Azərbaycan mədəniyyət tarixində bir çox ilklərə imza atmış görkəmli şəxsiyyət, pedaqoq, naşir, xalq ziyalısı Həsən bəy Məlikov Zərdabi (1842-1907) Şamaxıda 4 sinifli rus məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1858-1861-ci illərdə I Tiflis Gimnaziyasının beşinci sinfinə atasının dayısı Tiflis çar ordusunda xidmət edən general-mayor Fərəc bəy Ağayevin (1811-1878) vasitəsilə daxil olur. Tiflis mühiti istedadlı gəncin dünyagörüşünə yeni həyat bəxş edir. Uşaqlıq və ilk gəncliyinin həssas bir dövründə Azərbaycan ədəbiyyatı dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə (1812-1878), şair, yazıçı, alim və mütəfəkkir Abbasqulu ağa Bakıxanovun (1794-1847) kiçik qardaşı general-mayor Abdulla ağa Bakıxanov (1842-1879) və daha neçə-neçə böyük ziyalılar, görkəmli şəxsiyyətlərlə tanış olur.
Bu tanışlıqlardan yaranan isti münasibət Həsən bəyin gələcəkdə olan çətinliklərinə mənəvi xidmət göstərir. Belə ki, sonrakı illərdə qəzet nəşriyyatı üçün imkanları olmayan həqiqət çarçısına, millət fədaisinə Abdulla ağa Bakıxanovun əvəzsiz və təmənnasız maddi dəstəyi böyük rol oynayır.
Moskvada təhsil alıb qayıtdıqdan sonra bir pedaqoq kimi fəaliyyət göstərən Həsən bəy Zərdabi böyük arzularla yaşayır. Çar hökumətinin siyasəti nəticəsində savadsızlıq içində boğulan xalqını qəflət yuxusundan oyatmağa çalışmaq istəyi onda qəzet vasitəsi ilə həyata keçirmək amalına çevrilir. Odur ki, bir çox ziyalılarla görüşür, məsləhətlər alır, dəstək istəyir. Qafqazın o dövr üçün ziyalı ocağı sayılan Tiflisə üz tutur. Gənclik illərinin dəyərli simaları ilə fikir mübadiləsi edir. Bu işin heç də asan olmadığını görür. Artıq ilk Azərbaycan dramaturqu kimi tanınan, filosof yazıçı Mirzə Fətəli Axundov onun bir dost kimi məsləhət yeri, güvənc yeri olur. Axundovla Zərdabinin qəzet nəşr edilən illərin əvvəlində və nəşr olunan dövrdə bir-birinə yazdıqları məktublar tarixi bir sənəd və sübutdur. Odur ki, bu dahi şəxsiyyətlərin, XIX əsrin milli fədailərinin, millətin ziya ocaqlarının məktublarını olduğu kimi işıqlandırmağa borcluyuq.
Çox böyük elmi və həyat təcrübəsi olan M.F.Axundzadədən yeni həyata qədəm qoymaq istəyən “Əkinçi” qəzeti haqqında fikir və iradlarını öyrənmək məqsədilə Həsən bəy Zərdabinin M.F.Axundzadəyə göndərdiyi məktubunu sizə ixtisarla təqdim edirik:
... ancaq elə fikirləşməyin ki, xalqın maarifləndirilməsi bir məqalə və ya pyeslə düzələsi şeydir. Xeyr, burada görüləsi iş çox-çoxdur. Bu yolda külüng vura biləcək onlarla adamın həyatı və əməyi də bu iş üçün azdır.
Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə belə ümidiniz olmadan bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maarifləndirilməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir, xalqın, həm də geridə qalmış, avam xalqın, sənin və mənim qardaşlarımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır.
Mənim nəşrinə başlamaq istədiyim qəzetdə əməkdaşlıq etmək istədiyinizi bildirirsiniz. Mütəşəkkirəm... Qəzetin nəşri haqqında olacaq elanı, əlbəttə, Sizə də göndərirəm ki, yayılmasına kömək eləyəsiniz.
Sizin Zərdabi Məlikov
Bakı, 7 iyun 1873-cü il.
İndi isə M.F.Axundzadənin Həsən bəy Zərdabiyə yazdığı məktubunu sizə təqdim edirik: (ixtisarla)
... Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zəifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizliyinə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin etdiyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir. Mən elanda olan bütün səhvlərin altından qırmızı karandaşla cızıqlar çəkib, onlardan bir nüsxəsini tanış olmaq üçün sizə göndərirəm.
Mən sizin qəzetinizdə əməkdaşlıq etməkdən boyun qaçırmıram. Qəzetinizin proqramını mənə göndərin.
Səmimi ehtiram və sədaqətlə,
Sizin Mirzə Fətəli Axundzadə
21 aprel 1875-ci il, Tiflis şəhəri.
“Əkinçi” qəzetinin (1875-1877) nəşrindən sonra Mirzə Fətəli Axundzadənin 21 aprel 1875-ci il, Tiflis şəhərindən H.B.Zərdabiyə göndərdiyi məktubuna cavab olaraq Zərdabi belə yazırdı:
Daxiliyyə (ixtisarla)
Ey mənim dostum Milləti-islamın vəkili-naməlumu (məktubat fəslində çap olunan kağıza cavabdır) Sizin kağıza cabəca cavab yazmaq sonraya qalsın, indi lazım bilib ərz edirəm ki, o kağız qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır. Elm təhsil etmək biz Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavanası çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub öz millətini bisəmərə olmaqdan mühafizə etmək istəyə, onlar hər ildə 20 min manat cəm edə bilər.
Ey mənim dostum, heç bilirsinizmi ki, bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, onilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Saniyən, Tiflis və ya qeyri şəhərdə bir məktəbxana açmaq olur ki, hər 3 yüz ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Orada onlara türk, fars, ərəb dillərini öyrədib elm kitabları təlim etməyi öyrədəndən sonra hər uşağı göndərən icma onu aparıb öz şəhərlərində və ya kəndlərində ildə evə bir manat vermək ilə məktəbxana aça bilər. Belədə tamam Qafqazın şəhərlərində və ya kəndlərində məktəbxana açdıra bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki, ol vaxtda indikindən yaxşı müsəlman oluruq. Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizə etmək istəyiriksə, qəflətdə olmaq nə lazım.
Həsən bəy Zərdabi
Daxiliyyə. “Əkinçi” qəzeti,
1877, №2, 18 yanvar.
İndi isə M.F.Axundzadənin “Əkinçi” qəzetinin naşiri Həsən bəy Zərdabiyə göndərdiyi məktubu ilə tanış olaq:
Məktubat
Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin... Çox yaxşı sözün baməna və nəsihətin müfiq və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək. Əgər külli və kimdən öyrənək və hansı dildə öyrənək. Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə?
Bərfərz ki, etdik müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək ya yox? Əgər deyirsən açın insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?
Dövləti-qəviyyeyi-Rusiya bu itaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir, biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya nisbət.
Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək?
Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər. Sənin muradın o vaxta kimilən bitər ki, bizim hətta çobanlarımız da oxumaq bilə.
M.F.Axundzadə Milləti-islamın vəkili-naməlumu. “Əkinçi” qəzetinin Məktubat bölməsi, 1877 №2, 18 yanvar.
Amma göstərdiyi iradlara baxmayaraq M.F.Axundzadə “Əkinçinin” Tiflisdə yayılması işinə əlindən gələn köməkliyi edirdi. Qəzetə abunə yazdırmaq üçün H.B.Zərdabinin ona göndərdiyi elanları tanıdığı şəxslərə göndərərək onları qəzetə abunə yazdırırdı.
Həsən bəy Zərdabi M.F.Axundzadənin məktubunda yazdığı iradları ilə razılaşır və qeyd edir ki, onun yaratdığı milli mətbuat elə dil öyrədən bir mətbuatdır. Çünki qəzetdə xalqın gözünü açan, hüququnu müdafiə edən, ona qəzet oxumağı öyrədən, təhsilin vacibliyini göstərən, yaxşı həyat uğrunda mübarizə aparmağa çağıran fikirləri üstüörtülü verilirdi.
Nəhayət, fikir və duyğularına həmdəm olan Fətəli bəyin göstərdiyi bu çətinliklərə sinə gərərən, xalqını qəflət yuxusundan oyatmağa çalışan Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin nəşri ilə Milli Mətbuatımızın ilkin qaranquşuna çevrildi, elmin, təhsilin, mədəniyyətin ziya işığı oldu, xalqımızın adını ən uca zirvələrə yazdırdı.
Həsən bəy Zərdabi bütün süurlu həyatı boyu el-obasının, xalqının maariflənməsi üçün çalışmışdır. Ölüm yatağında olarkən belə onun dediyi sözlər fikrimizi təsdiqləyir: “Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar." Bu fikirdə sanki M.F.Axundzadənin ürəyindən keçən fikir də vardır ki, müsəlmanlar arasında savad yayan cəmiyyət elə çobanlarımızı da savadlandıracaq.
Beləliklə, XİX əsrin bu ziya işıqlarının əməlləri zaman-zaman şölələndi və öz parlaqlığı ilə əbədiyaşarlığa, sönməyən bir günəşə çevrildi.
Esmira CAVADOVA, tarix üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.