Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.09.2025 17:48
  • A-
  • A
  • A+

Azərbaycanın cənub-şərqində unikal arxeoloji tapıntılar üzə çıxıb

Azərbaycanın cənub-şərqində unikal arxeoloji tapıntılar üzə çıxıb

Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində Antik dövrə aid küp məzarı tədqiq edilib.

AMEA Arxeologiya və Antroplogiya İnstitutunun aparıcı elmi işçiləri t.ü.f.d, dosent Anar Ağalarzadə və t.ü.f.d., dosent Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq “3 №li küp məzarı” kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb. Maraqlı xüsusiyyət ondan ibarətdir ki, məzar bütünlüklə dəniz balıqqulağı ilə örtülmüş və hətta dəfn küpünün içərisi də ballıqqulağının təsirindən ciddi zədələnib. Bunun da başlıca səbəbi dəfndən çox sonralar arealı Xəzər dənizinin qabarması nəticəsində su basmış və qəbirlər uzun müddət su altında qalmışdır.

Tədqiq olunan küp qəbir yanı üstə, ağız hissəsi qərb istiqamətində basdırılmışdır. Dəfn qabının ağzının bir tərəfində keyfiyyətsiz gildən zəif hazırlanmış 1 ədəd qulplu küpə qoyulmuşdur. Təəsüf ki, kəskin rütubətin təsirindən qeyd olunan qab dağılmışdır. Küpün kənarında 1 ədəd kiçik həcmli ağzı novçalı qab da qoyulmuşdur. Bu qab oynoxoya (və ya enoxoya) tipli qab olmuş ağzı yuvarlaq şəkildə üç yerə şaxələnən təkqulplu dolçadır. Adının mənasından bilindiyi kimi şərab saxlamaq üçün istifadə olunub. Qeyd olunan dəfn prosesi zamanı küpün ağız tərəfində ocaq yandırılmışdır ki, bu da elmi ədəbiyyatda pis və şər ruhlardan təmizlənmək anlamına gəlməkdədir.

Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə, üzü cənub-qərb istiqamətində insan dəfn edilmişdir. Antropoloq D.Kiriçenkonun fikrincə, küp qəbirdəki insan Qafqaz görünüşünə malik yetkin kişi skeletinin qalıqlarıdır. İnsanın dişlərində ciddi aşınma, həmçinin kariyes və diş daşları olmuşdur. Skeletin bud sümükləri yüksək fiziki fəaliyyətin göstəricisidir ki, bu da "atlı döyüşçü" kimi qiymətləndirilə bilər. Qəbirdən aşkar edilən dəmir cida ucluğu dolayısı ilə qeyd olunan fikirləri təsdiqləyir. Belə ki, dəfn olunan insan at sürən və nizə atan döyüşçü kimi çox güman ki, süvarilərə mənsub olmuşdur.

Skeletin ətrafında 3 ədəd balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və 1 ədəd kasa tipli qab qoyulmuşdur. Qəbirdən aşkar edilmiş saxsı qablar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.

Küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılmışdır. Bu qızıl sırğaların bütün antik dünyada bir çox paralelləri vardır. Bu tip sırğalar ilk dəfə Aralıq dənizində Tunc dövründə, Krit adasında meydana gəlmişdir. Eramızdan əvvəl II minilliyin ortalarından etibarən bu üslub Yunanıstanın Kipr və İtaliyanın Siciliya adalarındakı zərgərlik ustaları tərəfindən hazırlanmış və burada minilliklər başlayaraq orta əsrlərə qədər formasını saxlamışdır. Bu formalı sırğalar hətta vazalar və sikkələrdə də təsvir edilmişdir. Onları qəlibdə tökmək üçün hazırlanan qəlib-formalar Kipr və Kritdəki dəfnlərdən tapılmışdır.

Bu tip sırğalar Azərbaycanda ilk dəfə 1949-cu ildə arxeoloq Ömər İsmizadə tərəfindən Yaloylutəpə nekropolundakı (Qəbələ r-nu) 1 və 3 saylı torpaq qəbirlərindən tapılmış və eramızdan əvvəl I əsrə aid edilmişdir. Daha sonralar Mingəçevir SES-in qazıntıları zamanı eramızın I-III əsrlərinə aid katakomba dəfnlərində də belə zərgərlik nümunələri aşkar edilmişdir. Cənubi Qafqazda isə oxşar sırğalar Mtsxeta (Gürcüstan) və Qarnidəki (Ermənistan) qazıntılardan məlumdur.

İlkin ehtimala görə, Eminli sırğalarının ən yaxın coğrafi məkan, həm də qədim zamanlarda bu əşyaların istehsal mərkəzi olan Aralıq dənizi bölgəsindən, ilk növbədə Kiprdən gətirildiyi güman edilir.

Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən hələlik yeganə zəngin dəfn abidəsi hesab etmək olar. Qeyd olunan bu xüsusiyyətlər yaxın gələcəkdə abidədə kompleks əsaslı arxeoloji qazıntıların aparılmasının vacibliyini göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: