“Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir.”
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1926-cı ildə Bakıda keçirilən I Türkoloji təkcə elmi hadisə deyil, həm də türk xalqlarının milli özünüdərk hadisə kimi tarixə düşdü. 1926-cı ildə Bakıda I Ümumittifaq Türkoloji qurultayı latın qrafikası əsasında vahid əlifba yaradılması və digər mühüm əhəmiyyətli məsələlərin fikir mübadiləsi Fransa, Almaniya, Türkiyə və başqa ölkələrin diqqətini cəlb edərək tarixi əhəmiyyətə dair bir hadisə kimi yaddaşlarda qaldı. Professor B.Çobanzadənin Birinci ümümazərbaycan Diyarşünaslıq qurultayının qətnamələrində nəşr edilmiş “Türkoloji qurultay” məqaləsində həmin qurultayın zəruriliyi diqqəti cəlb edirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda qeyd edilir: “Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.”
Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi. I Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. I Türkoloji Qurultayın 80 illik yubileyi ilə bağlı cənab İlham Əliyevin 2005-ci ildə verdiyi sərəncamda deyilir: "Azərbaycan xalqının qabaqcıl nümayəndələri sonralar da dilimizin inkişafı yolunda öz imkanları daxilində bu və ya digər dərəcədə fəaliyyət göstərmişlər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə dilimizin inkişafı yeni mahiyyət kəsb etmişdir. Bu proses Azərbaycan dilinin tərəqqisində növbəti mərhələlərin başlanğıcı olmuşdur."
I Türkoloji Qurultay Azərbaycan tarixində taleyüklü proseslərin qoyuluşu, türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və digər qərarların qəbul edilməsi ən əlamətdar hadisə kimi mühüm əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, 1970-ci ildə “Sovetskaya Türkologiya” jurnalı məhz Bakıda nəşr edilmişdi.
I Bakı Türkoloji Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmişdir. Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçiliblər.
Qurultayda V.V.Bartold “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri”, S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, F.Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, B.Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında”, S.Y.Malov “Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri”, N.F.Yakovlev “Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri” mövzularında məruzələr ediblər.
Günel Məlikli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.