Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

16.07.2025 10:50
  • A-
  • A
  • A+

Xankəndim – Cankəndim

Xankəndim – Cankəndim

Çoxdan arzusunda olduğum bir səfərim var idi, Xankənkəndi! Bu dəfə səfərim fərqli, həyəcanlı idi.

Qürur və həyəcanla əzəli torpağımıza yollanıram. 30 ilə yaxın işğal dövründən sonra Azərbaycan əsgərinin süngü ilə azad etdiyi, Ali Baş Komandan İlham Əliyevin Zəfər tariximizə qızıl hərflərlə yazdığı Xankəndini ilk dəfə idi görürdüm. Qəribə hislərdir, yol boyu 44 günlük vətən müharibəsini, olan hadisələri, yaşadıqlarımız həyacanı bir-bir xatırlamaq, həm sevinc, həm də kədər qarışıq dolu hisslər. Bundan öncə gəldiyim səfərlərdə Xankəndiyə uzaqdan baxırdım və bir gün bura gəlməyi çox arzulayırdım. Bu zəfəri bizə yaşadan şəhidlərimizin qarşısında baş əyirəm. Hisslərimi ifadə etməkdə çox çətinlik çəkirəm. İlk səfərim çox emosional idi. Hətta Şuşaya ilk gələnlərdən idim. Bu, mənim üçün ağır idi. Xatırlayıram ki, səfərimdə saatlarım ağlayaraq keçdi. Çünki müharibə yeni bitmişdi və izləri hələ təzə idi. İkinci səfərimdə isə duyğusallıqdan daha çox qürur hissi yaşayırdım. Hər səfərimdə Qarabağda fərqli inkişaf və gözəlliklər görürəm. Yol boyu quruculuq, yenidənqurma işlərinin şahidi olmaq, Qarabağımızın yenidən dirçəlməsi bizdə sözlə ifadə ediləsi mümkün olmayan bir hiss doğurur. Hər ağrıda qəlbinə dağ çəkib, əyilməyən dağlar... Nə hicranlar, nə vüsallar, nə tarixlər görüb, əyilməz dağlar. Kim bilər hansı dəyərlər yetişəcək, ruhuna qovuşduğu məmləkətdən. Ən gözəl şeirlər, nəğmələr şəninə yazılacaq, ülviliyi dərinlərdə daima duyulacaq. Kim bilir, bəlkə də minlərlə tələbə yetişdirəcək xanın ruhu. Bu gün qurulan o yerlər minlərlə gəncin xatirələrini inşa edəcək, məhv olmuş xəyalları yenidən dirçələdəcək, ən böyük fədakarlıqların nəticəsində...

Bu yol Vətən dərdini çiyinlərində daşıyan fədailərin, dostlarının, silahdaşlarının, qurban verdikləri xatirələrinin mübarizəsi ilə doludur. Mənim buraya gəlmək arzum ən çətin anında ehtiyac duyduğu atasının isti nəfəsini, soyuq məzar daşında tapan, ancaq onu başqalarının xatirələrindən tanıyacaq körpənin səadətindən... Övladının nəşinin tapılmasına qurban kəsən ananın həyatından doğulub.

Heç bir dəyər səbəbsiz var olmur; o dəyəri var edən, uğrunda fəda etdiklərimizdir. Bu, Vətən sevgisinin mücəssəməsi, fədakarlığın zirvəsidir. Qəribədir, sənə, səndən xəbərsiz sonsuz bir dəyər qalır, adını belə bilmədiyin, Vətən adında birləşən oğullardan... Geriyə bu dəyərə sahib çıxıb, müqəddəs bilmək, yaşatmaq qalır. Qarabağımız yenidən dirçəlir.

Və budur, biz Xankəndiyə çatmışıq, küçələrdə sevincli, xoşbəxt həmvətənlərimizi görürük. Kimi mahnı oxuyur, kimi də tarixi əbədiləşdirmək üçün şəkil çəkdirir. Bütün bunlar göstərir ki, biz qayıtmışıq. Ən sevincli və qürurverici hal Xankəndiyə tələbələrin dönməsidir. Onlar şəhərin ab-havasını dəyişib, yeni ab-hava gətiriblər. Qarabağ Universitetinin tələbələri ilə Xankəndidə fərqli bir tarix başlayıb.

İndi Qarabağ da, Şərqi Zəngəzur da Ulu Öndərin arzularındakı kimidir – azad, abad, yenidən dirçələn və həyat dolu. İllərlə həsrətində olduğumuz o torpaqlarda indi çaylar və bulaqlar gur axır, meşələr pöhrələyir, kəndlər və şəhərlər yenidən qurulur, evlərdə işıq yanır. Hər daşında, hər ağacında, hər nəfəsində azadlığın, doğmalığın və həyatın qayıdışını hiss etmək olur. Bu torpaqlar uzun illər susqunluğa bürünsə də, indi yenidən nəfəs alır, canlanır.

Xankəndimi qarış-qarış gəzdim, qoxusunu içimə çəkib, torpağını bağrıma basdım. Sən necə əvəzsiz hislər imişsən əziz Vətənim, səndən doymadım.

Beləcə, artıq qayıtmaq vaxtı çatmışdı. Bir gözüm, bir ayağım arxada, qəlbimin bir tərəfini o gözəl torpaqlarda qoyub üzü Bakıya sarı yola düzəlirəm. Havası ciyərlərimə bayram yaşatdı, yağışı yudu, günəşi qurutdu, torpağı köksü altında gizlətdiyi yaralarını ruhumuza pıçıldadı, çiçəkləri alınlarına sürtdükləri şəhid qanlarının müqəddəsliyindən bəhs etdi, hər daşı, hər dağı xalqımızın əzmini, qəhrəman oğullarımızın şücaətini beynimizə qazıdı... Qəlbimə, varlığıma köçürtdüm Xankəndini. Mən qayıtdım, ama ruhum burda qaldı. Yenidən görüşmək ümidi dilə Xankəndim!

Tünzalə ZEYVƏLİYEVA (Arazlı), AR Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun İctimaiyyətlə  əlaqələr şöbəsinin müdiri

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: