Torpaq Yer üzündə həyatın davamlılığını təmin edən ən fundamental təbii sərvətlərdən biridir. O, yalnız kənd təsərrüfatı istehsalının təməli deyil, həm də ekosistemlərin stabilliyi, karbon balansının qorunması, yeraltı və səthi su ehtiyatlarının idarə olunması, biomüxtəlifliyin qorunması, sosial rifah və insan sağlamlığı üçün həyati əhəmiyyətə malikdir. Torpaq insanların qida təhlükəsizliyindən tutmuş sosial-iqtisadi inkişafına, kənd təsərrüfatının inkişafından ekoloji tarazlığın qorunmasına qədər geniş spektrdə həyati funksiyalar yerinə yetirir. Bu baxımdan torpağın düzgün idarə olunması, münbitliyinin qorunması və deqradasiya proseslərinin qarşısının alınması yalnız lokal və regional məsələ deyil, bəşəriyyətin gələcəyi üçün qlobal strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı 2014-cü ildən etibarən 5 dekabr tarixini Dünya Torpaq Günü kimi təsis etmişdir. Bu günün qeyd olunması qlobal miqyasda torpaq ehtiyatlarına diqqəti artırmaq, dövlət siyasətlərini koordinasiya etmək, ictimaiyyətin maarifləndirilməsi və dayanıqlı torpaq idarəçiliyinin təşviqi məqsədini güdür. Eyni zamanda, bu təşəbbüs ölkələri torpaq resurslarının qorunması ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə, aqrar sektorda innovativ yanaşmalar tətbiq etməyə və ekosistem xidmətlərinin davamlı təmin olunmasına təşviq edir.
2024–2025-ci illər üzrə Dünya Torpaq Gününün devizi olan “Torpaq və su – həyat mənbəyidir” torpaq və su resurslarının bir-birinə qarşılıqlı asılılığını və insan həyatının bütün sahələrinə təsir edən strateji rolunu vurğulayır. Torpağın münbitliyi suyun mövcudluğu və keyfiyyəti ilə birbaşa əlaqəlidir, su ehtiyatlarının idarə olunması isə torpaq istifadəsinin rasional planlaşdırılmasını tələb edir. Bu qarşılıqlı asılılıq kənd təsərrüfatından tutmuş sənaye inkişafına, şəhərsalma proseslərindən ekoloji təhlükəsizliyə qədər geniş spektrdə özünü göstərir. Azərbaycan ərazisinin təxminən 60%-i quraq və yarı-quraq zonalardan ibarət olduğundan, düzən zonalarda minerallığı yüksək olan qrunt suyunun səviyyəsinin yer səthinə yaxın olması, ənənəvi suvarma üsullarına üstünlük verilməsi, torpaqlardan düzgün istifadə olunmaması (eyni bitkilərin bir sahədə uzun müddət əkilməsi, suvarma normalarının nəzərə alınmaması və s.) həmin ərazilərdə torpaqlarda şorlaşma və irriqasiya eroziyasının yaranmasına səbəb olur. Bu proseslər məhsuldarlığının azalmasına, kənd təsərrüfatı istehsalının zəifləməsinə və ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. İqlim dəyişikliyi, əhali artımı, su ehtiyatlarının azalması, səhralaşma və şorlaşma proseslərinin genişlənməsi fonunda torpaq və su ehtiyatlarının qorunmasının əhəmiyyəti daha da aktuallaşır. Qlobal səviyyədə torpaqların təxminən 33 faizi deqradasiyaya məruz qalıb və bu tendensiya davam edərsə, qida təhlükəsizliyi, içməli su ehtiyatları və ekosistemlərin mövcudluğu ciddi risk altına düşə bilər. Bu səbəbdən torpaq və su resurslarının mühafizəsi yalnız ekoloji deyil, həm də sosial, iqtisadi və humanitar prioritet kimi qəbul edilir. Azərbaycanın Şirvan düzündə aparılan ekomeliorativ tədqiqatlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Aparılan ekspedisiyalar torpağın şorlaşma səviyyəsinin qiymətləndirilməsi, drenaj və kollektor sistemlərinin fəaliyyətinin təhlili, torpaq-profilində duz və digər mineral maddələrin paylanmasının müəyyənləşdirilməsi kimi aspektləri əhatə edir. Bu tədqiqatlar yalnız elmi cəmiyyət üçün deyil, həm də Azərbaycan torpaqlarının real vəziyyətinin öyrənilməsi və elmi əsaslı meliorativ tədbirlərin hazırlanması baxımından strateji dəyərə malikdir. Düzgün meliorativ tədbirlər, səmərəli suvarma sistemləri və torpağın bioloji fəaliyyətinin gücləndirilməsi torpağın deqradasiyasının qarşısını almaqla kənd təsərrüfatının davamlı inkişafına, ekoloji tarazlığın qorunmasına və iqlim dəyişikliklərinə adaptasiyaya imkan yaradır.
Beləliklə, Şirvan düzündə aparılan tədqiqatlar Azərbaycan torpaqşünaslıq elminin inkişafına mühüm töhfə verməklə yanaşı, resursların dayanıqlı istifadəsi, torpaqların qorunması və gələcək nəsillər üçün ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu elmi fəaliyyət dövlət və cəmiyyət səviyyəsində torpaq və su ehtiyatlarının idarə olunması sahəsində qərar qəbul edən orqanlar üçün elmi əsaslı və praktik məlumat bazası yaradır. Dünya Torpaq Günü hər bir fərdi, icmanı və dövlət qurumunu torpaq və su ehtiyatlarının qorunması və dayanıqlı istifadəsi məsələlərinə diqqət yetirməyə çağırır. Dayanıqlı torpaq və su idarəçiliyi gələcək nəsillərə sağlam ekoloji mühitin, möhkəm qida sistemlərinin və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsinin başlıca şərtidir. Gəlin, hər birimiz torpaq və su ehtiyatlarının qorunmasına öz töhfəmizi verək! Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə münbit torpaqlarımızı bərpa edək, su resurslarımızı səmərəli idarə edək və gələcək nəsillər üçün sağlam ekosistemləri bərqərar edək. Unutmayaq ki, torpaq və su yalnız istehsal resursları deyil, həyatın və davamlı inkişafın təməlidir. Bu gün atacağımız hər addım, həm təbiətimizi, həm də azad və firavan Azərbaycanımızın gələcəyini qoruyacaq. Torpağı və suyu qorumaq, həm də Vətənimizi qorumaq deməkdir – indi hərəkət edək!
Fərid MUSTAFAYEV, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Torpaqların meliorasiyası laboratoriyası elmi işçi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.