İsrail Təl-Əviv Universitetinin Dəqiq Elmlər Fakültəsi Geofizika şöbəsinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Lev Eppelbaum, Təl-Əviv Universitetinin professorları Youri Katz və Zvi Ben-Avraham, Azərbaycan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin rəhbəri AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov və AMEA-nın həqiqi üzvü İbrahim Quliyevin müəllifi olduqları "Geodynamic, Tectonophysical, and Structural Comparison of the South Caspian and Levant Basins: A Review" (“Cənubi Xəzər və Levant hövzələrinin geodinamik, tektonofiziki və struktur müqayisəsi: İcmal”) adlı məqalə nüfuzlu beynəlxalq elmi nəşr olan “Geosciences” jurnalının Geofizika bölməsində dərc edilmişdir.
“Geosciences” jurnalının H-indeksi - 59, WoS bazasında impakt faktoru 2.5, CiteScore - Q1 -dir.
Cənubi Xəzər və Aralıq dənizi Levant hövzələri Avrasiyanın mühüm karbohidrogen əyalətlərinə aiddir. SCB-nin nəhəng karbohidrogen ehtiyatları yaxşı məlumdur. LB daxilində indiyədək yalnız bir neçə kommersiya məqsədli qaz yatağı aşkar edilmişdir. Həm LB, həm də SCB bəzi oxşar geotektonik və geoloji xüsusiyyətlərə malikdir. Bu hövzələr tektonik və struktur cəhətdən olduqca mürəkkəbdir və diqqətli, çoxkomponentli geoloji-geofiziki analiz tələb edir. Məqalədə bu hövzələrin çoxsaylı tektonik, geodinamik, morfoloji, çöküntü və geofiziki aspektlərinin hərtərəfli müqayisəsi verilmişdir. Tədqiqat işində aşağıdakı nəticələrə gəlinmişdir:
- Levant hövzəsi nəhəng, saat əqrəbinin əksi istiqamətində fırlanan dərin mantiya strukturunun proqnozlaşdırılan mərkəzinin üstündə yerləşir və eyni istiqamətdə fırlanır.
- Saat əqrəbinin əksinə fırlanan dərin mantiya strukturunun şərq seqmenti mürəkkəb konfiqurasiyaya malik olan İran plitəsinin qərb hissəsinə təsir edir. Bu qarşılıqlı təsir İran plitəsinin şimala və şimal-şimal-şərqə doğru hərəkətini təhrik edir və sonradan Cənubi Xəzər hövzəsinin saat əqrəbi istiqamətində fırlanmasına səbəb olur.
- Hər iki hövzədə aşağı istilik axını dəyərləri və qalın çöküntü təbəqələrinin olması, geodinamik proseslərin müqayisəsi və təhlili əsasında böyük dərinliklərdə (SCB üçün 8-13 km və LB üçün 7-10 km) karbohidrogen yataqlarının kəşfiyyatı üçün ortaq kriterinin hazırlanması yeni axtarış imkanları yaradır. Bu elmi nəticələr Cənubi Xəzər və Levant hövzələrinin oxşarlıq prinsipləri nəzərə alınmaqla yeni yataqların axtarılmasına öz töhfəsini verə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.