Dəyərlər səssiz ölür. Onların qohum-əqrabası, day-dayı yoxdur ki, çəkə qanadının altına. Dəyərlərimizi öldürdükcə də, dəyərsizləşirik.
Bəzən bir şəkil yayırlar. Bir neçə saniyəlik görüntü. Altına minlərlə istehza dolu şərh yazılır. Biz bəzən fərqinə varmadan bir insanı yox, bir ömrü, bir zəhməti, bir tarixi ələ salmış oluruq.
Yaşı səksəni keçmiş bir alimin toplantıda mürgüləməsi üzərindən qurulan lağ kampaniyası əslində bizim kimliyimiz haqqında daha çox söz deyir. Çünki o mürgüləyən gözlər bəlkə də on illərlə kitab səhifələri arasında yorulub. O əllər bəlkə də minlərlə tələbənin yolunu işıqlandırıb. O ömür bəlkə də bizdən çox şey görüb, çox şey yaşayıb.
Tənqid olunan əslində bir nəfər deyil. Təhqir olunan təkcə bir akademik deyil. Bu münasibətlə biz Azərbaycan elminə, Azərbaycan ziyalısına, Azərbaycan dəyərlərinə toxunuruq.
Bəli, insan yuxulaya bilər. Xüsusilə də 70-80 yaşında bir insan uzun iclasda mürgüləyədə bilər. Bu nə ayıbdır, nə cinayətdir. Bu, insanlıq halıdır. Gənc də yuxulaya bilər, yaşlı da.
Vaxtilə Emin Əmrullayev müəllimləri tənqid və lağ hədəfinə çevirəndə də məsələ fərdi deyildi. Orada söhbət konkret bir müəllimdən getmirdi. Söhbət müəllimlik institutunun nüfuzundan gedirdi. Müəllimin hörməti sarsılanda, nəticəsini məktəbdə görürük. Müəllim sinfə girəndə səsi titrəyirsə, şagirdə söz deməyə çəkinirsə, o sistem artıq çökməyə başlayıb.
Bu gün də eyni yanaşma alimlərə qarşı tətbiq olunur. Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı tənqid ola bilər. Azərbaycanın son 30 ilini məhv etmiş biri olaraq ən ağır cəzaya layiqdir. Amma onun ya da qeyrisinin adı üzərindən bütün akademikləri məsxərəyə qoymaq ədalətli yanaşma deyil.
Bir şəkli paylaşıb “baxın, alim budur” demək asandır. Amma o insanın arxasında duran illəri görmək çətindir. Kitabxanalarda keçən gecələri, arxivlərdə itən günləri, yazılan məqalələri, yetişdirilən tələbələri görmək istəmirik. Çünki lağ etmək daha rahatdır.
Çürüklər əlbəttə arınmalıdır. Xain varsa cəzasını çəkməlidir. Səriştəsiz idarəçi məsuliyyət daşımalıdır. Amma heç bir günahı olmayan, sadəcə yaşlı və yorğun bir alimi təhqir etmək nə innovasiyadır, nə də cəsarət.
Bu nə anlayışdır? Bu hansı düşüncədir? Biz niyə özümüzə qarşı bu qədər sərt və mərhəmətsizik?
Elm onsuz da zəifdirsə, onu ayaqda saxlayan az sayda insanı da bu cür gözdən salmaqla nə qazanırıq? Bir millətin yaddaşı, təcrübəsi, ziyalısı bu qədər ucuz olmamalıdır.
Qısacası, alimi gözdən salınan millətdən ziya gözləmək əbəsdir.
Ziyasız məmləkətin də başqalarına möhtac olmama imkanı da sıfıra bərabərdir.
Amir Aqiloğlu