Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Milli mətbuatımızın yaranmasının 150 ili tamam olur
29.04.2025 11:32
  • A-
  • A
  • A+

Milli mətbuatımızın yaranmasının 150 ili tamam olur

Prezident İlham Əliyevin 25 aprel 2024-cil tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi sərəncam ölkəmizdə Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür.

Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.  1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.

Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.

Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin savaş günlərində dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirdi.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar.

Bu sərəncam həm vətəndaşlarımızda barəsində söz açdığımız “Media savadlılığı”nın möhkəmləndirilməsi, həm də milli mətbuatımızın tariximizdə oynadığı rolun daha dolğun şəkildə çatdırılması naminə çağırışa çevrilməlidir. Prezident İlham Əliyev fəaliyyətində dəfələrlə göstərib ki, jurnalistlərin dostudur.

Ən çətin, ən ağır dönəmlərdə belə, mətbuatın yanında olub, medianın sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atıb. Bu gün də bu sərəncam bir daha təsdiqlədi ki, Azərbaycan dövləti milli söz azadlığının qorunmasına və mətbuatın inkişafına ciddi önəm verir.

Əminik ki, çağırış, ümumən mühüm dövlət sənədindən irəli gələn bütün vəzifələr layiqincə yerinə yetiriləcək və milli mətbuatımızın 150 illik yubileyi ölkə miqyaslı hadisə kimi yaddaşlarda qalacaq.

Tünzalə Zeyvəliyeva, AR ETN Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: