Bu gün də yüzlərlə Bakı Dövlət Universitetinin məzunu AMEA-nın müxtəlif institut və mərkəzlərində çalışır, elmin inkişafında, yeni istiqamətlərin formalaşmasında və beynəlxalq səviyyədə Azərbaycanda elmin nüfuzunun yüksəldilməsində mühüm rol oynayır.
Bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU-da AMEA-nın 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Elçin Babayev 80 illik şərəfli yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, bu yubiley bir elmi qurumun deyil, bütövlükdə Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramıdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi barədə 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın ölkəmizdə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir. Bu mühüm sənəddə Akademiyanın ölkəmizdə elmin inkişafı, elmi fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasındakı böyük rolu xüsusi vurğulanır. Ümummilli Lider Heydər Əliyev elmin və təhsilin inkişafını həmişə ölkənin gələcəyi ilə birgə dəyərləndirirdi. Ulu Öndərin yaratdığı bu möhkəm elmi və mənəvi təməl üzərində Azərbaycanda elm bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu böyük ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində fundamental islahatlar həyata keçirilir, elmin idarəetmə mexanizmi təkmilləşdirilir. Elmi nəticələrin innovasiyaya çevrilməsi, elm-universitet-sənaye əməkdaşlığının genişlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.
Rektor bildirib ki, 1945-ci ildə AMEA yaradıldıqdan qısa müddət sonra ölkəmizin elmi həyatının mərkəzinə çevrildi, xalqımızın intellektual potensialının formalaşması, milli kimliyimizin elmi əsaslarla öyrənilməsi və qorunmasında mühüm rol oynadı. Akademiyanın yaranması Azərbaycanda elmin dövlət səviyyəsində təşkilatlanması, onun müstəqil inkişaf yoluna çıxması demək idi. Ancaq bu böyük elmi məktəbin kökləri daha qədimə - 1919-cu ilə gedir. Çünki o zaman yeni yaradılmış BDU-nun ilk professorları, ilk elmi laboratoriyaları, elmi məktəbləri sonradan AMEA-nın əsasını qoyan qüvvələrə çevrildi: “Bakı Dövlət Universiteti Azərbaycan elminin beşiyidirsə, Azərbaycan Milli Elmlər Akademiyası onun yetkinlik zirvəsidir. Bu iki elmi mərkəz tarix boyu bir-birini tamamlayıb, bir-birinə dayaq olub. AMEA-nın yaranması və inkişafında BDU-nun rolu əvəzsizdir. 1926-1932-ci illərdə BDU-nun professor və məzunları Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun (DETİ) əsas elmi qüvvəsini təşkil edib, sonradan bu institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılıb. Sovet dövründə Universitetin alimləri və məzunları Akademiyanın elmi-tədqiqat bölmələrinin əsas heyətini təşkil edərək, xüsusilə fundamental elmin inkişafında mühüm rol oynayıblar. Həbibulla Əmirxanov, Abdulla Qarayev, Aleksandr Makovelski kimi görkəmli alimlər, eləcə də Akademiyanın təsisçilərindən olan Heydər Hüseynov, Yusif Məmmədəliyev, Aleksandr Qrossheym və Mirəli Qaşqay BDU-nu şərəflə təmsil edirdi. Ayrı-ayrı dövrlərdə iki dəfə Elmlər Akademiyasına rəhbərlik etmiş, dünya şöhrətli alim Yusif Məmmədəliyev 1954–1958-ci illərdə BDU-nun rektoru kimi fəaliyyət göstərib. Bu gün də yüzlərlə BDU məzunu AMEA-nın müxtəlif institut və mərkəzlərində çalışır, elmin inkişafında, yeni istiqamətlərin formalaşmasında və beynəlxalq səviyyədə Azərbaycanda elmin nüfuzunun yüksəldilməsində mühüm rol oynayır. Onların uğurları BDU-nun elmi məktəblərinin, tədris ənənələrinin və mənəvi dəyərlərinin davamı kimi dəyərləndirilir. BDU ilə AMEA arasında bu mənəvi və elmi bağ ötən əsrdə olduğu kimi, bu gün də Azərbaycanda elmin inkişafının hərəkətverici qüvvəsidir. BDU və AMEA eyni elmi məfkurənin, milli intellektual inkişafın sütunlarıdır. Onların qarşılıqlı fəaliyyəti, elmi varislik və əməkdaşlıq ənənəsi bu gün də Azərbaycanda elmin gələcək uğurlarının əsasını təşkil edir”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.