Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.09.2026 10:17
  • A-
  • A
  • A+

Gənc arxeoloqlar Türkiyədə təcrübə proqramında iştirak ediblər

Gənc arxeoloqlar Türkiyədə təcrübə proqramında iştirak ediblər

21–29 avqust tarixlərində Türkiyə Cümhuriyyətinin Gaziantep şəhərində Türk Arkeoloji ve Kültürel Miras Enstitüsü (TAKME) tərəfindən təşkil olunan gənc arxeoloq və tələbələrin iştirakı ilə arxeoloji təcrübə proqramı keçirilib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri İlahə Nəhmətova, Nigar Mustafayeva, Pəri Ağayeva və institutun doktorantı Aqil Əliyev təcrübə proqramında iştirak ediblər.

Proqramda Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan gənc arxeoloq və tələbələr də yer alıblar. Beynəlxalq formatda təşkil olunan proqram iştirakçılara arxeoloji sahədə praktiki bilik və təcrübə qazanmaq, müxtəlif ölkələrdən olan həmkarları ilə fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də ortaq tarixi-mədəni irsin öyrənilməsi istiqamətində yeni əlaqələr qurmaq imkanı yaradıb.

Proqram çərçivəsində iştirakçılar arxeoloji sahə təcrübəsi ilə yanaşı, Anadolu coğrafiyasının zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. İştirakçılar Gaziantep, Şanlıurfa və Kilis şəhərlərində yerləşən müxtəlif arxeoloji muzeyləri, tarixi abidələri  ziyarət ediblər və onlara sərgilənən mühüm mədəni irs nümunələri barədə məlumatlar verilib. Bu səfərlər regionun minilliklərə söykənən sivilizasiya tarixinin, arxeoloji irsinin və mədəni müxtəlifliyinin daha yaxından öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tədbirin sonunda TAKME-nin direktoru, doktor, professor Şaban Doğan proqram iştirakçılarına, o cümlədən azərbaycanlı arxeoloqlara sertifikatlar təqdim etdi.

Proqram, iştirakçılar üçün yalnız nəzəri və praktiki biliklərinin artırılması ilə yanaşı, həm də müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar arasında elmi və peşəkar əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub. Eyni zamanda, beynəlxalq tədbir Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan gənc arxeoloqların Türkiyənin elmi və mədəni mühiti ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə şərait yaradıb.

Gaziantepdə keçirilən bu təcrübə proqramı gənc arxeoloqların peşəkar inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və regionun ortaq arxeoloji-mədəni irsinin öyrənilməsinə töhfə verən mühüm təşəbbüslərdən biri kimi yadda qalıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: