Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yeni dövrün Azərbaycanı” mövzusunda XVII beynəlxalq elmi konfrans keçirilib.
Konfransda “Yeni dövrün Azərbaycanı” mövzusu çərçivəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsasları, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, milli kimlik modeli, suverenlik fəlsəfəsi və inkişaf strategiyaları, həmçinin humanitar və ictimai elmlərdə metodoloji yeniliklər və inteqrasiya modelləri elmi müstəvidə müzakirə edilib.
AMEA Folklor İnstitutunun əməkdaşları da konfransda fəal iştirak edərək məruzə ilə çıxış ediblər. İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Əli Əmirlinin “Köhnə ev” komediyasında folklor: ənənəvi və müasir kontekstdə” mövzusunda məruzəsində bildirilib ki, çağdaş Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndəsi Əli Əmirli milli dramaturgiyanı mövzu və istiqamət baxımından yeni müstəviyə qaldırmaqla yanaşı, şifahi xalq yaradıcılığını dəyərləndirən, əsərlərinin təsir gücünü, qavranma qabiliyyətini daha da artırmaq üçün folklor örnəklərindən həm ənənəvi, həm də müasir kontekstdə ustadcasına yararlanan sənətkarlardandır.
Məruzəçi, həmçinin vurğulayıb ki, Əli Əmirli dramaturgiyasının əsasını ilk növbədə çağdaş dövrün tələbləri ilə ayaqlaşmaq, xalqın arzu-istəklərini təmin etmək, bəzi mətləblərə bədii don geyindirməklə yanaşı, folklorun, xüsusən də xalq gülüşünün təsiri təşkil edir. Bu təsir “Köhnə ev” komediyasında remarkalardan başlayaraq, bütün süjet boyu izlənilir.
Aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilova isə “Qərbi Azərbaycan folkloru Türk dünyası ədəbi-mədəni sistemində: regional tipologiya və müasir türkoloji problemlər” mövzusunda məruzə edib.
Məruzədə qeyd olunub ki, Qərbi Azərbaycan folkloru türk dünyasının ümumi ədəbi-mədəni sistemində mühüm yer tutur. Onun regional-tipoloji xüsusiyyətləri həm tarixi yaddaşı, həm də ümumtürk mədəni identikliyini əks etdirir. Folklor nümunələri vasitəsilə türk xalqları arasında mədəni bağlılıq, ortaq estetik düşüncə və mənəvi dəyərlər sistemi aydın şəkildə müşahidə olunur. Müasir türkoloji tədqiqatlarda regional folklor mühitlərinin kompleks şəkildə araşdırılması türk dünyasının inteqrasiyalı mədəni modelinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan folkloru bu istiqamətdə perspektivli elmi sahə kimi çıxış edir və gələcək müqayisəli araşdırmalar üçün zəngin material təqdim edir.
“Poetik formulların Qərbi Azərbaycan folklor mətnlərində etnomədəni identiklik və kollektiv yaddaş kontekstində funksional-semantik təhlili” mövzusunda məruzə edən aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva bildirilib ki, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar, Basarkeçər, Amasiya, Pəmbək, Şörəyel və digər Qərbi Azərbaycan bölgələrinin folkloru özünəməxsus etnopoetik formullara malikdir. Bu formullar həm folklor mətnlərinin quruluşunu yaradır, həm də həmin bölgələrin yaddaşını, həyat tərzini və dünyagörüşünü əks etdirir. Etnopoetik formullar folklor mətnlərində tez-tez təkrarlanan, müxtəlif mətnləri bir-birinə bağlayan, xalqın poetik düşüncəsini göstərən sabit ifadələrdir. Qərbi Azərbaycan folkloru Azərbaycan xalqının şifahi yaradıcılıq ənənələrinin zəngin bir hissəsini təşkil edir. Bu bölgənin folkloru tarixi, mədəni və etnik xüsusiyyətləri ilə seçilir və xalqın gündəlik həyatını, tarixi hadisələrini, qəhrəmanlıq və əxlaqi dəyərlərini əks etdirir.
Böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova “Qarapapaqlar və qaraqalpaqların etnik yaddaş və kimlik məsələləri” mövzusunda məruzəsini təqdim edib. Müəllif müxtəlif mənbələrə və tədqiqatlara istinad edərək bu iki türk etnosu arasında etnogenetik yaxınlıqların, ortaq mədəni qatların və etnonim paralellərinin mövcudluğunu elmi şəkildə təhlil edib. Xüsusilə “qarapapaq”, “qaraqalpaq” və “qarabörklü” kimi adların tarixi kontekstdə mənşə və semantik yaxınlığı diqqət mərkəzinə çəkilib. Məruzədə klassik nümayəndələrdən Ən-Nüveyri, V.Bartold, V.Minorski və F.Kırzıoğlu kimi alimlərin yanaşmaları ilə yanaşı, müasir türkoloji araşdırmalar da müqayisəli şəkildə dəyərləndirilib, qarapapaqlar və qaraqalpaqların etnik yaddaş və kimlik məsələləri tarixi-müqayisəli aspektdə təqdim olunub.
Aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanovanın “Müasir Azərbaycan poeziyasında mifopoetik diskurs” mövzusunda məruzəsində isə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri M.Araz, X.R.Ulutürk, R.Behrudi, S.Rüstəmxanlı və başqa şairlərin poeziyasına mifoloji şüurun təsiri məsələsindən, çağdaş poeziya nümunələrində mifologizmdən bəhrələnmənin forma və üsullarından bəhs olunub. Sözügedən dövrdə yazıb-yaradan sənətkarların poetik irsinin folklorla ideya-estetik yaxınlığını şərtləndirən amillər aydınlaşdırılıb. Diqqətə çatdırılıb ki, bu şairlərin poeziyasında “işıq” mifologemi, “yuxu” arxetipi, təbiət kultları, Boz qurd obrazı kimi mifoloji obrazların arxaik təfəkkürdə yaşayan xüsusi atributları ilə müasir ictimai hadisələrin təsvirində orijinal tərzdə çıxış etməsi müəllif ideyasının çatdırılmasında əsas meyar kimi çıxış edir. Müasir poeziyada tarixi-mifoloji yaddaşın, əski inanışların bu günün hadisələri ilə uzlaşan gizli qatları mifik təfəkkürün əsas təzahürü kimi səciyyələndirilir.
Konfransda elmi işçi Gülnar İsmayılovanın “Hekayə yaradıcılığında nağıl dili (Müstəqillik dövrü hekayələri əsasında)” mövzusunda məruzəsi də dinlənilib.
Məruzəçi vurğulayıb ki, müstəqillik dövrü hekayələrində nağıl süjet, motiv və obrazları ilə yanaşı nağıl təhkiyəsi də aparıcı mövqedə dayanır. Xüsusilə nağılın təşkilini şərtləndirən formullar – başlanğıc, medial və sonluqlar oxşar variantlarda hekayə mətnlərinin strukturunda formalaşdırılır. Nağıl təhkiyəsi və formullarının hekayə yaradıcılığındakı aktuallığı ilk növbədə nasirin nağıl mövzusu və motivlərinə müraciət etməsi özəlliyindən irəli gəlir. Qeyd edək ki, ədəbi – müəllif nağıllarında bu formullar özünün ənənəvi tərkib, ifadə xüsusiyyətlərini qoruyub saxlayır. Yalnız motiv, obraz transformasiyalarından qaynaqlanan hekayələrdə isə nağıl formulları üslubi məqama uyğunlaşdırılır. Nağıl formullarının daxili poetikası hekayə yaradıcılığında müəllifin obrazlı düşüncəsində vasitə rolunu oynayır və hadisələrin sintetik vəhdəti üçün bədii mahiyyət kəsb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.