AMEA İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı Türk Əməkdaşlıq Koordinasiya Agentliyinin (TİKA) texniki və maliyə dəstəyi ilə Türkiyədə ezamiyyətdə olublar. İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti - elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva, aparıcı elmi işçilər f.f.d. Mayis Gulalıyev, i.f.d. Rüfət Əfəndiyev, i.f.d. Emin Məmmədzadə və i.f.d. Samirə Ağayeva Ankara və İstanbul şəhərlərində yerləşən bir sıra nazirlik və universitetlərdə görüşlər keçiriblər. Əsas məqsəd iki qardaş dövlət arasında elmi əlaqələri daha da gücləndirmək, birgə fundamental, uzunmüddətli tədqiqatlar aparmaq və hər iki ölkə iqtisadiyyatının davamlı inkişafına töhfə verməkdir.
İstanbulda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının İstanbul Mərkəz Bankçılığı Araşdırma və Tədris Mərkəzi, Türkiyə Katılım Bankları Birliyi, İstanbul Universiteti, İstanbul Ticarət Universiteti, İstanbul Texnik Universiteti və İstanbul Sabahattin Zaim Universitetində, Ankara şəhərində isə Qazi Universiteti, Türkiyə Cumhuriyyəti Ekonomi Bakanlığı, Kalkınma Bakanlığı Ekonomik Modellər və Stratejik Araşdırmalar Bölümün, o cümlədən TİKA-nın Qafqaz və Orta Asiya Respublikaları üzrə dairə başkanı Murat Çətinlə keçirilən görüşlərdə müvafiq sahədə əməkdaşlıq əlaqələrinin qurulması məsələsi müzakirə edilib.
Müzakirə çərçivəsində hər iki ölkə alimlərinin birgə elmi araşdırmalar aparması, Türkiyədə iqtisadiyyatla bağlı nəşr olunan dərgilərdə redaksiya heyətinə Azərbaycanın tanınmış iqtisadçı alimlərinin, eyni zamanda Azərbaycanda elmi jurnalların redaksiya heyətinə Türkiyənin nüfuzlu iqtisadçı alimlərinin daxil edilməsi, birgə konfrans, simpozium və seminarların keçirilməsi məsələlərinə baxılıb.
Görüşlər çərçivəsində, həmçinin türkdilli dövlətlərin iqtisadçı-alimlərinin I Bakı Forumunun keçirilməsi, universitetlərlə doktorantura hazırlığı üzrə tələbə mübadiləsinin həyata keçirilməsi və s. kimi təkliflər irəli sürülüb.
AMEA İqtisadiyyat İnstitutunun rəhbərliyinin qərarı ilə institutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva iki ölkə arasında əməkdaşlıq çərçivəsində görüləcək işlərlə əlaqədar koordinator təyin edilib.
Qeyd edək ki, ötən ilin fevral ayında Bakı şəhərində TİKA ilə AMEA İqtisadiyyat İnstitutu “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda birgə elmi konfrans keçirmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.