AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşı, AMEA Folklor İnstitutunun doktorantı İlahə Əsgərova 6-8 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən “Türk dünyasının yeniləşmə prosesləri: Türk dünyasında Cədidçilik” adlı III beynəlxalq simpoziumda iştirak edib.
Türkiyənin Egey Universitetinin və Özbəkistan İqtisadiyyat və Pedaqogika Universitetinin birgə təşkil etdiyi bu beynəlxalq simpoziumda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Şimali Kipr Türk Respublikası və digər ölkə universitetlərinin rektorları, alimləri, professorları və tədqiqatçıları iştirak edib.
Panel müzakirəsində AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşı İlahə Əsgərova “Cədidçilik kontekstində Qarabağ folklorunda yer adları: milli kimliyin xalq yaddaşında rekonstruksiyası” adlı məruzə ilə çıxış edib.
İlahə Əsgərova öz məruzəsində 19-cu əsrin sonu ilə 20-ci əsrin əvvəllərində Türk-İslam dünyasında ortaya çıxan Cədidçilik (Usul-ü Cədid) hərəkatının modernləşmə və milli oyanışı vurğulayan bir maarifçilik axını kimi yüksəlməsindən, Cədidçi ziyalıların milli dirçəlişin yalnız siyasi və iqtisadi sahədə deyil, həmçinin xalqın şüurunda, dilində, ədəbiyyatında və folklorunda da təmin olunmasının vacibliyini müdafiə etməsindən, xalqın milli kimliyinin, tarixi yaddaşının və mədəni dəyərlərinin yenidən qurulmasına diqqət yetirmələrindən və bu kontekstdə Cədidçilərin ənənəvi xalq mədəniyyətindəki mifoloji elementləri “milləti oyandıracaq” vasitələr kimi görmələrindən danışıb.
O, təqdim olunan məruzənin ən mühüm hissələrində Qarabağ folklorundakı “Cıdır düzü”, “Qırxqız”, “Fatma ananın hanası”, “Qaraçuxa”, “Xarıbülbül” və “Topxana meşəsi” kimi əfsanə və rəvayətləri təhlil edilərək, onların milli kimlik dəyərlərini necə ehtiva etdiyini vurğulayıb və Cədidçilik ideallarına hansı yönlərdə uyğun gəldiyini şərh edib.
Məruzədə əfsanələrin ideoloji qatları prinsipi əsasında “Cıdır düzü” rəvayətlərində birliyin və həmrəyliyin vurğulanması bu məkan ətrafında qurulan folklor süjetlərinin xalqı birləşdirən, toplumu bir məqsəd ətrafında toplayan ideoloji məna daşıyaraq Cədidçilərin maarifçilik hərəkatında yaratmağa çalışdıqları sosial həmrəyliyin simvoluna çevrilməsi, “Qırxqız” əfsanəsində namus və qeyrət motivinin milli ideologiyanın Cədidçilik düşüncəsində millətin izzət və şərəfinin qorunması prinsipinə paralelliyi, “Xarıbülbül” əfsanəsində sədaqət və vətən sevgisi motivinin Qarabağ torpağına sədaqəti simvollaşdıraraq, xüsusilə müharibə və işğal dövründə bu əfsanənin milli müqavimətin emosional dayağı olması, “Topxana meşəsi” rəvayətlərində xalqın oyanış enerjisini konsolidasiya edən milli müqavimət və dirçəliş ruhunun özünü göstərməsi xüsusi həssaslıqla vurğulanıb.
Sonda İlahə Əsgərova vurğulayıb ki, Qarabağ folklorunun toponim əfsanələri milli kimliyin qorunması və rekonstruksiyası baxımından əvəzsiz dəyərə malikdir. Onlar xalq yaddaşını tarixi-mədəni kodlarla zənginləşdirir, Cədidçilik ideyaları ilə səsləşərək milli şüurun formalaşmasına xidmət edir. Bu gün həmin əfsanələr təkcə mədəni irs deyil, həm də milli ideologiyanın canlı sütunları kimi fəaliyyət göstərir. Qarabağ folkloru bu mənada Azərbaycan xalqının milli varlığını həm tarixi köklərə bağlayan, həm də gələcəyə daşıyan körpüdür.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.