanı professor Orhan Söylemez və doktor Ömer Faruk Ateşin redaktorluğu, Sefa Başımoğlunun tərcüməsi ilə “Bengü Yayınları” tərəfindən türk dilində də nəşr olunub.
Çingiz Aytmatov irsi ilə bağlı elmi araşdırmalar həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda müxtəlif istiqamətlərdə davam etdirilir. Bu tədqiqatlar Aytmatov yaradıcılığının yalnız milli ədəbiyyat kontekstində deyil, ümumtürk və dünya ədəbi prosesi müstəvisində öyrənilməsinə də mühüm töhfələr verir.
Qeyd edək ki, Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev Mehman Həsənlinin “1980-ci illər türk xalqları romanında janr özünəməxsusluğu: bədii-estetik təkamül” mövzusunda doktorluq dissertasiyasının müdafiəsində opponent qismində çıxış edib. Bu fakt da Azərbaycan və Qırğızıstan ədəbiyyatşünasları arasında elmi əməkdaşlığın və qarşılıqlı əlaqələrin davamlı xarakter daşıdığını göstərir. Beləliklə, Azərbaycanda Çingiz Aytmatov irsinin öyrənilməsi tərcümə və ədəbi əlaqələr mərhələsindən keçərək müasir dövrdə genişmiqyaslı elmi tədqiqatlar mərhələsinə çatıb.