“Vətən” deyiləndə düşüncələrimdə ilk olaraq Şəhidlərimiz canlanır. Çünki tarix boyu kök salıb yaşadığımız torpaqları Vətən edən məhz Şəhidlərdir. Onların fədakarlıq və qəhrəmanlığı bu torpağa müqəddəslik qazandırmışdır. İstiqlal şairi Mithəd Camal Küntayın dediyi kimi:
“Bayraqları bayraq edən, üstündəki qandır;
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”
Deyirlər, insana verilən adla onun xarakteri arasında bir bağlılıq olur. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da o insanlardan idi - adı kimi mübariz bir şəxsiyyət. Onun adı artıq bir obraz, bir ideya, bir ruh təcəssümünə çevrilmişdir.
2010-cu il iyunun 18-dən 19-a keçən gecə Mübariz İbrahimov içindəki sonsuz Vətən sevgisi ilə səngərini tərk edərək təkbaşına düşmən mövqelərinə doğru irəlilədi. Ədəbiyyat və folklorumuzda “tək çıxış” motivi - bir insanın haqq naminə təkbaşına mübarizəyə qalxması çox zaman milli kimliyin əsas göstəricilərindən sayılır. Mübariz İbrahimovun o cəsarətli addımı da xalqın yaddaşında yaşayan mifoloji və mənəvi kodların bugünkü ifadəsidir. Özünü “zalımın düşməni, məzlumun dostu” adlandıran Mübariz haqqında danışmaq, əslində, milli kimliyimizdən və mənəvi bütövlüyümüzdən danışmaq deməkdir.
Biz tez-tez deyirik: “Qəhrəmanlar ölməz.” Ancaq bu ifadə Mübariz İbrahimov üçün, sadəcə, bir cümlə deyil – yaşayan bir həqiqətdir. Onun adı çəkiləndə göz önündə düşmən qarşısına tək çıxan, qorxmadan ölümün üzərinə gedən igid canlanır. Mübariz üçün həyatın mənası uzun yaşamaq yox, doğru yaşamaq, haqqı qorumaq idi. Son məktubunda da yazırdı: “Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim...”.
Mübariz İbrahimovun həyatı səssiz, təvazökar, lakin qeyri-adi bir mərdliyin hekayəsidir. O, qəhrəman olmağı seçməmiş, sadəcə, Vətənə borcunu yerinə yetirmişdi. Bu gün onun haqqında yazılan kitablar, çəkilən filmlər, deyilən sözlər bir məqsədə xidmət edir: Mübarizin ruhunu yaşatmaq, gənclərə onun kimi düşünməyi, Vətəni, milləti onun qədər sevməyi öyrətmək.
Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” adlı kitabı da bu missiyanı daşıyan əsərlərdən biridir. Şəhidimizin atası, mərhum Ağakərim İbrahimovun təşəbbüsü ilə qələmə alınmış bu kitab ədəbi nümunə olmaqdan əlavə, həm də yaddaşın, ağrının və qürurun daşıyıcısıdır. Əsər təkcə bir şəhidin hekayəsi deyil, eyni zamanda xalqın öz oğluna bəslədiyi sevgi və ehtiramının, mənəvi borcunun ifadəsidir.
Mübariz bu kitabda həm döyüş meydanında igidlik göstərən hərbçi, həm də insani keyfiyyətləri ilə bütöv bir şəxsiyyət kimi təqdim olunur. Sadəliyi, halal-haram sərhədlərinə riayət etməsi, sükutundakı qətiyyət və təvazökarlığı onun ruh dünyasını tamamlayır.
“Mübarizdən sonra” kitabının ilk səhifələrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, general-leytenant Hikmət Mirzəyevin, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, eləcə də tanınmış sənət və ədəbiyyat xadimlərinin – Çingiz Abdullayev, Nəriman Həsənzadə, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Rasim Balayev və Nurəddin Mehdixanlının, mərhum Hacı Şahin Həsənlinin və bir sıra başqa ziyalıların Mübariz İbrahimov haqqında fikirləri öz əksini tapmışdır.
Kitabın birinci hissəsində Ağakərim İbrahimovun düşüncələri, gənclərə ünvanladığı öyüd-nəsihətlər, Şəhid valideynlərinə müraciəti, oğlu Mübariz haqqında xatirələri və həyat fəlsəfəsi təqdim olunur. Atanın “alim olmaqdan əvvəl insan olmağı bacarmaq lazımdır” kimi fikirləri bu ailənin mənəvi dəyərlər üzərində formalaşdığını göstərir.
Əsərin ikinci hissəsində Mübariz İbrahimovun həyatı, döyüş yolu, müəllifin ona həsr etdiyi esselər, şeir və bayatılar, eləcə də “Müqəddəs Mübarizim” poeması yer alır. Hər sətirdə qəhrəman oğul itkisi ilə qürurun və minnətdarlığın vəhdəti hiss olunur. Müəllif hadisələrin zahiri axarından çox, Mübarizin ruhuna, onunla bağlı insanların yaddaşına və emosional yaşantılarına diqqət yetirir.
Əsərdə oxucu Mübariz İbrahimovun timsalında milli kimliyin, əxlaqi bütövlüyün və şəhidlik məfhumunun poetik mənzərəsini görür. Mübariz obrazı bir insan, bir oğul, bir əsgər və bir ideya daşıyıcısı kimi təqdim olunur. Deyirlər, ideal insan yoxdur, lakin Mübariz haqqında yazılanları oxuduqca düşünürsən: bəlkə də, o, “ideal insan” anlayışının özüdür.
Kitabın ən təsirli məqamlarından biri ata və anasının Mübarizlə bağlı xatirələridir. Atanın “Allah mənə üç oğul verib, biri Vətənə fəda olsun”, ananın “Mübariz Vətənə qurban getmək üçün doğulmuşdu” sözləri oxucunu sarsıdır, lakin eyni zamanda qürur hissi oyadır.
“Mübarizdən sonra” həm ədəbi, həm də mənəvi baxımdan dəyərli əsərdir. Müəllifin dili səmimi, təsirli və qəlbdən gələn bir üsluba malikdir. Əsər oxucunu təkcə düşündürmür, həm də hiss etdirir.
Mübariz İbrahimovun qəhrəmanlıq yolu yalnız döyüş salnaməsi deyil, eyni zamanda xalqımızın yaddaşına əbədi həkk olunmuş mənəvi irsdir. Bu baxımdan “Mübarizdən sonra” bütöv bir xalqın mənəvi dünyasına işıq salan ədəbi əsər kimi dəyərləndirilə bilər.
Mübariz İbrahimov qəhrəmanlıq simvolu, milli kimliyimizin və Vətən sevgisinin rəmzidir. Onun adı tək bir insanı ifadə etmir. O, bir ideyanın adıdır – “Mübariz olmaq” ifadəsi bu gün Azərbaycan gəncliyinin dilində cəsarət və fədakarlığın sinoniminə çevrilmişdir. Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” kitabı bu ideyanı bədii dildə yaşadır və bir daha göstərir ki, Mübariz olmaq – Vətən olmaq deməkdir. Belə şəxsiyyətlər haqqında yazmaq və danışmaq millətin mənəvi yaddaşını qorumaqdır, çünki qəhrəmanlıq yalnız döyüş meydanında deyil, həm də yaddaşlarda yaşadıqca əbədiləşir.
Mübarizin addımı təkcə döyüşdə yox, milli düşüncədə də dönüş nöqtəsi yaratdı, millətin yaddaşını silkələdi. Onun şəhadəti Azərbaycan gəncliyinə bir mesajdır: “Torpağı sevmək onu sözlə deyil, əməl ilə qorumaqdır”. Mübariz kimi qəhrəmanlar olmasaydı, bəlkə də, biz bu gün “Vətən” sözünü bu qədər qürurla dilə gətirə bilməzdik. Şair Zəlimxan Yaqubun dediyi kimi:
“Azadlıq nurunu gördü bu millət,
Şəhid oğulların qan bahasına”.
Cabir Novruzun sözləri isə bu həqiqəti tamamlayır:
“Vətən qorudun, sənindir,
Qorumadın, özgənindir.
Qorumadın, yağınındır,
Qorumadın, axırındır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mübariz İbrahimovu “Azərbaycan şəhidlərinin sərdarı” adlandırmışdı. Həqiqətən də, Mübariz şücaəti və şəhidliyi ilə zəfərə aparan yolun sərdarı oldu – onun başladığı işi Azərbaycan əsgəri Qarabağ zəfəri ilə tamamladı.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Doğulduğu Biləsuvar rayonunda onun adını daşıyan küçə və məktəb, Bakı şəhərində isə Mübariz İbrahimov adına İdman Kompleksi və uşaq bağçası fəaliyyət göstərir. Ölkənin müxtəlif bölgələrində qəhrəmanın adını əbədiləşdirən heykəllər, büstlər və xatirə lövhələri ucaldılmışdır. Mübarizin həyatı və igidliyi “Mübariz”, “Müqəddəs zirvə” kimi filmlərdə, eləcə də kitab və sənədli əsərlərdə əks olunmuş, hətta xarici teleseriallarda onun obrazı təqdim olunmuşdur.
İkinci Qarabağ müharibəsi zamanı – 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun Şəhid olduğu ərazi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və həmin torpaqda Azərbaycan bayrağı dalğalanmışdır. Bu hadisə təkcə hərbi deyil, həm də mənəvi qələbə idi – sanki Mübarizin ruhu o torpaqda bir daha dirildi.
Şəhidimizin ruhu qarşısında baş əyirik.
Qəhrəmanımızın adı əbədi, xatirəsi unudulmazdır.
Aytən Bəylərova, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.