Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2026 12:16
  • A-
  • A
  • A+

“Xocalının kəsilməyən harayı” mövzusunda elmi sessiya

“Xocalının kəsilməyən harayı” mövzusunda elmi sessiya

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalının kəsilməyən harayı” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsinin miqyasından, dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb. O, Xocalı soyqırımının 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu bildirib, bu faciənin insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb.

Akademik Rafael Hüseynov qeyd edib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi Xoxalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. İnsanların xüsusi amansızlıqla qətlə yetirilməsi bu hadisənin qəddarcasına təşkil edildiyini və əsl soyqırımı olduğunu sübut edir. Onlar sadəcə azərbaycanlı olduqları, Xocalıda, Qarabağda yaşadıqları üçün öldürülüblər.

Uzun illərdir Azərbaycan dövlətinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş apardığını deyən akademik Rafael Hüseynov bildirib ki, bütün dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, faciəyə ilk dəfə hüquqi-siyasi qiymət məhz Ümummilli Lider tərəfindən verilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Muzey direktoru Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb.

O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti yüksək qiymətə layiqdir. “Xocalıya ədalət!” deyənlərin səsi getdikcə daha gur eşidilir, ədalətin tam zəfəri addım-addım yaxınlaşır.

Akademik Rafael Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu, Qarabağın digər bölgələri kimi Xocalının da işğaldana azad edildiyini, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulayıb. Muzey direktoru illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini bildirib. O, hazırda azad edilmiş Xocalıda yeni həyatın canlandığını, yenidənqurma layihələri ilə əhalinin öz yurdlarına qayıdışının təmin edildiyini, şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini söyləyib.

Elmi sessiyada muzeyin Muzeyşünaslıq və fond işi üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva “Poeziyada Xocalı reallığının əksi” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, İkinci Dünya müharibəsində alman faşistlərinin törətdiyi cinayətlər – dinc əhali qırğınları, silah sınaqları, insanlar üzərində aparılan təcrübələr və s. dünyanı necə dəhşətə gətiribsə Xocalıda baş verənlər ondan artıq sarsıntı yaratmalıdır. O Xocalı, eləcə də vaxtilə bütün dünyanı dəhşətə gətirmiş Xatın, Xirosima soyqırımları haqqında əsərlər yaratmış Məmməd Kazım, Ələmdar Quluzadə, Zəlimxan Yaqub, italyan şairi David Qualtiyeri yaradıcılığına müraciət edərək təhlilər aparıb, ədiblərin şeirlərdən parçalar söyləib.

Daha sonra muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu “Qarabağ uğrunda müharibənin gerçəkləri Əlisəfa Azayev nəsrində” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, yaradıcılığa keçən əsrin 70-ci illərində başlamış Əlisəfa Azayev ilk əsərlərini detektiv məzmunda yaradıb. Yazıçı sonrakı mərhələdə Qarabağ uğrunda gedən döyüşlərin, arxa cəbhədəki gərgin vəziyyətin, qaçqınlıq və soyqırımı faciələrinin bədii nəsrdə realist inikası olan əsərlər yaradıb.

Nəzmiyyə Yigitoğlu yazıçının “Əsgər anası” povestinə müraciət edərək əsəri tarixi gerçəklər zəminində təhlilə cəlb edib.

Tədbirdə Ədəbiyyat Muzeyinin filiallarından biri olan Xurşidbanu Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova da çıxış edərək bildirib ki, bəşər tarixində törədilmiş dəhşətli cinayətlər, soyqırımlar heç vaxt yaddaşlardan silinmir. İllər bizi Xocalı faciəsindən uzaqlaşdırsa da bu dəhşətli hadisə xalqımızın yaddaşına əbədi həkk olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: