“Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.”
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
1969-cu il 14 iyul tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də, dünyada tanıdıb. Həmin illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan Elmlər Akademiyası üçün deyil, bütövlükdə, Azərbaycan Respublikasının inkişafında, xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin intibahında yarım əsr əvvəl – 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müstəsna rol oynamışdır.
Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr, elmin yeni yüksəlişi Heydər Əliyev kimi dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. 1969-cu ilin iyul ayında Ümummili Lider Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə elm, təhsil, mədəniyyət, ədəbiyyat, səhiyyə sahəsində sözün əsl mənasında, inqilab baş verdi. Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanmış, maddi-texniki bazasını möhkəmləndirmişdi. Heydər Əliyevin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Akademiya Sovet dövründə bir sıra uğurlara imza atmışdır. Neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi və s. istiqamətlərdə uğurları xüsusi qeyd etmək lazımdır. 1969-cu il noyabrın 1-də Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan elminin və təhsilinin əsas istiqamətlərini müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Bu nitqi dövrün inqilabi sensasiyasına çevirən fakt isə o idi ki, sovet rejiminin yerli respublikaların rəhbər kadrları üçün müəyyənləşdirdiyi çərçivələrə baxmayaraq, Heydər Əliyev onu doğma Azərbaycan dilində söyləmişdi. O zaman üçün fövqəladə hal hesab edilən partiya liderinin Azərbaycan dilində çıxışı universitet həyatında milli ruhun, milli özünüdərkin, milli dirçəliş və oyanışın hərəkətə gətirilməsinə sanki start verdi. Azərbaycan ziyalıları, sözün əsl mənasında, qanı-canı ilə milli mənafeyi hər şeydən uca tutan həqiqi milli liderini gördü, tanıdı və bütün varlığı ilə ona inanmağa başladı. Respublika rəhbərinin milli dilə bu şəkildə sevgisi xüsusilə dilçi alimləri vəcdə gətirmişdi. Bunun nəticəsində də tezliklə universitetdə 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyi hazırlayıb nəşr edildi və Ulu Öndərin təşəbbüsü ilə bu əsər Azərbaycan Dövlət Mükafatına layiq görüldü. Heydər Əliyevin prinsipiallığı və qətiyyəti, aktiv fəaliyyəti nəticəsində 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında məşhur 73-cü maddə daxil edildi. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş müsəlman respublikası Azərbaycan idi. Heydər Əliyevin “Literaturnaya qazeta”da dərc edilmiş məşhur müsahibəsinin sərlövhəsindəki “Qoy, ədalət zəfər çalsın!” aforizmi Azərbaycan ictimaiyyətinin qabaqcıl nümayəndələri, məmur heyətinin böyük bir qismi üçün mənəvi-əxlaqi prinsipə çevrildi. Bu dövrdə akademiya şəhərciyinin tikintisi tam başa çatdırılmış, Elmlər Akademiyasında, ali məktəblərdə və başqa müəssisələrdə çalışan elmi işçilərin sayı xeyli artmış, elmi tədqiqat işlərinin sürətlənməsi müşahidə edilmiş, yeni institutlar, laboratoriyalar, konstruktor büroları açılmışdır. Elm, iqtisadiyyat və mədəniyyətin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının aldığı yüksək mükafat “Xalqlar dostluğu” ordeni 1975-ci ildə Heydər Əliyev tərəfindən təqdim olunmuşdur.
Bütövlükdə bütün Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, uğurlar, 14 iyul tarixi xalqımızın qəlbində həm də milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.