Oktyabrın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbir 18 Oktaybr - Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü və 29 Oktyabr - Türkiyə Respublikasının Cümhuriyyət Gününə həsr olunub.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Türkiyə münasibətlərinin elmi, siyasi və ideoloji cəhətdən qiymətləndirilməsi baxımından bugünkü konfransın önəmini qeyd edib.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamına əsasən müxtəlif formatlarda bu elm ocağının yubiley tədbirlərinin keçirildiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın noyabrda baş tutacaq 80 illik yekun yubiley mərasiminə hazırlaşdığını bildirib. O, bu günə qədər Elmlər Akademiyasının yubileylərinin yalnız 3 dəfə qeyd edildiyini söyləyərək vurğulayıb ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində 1975-ci il ildə Akademiyanın 30 illik yubileyi keçirilib. Sonrakı mərhələdə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2005 və 2015-ci illərdə AMEA-nın 60 və 70 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib.
Akademik İsa Həbibbəyli AMEA-nın tarixində ilk dəfə olaraq Akademiyanın yubileyinin ölkədən kənarda - qardaş Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirildiyini, bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın 80 illiyinin qeyd olunduğunu bildirib. Həmçinin AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin iştirakı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında bu elm ocağının yubileyinin keçirildiyini söyləyib. AMEA rəhbəri Akademiyanın yubiley tədbirlərinin Qarabağda, Naxçıvanda, Vəcihə Səmədova adına Sərgi salonunda və Bakı Dövlət Universitetində də təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, Qarabağ Universitetində keçirilən tədbir çərçivəsində universitetin kitabxanasına AMEA tərəfindən 1246 kitab hədiyyə edilib. Eyni zamanda, Naxçıvan Universitetinin tələbələrinin MEK-in elektron nəşrlərindən ödənişsiz yararlanmaları üçün onlara oxucu kartları verilib.
O, bu günlərdə Yeni Azərbaycan Partiyası ilə də birgə yubiley mərasiminin keçirildiyini xatırladaraq, tədbir çərçivəsində AMEA-nın bir sıra əməkdaşının partiyaya üzv qəbul edildiyini bildirib.
Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsinin qardaş Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi qardaşlıq nümunəsinin, türk dünyası ölkələrinin sarsılmaz birliyinin əyani sübutu olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən inamla, müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir.
AMEA rəhbəri bildirib ki, XX əsr boyunca iki qardaş ölkə ən müxtəlif hadisələrdə bir-birinə daim dəstək göstərib. Azərbaycan və Türkiyə yalnız daxili siyasətdə və ikitərəfli münasibətlərdə deyil, beynəlxalq arenada da sözün əsl mənasında birlik və həmrəylik nümayiş etdirib. İki dövlət başçısının qarşılıqlı hörmətə, səmimiyyətə və ortaq strateji maraqlara əsaslanan münasibəti, vahid mövqedən çıxış etməsi Türk dünyası üçün böyük örnəkdir.
Akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsinin Türk dünyasının inteqrasiyasının yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Vurğulayıb ki, məhz Qarabağ savaşında Prezident İlham Əliyevin “Dəmir yumruğu” ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra Türk dövlətləri arasında birliyin, yaxınlaşmanın və həmrəyliyin güclənməsi istiqamətində addımlar daha da sürətlənmişdir.
“Bu gün Türk Dövlətləri Təşkilatı qısa müddət ərzində dünya miqyasında nüfuzlu güc mərkəzinə çevrilmiş, Türk dövlətlərinin birgə məsləhətləşmə, əməkdaşlıq və strateji inkişaf planlarını müəyyən edən mükəmməl şəkildə təşkilatlanmış quruma çevrilmişdir. Bu proses yalnız regional əməkdaşlıq deyil, eyni zamanda Türk sivilizasiyasının birliyini və ortaq dəyərlərini möhkəmləndirən tarixi hadisə kimi qiymətləndirilməlidir”, – deyə alim əlavə edib.
Akademik İsa Həbibbəyli türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynayan Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsi, 2009-cu ildə Türk Dövlətləri Təşkilatının Naxçıvanda yaradılması kimi tarixi hadisələrin Türk dünyasında Azərbaycanın yerini, möqeyini, birləşdirici funksiyasını aydın şəkildə göstərdiyini söyləyib. Bildirib ki, bu gün Azərbaycan dünyada öz sözünü deyən, etibarlı və dəyərli tərəfdaş kimi tanınır və dünyaya barış, ədalət, təhlükəsizlik, əməkdaşlıq, dostluq, həmrəylik təqdim edir.
Ali Baş Komandan İlham Əliyev tərəfindən dünya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, ABŞ Prezidentinin dövlətimizin başçısına “Siz böyük lidersiniz” kimi yüksək qiymət verməsi həm Prezident İlham Əliyevə, həm də Azərbaycan xalqına verilən dəyərin bariz göstəricisidir. O, həmçinin Azərbaycan Prezidentinin Yaxın Şərq kimi mürəkkəb geosiyasi mühitdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakının Azərbaycanın qlobal miqyasda əhəmiyyətli mövqeyini göstərdiyini söyləyib.
Çıxışının sonunda AMEA rəhbəri beynəlxalq konfransı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə, iki qardaş ölkənin keçdiyi inkişaf yoluna həsr olunmüş əhəmiyyətli tədbir kimi yüksək dəyərləndirib. AMEA-nın 80 illik yubileyi və iki ölkənin milli bayramları ərəfəsində keçirilən konfransın Türkiyə ilə elmi əlaqələrin inkişafına da töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin üzvü Hulusi Kılıç “1915-ci ildən başlayan Türkiyə-Azərbaycan qarşılıqlı yardım dövrləri və iki qardaş ölkə münasibətlərinin bugünkü qürurverici durumu” adlı məruzə ilə çıxış edib.
Həyatının son 20 ilini Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına həsr etdiyini deyən məruzəçi 1915-ci ildən bugünədək iki qardaş ölkənin dostluq münasibətlərindən bəhs edib. Bildirib ki, Azərbaycan və Türkiyə tarix boyu bir sıra sınaqlarla üzləşsə də, həmin çətinliklərdən mətanətlə çıxıb. Ən fərəhləndirici məqam ondan ibarətdir ki, dövlətlərimiz və xalqlarımız bu çətinliklərin öhdəsindən gəlmək üçün bir-birinə əsl qardaşlıq dəstəyi göstərib.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə olduğunu söyləyən Hulusi Kılıç qeyd edib ki, bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Hulusi Kılıç əlavə edib ki, Ulu Öndər Heydər Əliyev Türkiyə ilə əlaqələrin qurulmasına hər zaman böyük əhəmiyyət verib. Dahi lider xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi prosesi başlanıb.
“Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır”, - deyə Hulusi Kılıç vurğulayıb.
O, 2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün böyük siyasi əhəmiyyətini qeyd edib. Bildirib ki, Zirvə görüşü Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası üçün mühüm bir dönüş nöqtəsi oldu.
Məruzəçinin sözlərinə görə, Azərbaycanın güclü lideri, güclü ordusu sayəsində qazanılan tarixi Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti ilə Azərbaycan öz istəyinə nail olub, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.
Tədbirdə Türkiyənin Milli Müdafiə Nazirliyinin müşaviri Yücel Karauz, Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri Cihangir İşbilir “Şuşa bəyannaməsi: müttəfiqlik nümunəsi” və millət vəkili professor Jalə Əliyeva “Azərbaycan-Türkiyə: əbədi iki sevdalı” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadənin “Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfi əsasları”, həmin institutun şöbə müdiri professor Füzuli Qurbanovun “Azərbaycan-Türkiyə münasibətlərində siyasi liderlik amili”, şöbə müdiri siyasi elmlər doktoru Ramilə Dadaşovanın “Yeni dünya nizamının formalaşması prosesi: Türkiyə və Azərbaycan”, şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Türk Dövlətləri Təşkilatı: reallıqlar və perspektivliklər” adlı məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.