Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində jurnalistlərə müsahibəsi zamanı dil məsələsinə xüsusi önəm verməsi heç də təsadüfi deyil. Cənab Prezident hər zaman ana dilimizin ən böyük təəssübkeşi kimi çıxış etmişdir. Cənab Prezident müsahibəsində dillə bağlı bir neçə vacib aspektə toxundu. Bunlardan birincisi, Azərbaycan dilinin saflığının qorunmağı məsələsidir. Dövlət başçımız dilimizdə yersiz olaraq alınma sözlərin işlənməsinin, haqlı olaraq, əleyhinə olduğunu bildirdi. “Nə qədər dilimizin saflığını qorusaq, o qədər milli kimliyimiz qorunacaq”. İkincisi, insanlarımıza mükəmməl Azərbaycan dilində danışmaq bacarığının aşılanmasıdır. Üçüncüsü, xaricdə yaşayan Azərbaycanlılar və əcnəbilər üçün ana dilində onlayn platformaların, məktəblərin labüdlüyü məsələsidir. Dördüncüsü, Azərbaycan dilinin məişət səviyyəsində işlədilməsidir. Yəni Prezident vurğuladı ki, ədəbi dildə danışmaq lazımdır. Beşincisi isə, yad dillərin milli psixologiyaya təsiri məsələsi. Həqiqətən də, yad dillərin elementləri milli dilə daxil olduqca, bu proses sonradan təhlükəli sonluğa gətirib çıxarır, milli düşüncəni “zədələyir”.
Ölkə başçısı Azərbaycan dilinin normalarının jurnalistlər, aparıcılar tərəfindən pozulmasını xüsusi vurğuladı. Dövlət rəhbərimiz, haqlı olaraq, ziyalılarımıza, şair və yazıçılarımıza bu məsələdə həssas olmağa çağırış etdi. Ölkə rəhbəri qeyd etdi ki, heç bir dilin kölgəsində bizim dil ola bilməz. Əgər müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə, necə ola bilər ki, müstəqillik dövründə bunu etməyək.
Cənab Prezident, düzgün olaraq qeyd etdi ki, dilin qoruyucusu dövlətdir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə dil haqqında bir sıra tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamını xüsusi qeyd etmək lazımdır. Bu tarixi əhəmiyyətli dövlət qərarları Azərbaycan dilinin hərtərəfli inkişafı üçün çox böyük perespektivlər yaradır.
Xatırladaq ki, ölkə başçısı Milli Elmlər Akademiyasının 70 illik yubileyində də, həmçinin 80 illik yubileyində də ana dilinin saflığı məsələsinə toxunaraq, dilimizə süni olaraq gətirilən alınma sözlərə ehtiyac olmadığını xüsusi vurğulamışdı. Təəssüf ki, son zamanlar mətbuatda, sosial mediada, televiziyada süni şəkildə alınma sözlərin işlədilməsi kütləvi hal alıb. Digər dillərin sintaktik modelləri süni şəkildə doğma dilimizə gətirilir.
Azərbaycan xalqının genetik yaddaşını, milli sterotiplərini, etnik psixologiyasını yaşadan ana dilimizi qorumaq hər bir vətəndaşımızın, hər bir ziyalımızın mənəvi borcudur. Bu gün televiziya ekranlarında, mətbuatda, reklam və afişalarda, ictimai iaşə obyektlərinin adlarında ədəbi dil normalarının pozulması yolverilməzdir. Televiziya aparıcılarının nitqinə nəzarət gücləndirilməlidir. Bəzən televiziya verilişlərinin aparıcıları qardaş Türkiyə türkcəsinin orfoepiyasına uyğun olaraq sözləri tələffüz edirlər (məsələn, filan deyil, falan şəklində, digər deyil diyər şəklində). Hətta türk dilinin qrammatik formaları süni şəkildə dilimizə gətirilir (məsələn, gəlib də, gedib də, baxıb da, gəldiyimdə, yazdığımda və s.). Türkiyə türkcəsi ilə Azərbaycan dilinin ortaq keçmişi var. Hər iki dili ortaq elementlər birləşdirsə də, onların hər biri müstəqil ədəbi dillər kimi təşəkkül tapmışdır. Ona görə də Türk dilinin elementlərini süni şəkildə dilimizə gətirməyə heç bir lüzum yoxdur.
Azərbaycan ədəbi dilinin saflığı problemi hələ yüz il əvvəl ziyalılarımızı düşündürmüşdü. Hələ o zamanlar ana dilimizin varlığının təhlükə ilə üzləşməsini görən ziyalılarımız həyəcan təbili çalırdılar. Vaxtilə Azərbaycan televiziya məkanında püxtələşmiş peşəkar diktor məktəbi formalaşmışdı. Bu məktəbin bəzi nümayəndələri indi də çalışmaqda davam edirlər. Təəssüf ki, bu gün özəl televiziyalarda qeyri-peşəkar jurnalistlər və qeyri-peşəkar aparıcılar fəaliyyət göstərir. Onların özünəməxsus “dil yaradıcılığı”, “süni dil elementləri” isə dili bərbad günə qoyur, ədəbi dilimizin fonetik, leksik və qrammatik normaları pozulur. Halbuki televiziya və radio dili cəmiyyət üçün etalon olmalıdır, kütləvi informasiya vasitələrinin dili nümunəvi olmalıdır. Son zamanlarda bədii tərcümələrdə və film dublyajlarında da dilimizin leksik-semantik sisteminə zidd olan ifadə və cümlələr işlədilir. Bu gün müxtəlif dövlət qurumlarında dilçi kadrların yer almasına çox böyük ehtiyac var. Müvafiq dövlət qurumları dövlət dilinin düzgün tətbiqinə nəzarəti gücləndirməlidirlər.
Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Reklam Agentliyi paytaxtada müxtəlif obyektlərin adlandırılmasındakı qüsurlara, reklamlardakı nöqsanlara göz yummamalıdır. Sahibkarlar öz obyektlərinin adlarını milli adlarla adlandırmalıdırlar. Gözəllik salonu əvəzinə beauty salon, uşaq dükanı və ya uşaq aləmi əvəzinə baby shop, şadlıq sarayı əvəzinə palas yazılması ana dilimizə qarşı hörmətsizlikdir. Halbuki Bakı şəhərində bir çox restoran və kafelərin, şadlıq saraylarının adları Avropa mənşəlidir. Sosial şəbəkələrdə yersiz rus və Avropa sözlərindən istifadə edilməməlidir. 2002-ci il, 30 sentyabr tarixində qəbul olunmuş “Dövlət dili haqqında qanun”da Azərbaycan dilinin dövlət dili səviyyəsində müxtəlif sahələrdə tətbiqi və işlənməsi məsələsi çox dəqiq təsbit olunmuşdur. Bu qanuna görə, dövlət dilinin normalarının pozulması ilə bağlı fiziki, hüquqi və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 2026-cı ildən başlayaraq televiziyalarda ədəbi dil normalarının pozulmasına görə cərimələr tətbiq ediləcək. Bu, təqdirəlayiq haldır, çünki bəzən inzibati tədbirlər dilin qorunmasında mühüm rol oynayır.
Müstəqillik dövründə dilin qorunması haqqında kifayət qədər fundamental sərəncam və fərmanlar verilmişdir. Bu sərəncam və fərmanlar dövlətimizin ana dilimizlə bağlı mövqeyini sübut edir. Qloballaşma zamanında, internet resurslarının sürətli inkişafı dönəmində ana dilimizə qarşı yönələn təhlükələrin qarşısına almağa hər an hazır olmalıyıq. Nəsimi adına Dilçilik İnstitutu elmi - tədqiqat müəssisəsi olduğundan dil pozuntularına görə inzibati tədbirlər həyata keçirmək səlahiyyətinə malik deyil. İnstitut dil pozuntuları ilə bağlı ancaq öz tövsiyələrini verir, hesabatlar hazırlayır və müvafiq qurumlar qarşısında məsələlər qaldırır. Fikrimizcə, dil pozuntularına nəzarət edə bilmək üçün müvafiq dövlət qurumlarına müəyyən səlahiyyətlər verilməlidir. Müqayisə üçün göstərək ki, Baltikyanı ölkələrdə dil qurumlarının icazəsi olmadan, heç bir obyektə ad qoyula bilməz. Fransa və Kanadada dövlət dilinin pozulması ilə bağlı çox ciddi inzibati tədbirlər görülür. Hətta bəzi hallarda dil pozuntularına görə bu məsələyə cavabdeh olan məmurlar işdən azad olunur.
Ədəbi dil ana dilimizin inkişafının ən yüksək mərhələsidir. Düzgün ədəbi dildə danışmaq üçün bədii mütaliəni gücləndirmək lazımdır. Gənclərimiz arasında bədii mütaliə ilə bağlı təşviqat işləri aparılmalıdır. Təəssüf ki, gənclərimiz klassik ədəbiyyatımızı oxumurlar, daha çox xarici ədəbiyyatlara meyil artıb. Onlar isə zəif tərcümə olunur. Buna görə də ciddi tərcümə problemləri var. Tərcümə mədəniyyəti də çox aşağı səviyyədədir. İstər dövlət, istərsə də özəl televiziyalarda ana dili ilə bağlı verilişlər təşkil olunmalıdır. Bir sözlə, vətəndaşlarımız ana dilimizin səlisliyi probleminə hər zaman həssas yanaşmalıdırlar, bəzi hallarda isə məcburiyyət olduqda inzibati tədbirlər görülməlidir.
Müasir dövrümüzdə “plaza dili” anlayışı yaranmışdır. Qloballaşmanın təsiri amili ilə izah olunan plaza dili anlayışı dilə dəb kimi yanaşmanın bariz nümunəsidir. Ofislərdə, iri ticarət mərkəzlərində, böyük şirkətlərdə, iri bank sektorunda çalışan işçilər arasında dəb dilinə çevrilən bu məfhum dilimizin yad təsirlərə məruz qalmasına birbaşa nümunə ola bilər. Dövlət başçısının ədəbi dilimizlə bağlı narahatlığı bütün ziyalılarımızı düşündürməlidir. Ədəbi dilin işlənməsi sahələrinə birbaşa cavabdeh olan qurumlar bu məsələdə məsuliyyət daşımalıdırlar.
Folklorumuz gənc nəslimizə öyrədilməlidir. Çünki folklorda canlı xalq dilinin söz və ibarələri, frazeologiyası öz varlığını yaşatmaqdadır. Təəssüf ki, mediada, kütləvi informasiya vasitələrində redaktə işi çox aşağı səviyyədədir. Halbuki əvvəllər bu işə çox ciddi yanaşılırdı. Azərbaycan dilinin hər bir daşıyıcısı içdən gələn vətənpərvərlik hissi ilə doğma dilinə qayğı və məhəbbətlə yanaşmalıdır. Hər bir sahibkar öz müəssisənə ad verərkən milli adlara üstünlük verməlidir. Əks təqdirdə, əcnəbi adlarla dilimizi korlamış oluruq. Dilə dəb kimi yanaşmaq doğru deyil! Milli dilimizi başqa dillərin kölgəsi altında işlətmək bizlərə fəxarət hissi gətirmir, əksinə, milli düşüncə tərzimizi “zədələyir”. Çünki hər bir vətəndaş öz dili ilə düşünəndə milli varlığını dərk edə bilir, milli stereotiplərini qoruya bilir. Ana dili hər bir millətin genetik kodunu, etnik mədəniyyəti hifz edir!
Baba MƏHƏRRƏMLİ, Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, Türk Dil Qurumunun müxbir üzvü
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.