Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elmin korifeyi
02.05.2025 10:45
  • A-
  • A
  • A+

Elmin korifeyi

Mayın 2-də informatika sahəsində görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın müşaviri, akademik Telman Abbas oğlu Əliyevin 90 yaşı tamam olur.

Telman Abbas oğlu Əliyev 1935-ci ildə Goranboy rayonunda anadan olmuşdur. 1953-cü ildə M.Əzizbəyov ad. Azərbaycan Sənaye institutuna daxil olmuş, bu institutu bitirdikdən sonra 1958-ci ildə Hesablama Mərkəzinə (sonradan Kibernetika, hazırda İdarəetmə Sistemləri institutu)  göndərilmişdir. Həmin illərdə SSRİ hesablama texnikası sənayesi ilk addımlarını atırdı və SSRİ-də yaradılmış ümumi təyinatlı BESM tipli böyük EHM-lə tanış olmaq məqsədi ilə 1960-cı ildə bir qrup gənc mütəxəssislə birlikdə, gənc Telman Əliyev, Ulyanovsk şəhərinə uzunmüddətli ezamiyyətə göndərilir. O, “BESM-2” maşını hazırlanan zavodda (Penza) Azərbaycan üçün nəzərdə tutulan maşının yığılmasında, sazlanmasında, iş rejiminin testlərlə yoxlanmasında, onun Dövlət Komissiyası tərəfindən qəbul edilməsində və Bakıya gətirilməsində yaxından iştirak edir. 1962-ci ildə “BESM-2” maşını Azərbaycana gətirilir və istismara verilir. “BESM-2”-dən başlayaraq bütün EHM parkının formalaşdırılmasında və istismarında T.Əliyevin əvəzolunmaz zəhmətini xüsusi qeyd etmək lazımdır. Belə ki, 1958-1960-cı illərdə T.Əliyev Sovet İttifaqı respublikaları arasında Ukraynadan sonra ikinci olaraq Azərbaycanda yaradılan Hesablama Mərkəzində “Elektron hesablayıcı maşınlar” laboratoriyasının əsas təşkilatçısı olur və  1976-cı ilə qədər ona  rəhbərlik edir, bu laboratoriyanın həmin illərdəki fəaliyyəti Azərbaycanda informatikanın sürətli inkişafına əhəmiyyətli təsirini göstərmişdir.

Ciddi elmi fəaliyyətlə məşgul olan T.Əliyev 1966-cı ildə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində V.V.Solodovnikovun rəhbərliyi altında “Neftayırmada standart proseslərin korrelyasiya analizi” mövzusunda namizədlik, 1977-ci ildə isə orada “İnformasiya nəzəriyyəsi və texniki kibernetika” ixtisası üzrə “Real vaxt müddətində çoxölçülü təsadüfi proseslərin kodlaşdırılması və korrelyasion analizi” mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyərlə müdafiə etmişdir.

T.Əliyev  1983-cü ildən EA-nın müxbir üzvü, 1985-ci ildən professor, 2001-ci ildən isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Elmin zirvəsinə Telman müəllim pillə-pillə addımlamışdır. Laborant vəzifəsində iş fəaliyyətinə başlayan alim, sonralar mühəndis, baş mühəndis, kiçik, böyük elmi işçi, EHT şöbə və laboratoriya rəhbəri, institutun elmi işlər üzrə direktor müavini, institut direktoru, AMEA -nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Ali Attestasiya Komissiyasının Rəyəsət heyətinin üzvü, AMEA-nın elmi müşaviri vəzifələrində çalışmışdır.

Fundamental elm nöqteyi-nəzərindən İnformatika abstrakt üsulların, modellərin, alqoritmlərin və onlarla bağlı riyazi nəzəriyyələrin yaradılması ilə məşğuldur. Onun müstəsna funksiyası informasiyanın çevrilmə proseslərinin araşdırılmasıdır. Bu araşdırmalar əsasında isə müvafiq nəzəriyyələrin, modellərin, üsulların, alqoritmlərin yaradılması və praktik məsələlərdə işlənməsidir. İstehsalat sahəsi nöqteyi-nəzərindən İnformatika fundamental elmi araşdırmaların nəticələrinin tətbiqi ilə məşğuldur. Tətbiqi fənn nöqteyi-nəzərindən isə İnformatika konkret sahələrdə informasiya axınının qanunauyğunluqlarını öyrənərək, müvafiq informasiya sistemlərinin və texnologiyalarının yaranma metodologiyalarını hazırlayır. Akademik Telman Əliyev Azərbaycanda bu nəzəriyyələrin təməl daşını qoyan və inkişafında məxsusi rolu olan alimlərdən biridir.

Xüsusilə qeyd edək ki, onun Kibernetika İnstitutunda direktor olduğu illərdə, xüsusilə 1989-cu ildən başlayaraq institutun maşın parkında kompüterləşdirmə aparılmış və hər dəfə mənəvi köhnəlmiş hesablama maşınları  mərhələlərlə XT, AT, Pentium tipli fərdi kompüterlərlə əvəz olunmuşdur. Bu yanaşma sayəsində bütün laboratoriyalarda elmi işçilərin, mütəxəssislərin iş yerləri kompüterlə təchiz olunmuşdur. İnstitutda kompüterlər lokal şəbəkədə birləşdirilmiş və geniş imkanlara malik serverlərdə yaradılan ümumi resurslardan istifadə edilir, hər bir kompüterin internetə çıxışı təmin olunmuşdur.  Bu gün bu proseslərə nəzər salanda əminliklə demək olar ki, Kibernetika İnstitutunun fəaliyyəti Azərbaycanda informatika sahəsinin inkişafına ciddi töhfə vermişdir.

T.A.Əliyev kibernetika və informatika üzrə bir sıra fundamental elmi nəticələrin müəllifidir. O, klassik şərtlər ödənməyən real texnoloji proseslər üçün diaqnostika, proqnozlaşdırma, tanınma, riyazi modelləşdirmə, identifikasiya, idarəetmə məsələlərinin adekvatlığının təmin olunmasının nəzəri əsaslarını, metod və alqoritmlərini təklif etmişdir. A.N.Kolmoqorovun, N.Vinerin, A.Y.Xinçinin nəzəriyyələri əsasında yaradılmış uyğun alqoritmlər T.A.Əliyevin alqoritmlərindən xüsusi hal kimi alınır.

O, əngəllərin həyatda istifadə olunan real siqnalların anazininin nəticələrinə təsirini aradan qaldırmağa imkan verən robast spektral, robast korrelyasiya və robast identifikasiya analizləri nəzəriyyələrini və uyğun informasiya texnologiyalarını yaratmaqla yanaşı həm də real obyektlərin riyazi modelləşdirilməsinin yeni alqoritmlərini təklif etmişdir.

T.A.Əliyev informatika sahəsində dövrü və stoxastik proseslərin bir sıra  məsələlərinin həllinin çətinliyini aradan qaldırmağa və paylanmış iyerarxik intellektual nəzarət və idarə sistemləri yaratmağa imkan verən mövqeli-binar informasiya texnologiyası nəzəriyyəsinin müəllifidir. O, son illər əngəllərin informasiya daşıyıcıları kimi istifadəsinin elmi əsaslarını vermiş və onların analizini təmin edən informasiya texnologiyasını yaratmaqla böyük çətinliklərlə üzləşən bir sıra qlobal əhəmiyyətli problemlərin həllini reallaşdırmışdır.

Akademik T.Əliyevin aldığı nəticələr bu gün artıq dərsliyə çevrilmiş “Экспериментальный анализ” (“Eksperimental analiz”) və “Основы анализа помех” (“Küy analizinin əsasları”) monoqrafiyalarında kibernetikanın və informatikanın yeni elmi istiqamətləri kimi ümumiləşdirilmişdir. Onun Springer nəşriyyatında dərc etdiyi “Robust Technology with Analysis of Interference in Signal Processing” (Kluwer Academic/Plenum Publishers, New York, 2003), “Digital Noise Monitoring of Defect Origin” (Springer-Verlag, London, 2007), «Noise Control of the Beginning and Development Dynamics of Accidents» (Springer, 2019) monoqrafiyalarını da qeyd etmək lazımdır.

Bütün ömrünü bir institutla bağlayan alim ətrafında güclü məktəb yaratmışdır. O, 13 elmlər doktoru və 37 fəlsəfə doktoru yetişdirmişdir, 462 elmi əsərin, o cümlədən 35 monoqrafiyanın və  132  patentin (ixtiranın) müəllifidir.

Akademik Telman Əliyev 1991-ci ildə M.B. Keldış adına qızıl medalla, 2004-cü ildə “Şöhrət ordeni”, 2015-ci ildə Nəsrəddin Tusi adına mükafata layiq görülmüşdür. Respublika Prezident sərəncamı ilə  2009-cu ildə “Əməkdar elm xadimi” adına layiq görülmüş, 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına gümüş medal ilə təltif olunmuşdur. 2024-cü ildə  akademik Telman Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə və həmçinin Azərbaycan Respublikası Ağsaqqallar Şurasının döş nişanı ilə təltif edilmişdir.

Telman müəllim ad günündə də iş başındadır. İti qələmi  və dərin düşüncəsi ilə   elmin zirvəsinə ucalmışdır. Goranboydan gələn bir azərbaycanlı gəncin həyat yolu dərsliklərə salınmalı, gənc nəslə örnək olacaq bir tarixdir. İnformatika elmi böyük addımlarla irəliləyir və Telman müəllimin həyatına baxanda elə təəssürat yaranır ki, sanki onlar yarışa cıxıblar. Biz hörmətli akademik Telman Əliyevə bu yarışda həmişə qaliblər sırasında olmağı arzulayırıq. Ömrünüz uzun olsun, sizdən yeni möhtəşəm kəşflər gözləyirik. Ad gününüzü  təbrik edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: