Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 4436 ləkə regionunda M5.7 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R2 səviyyəli fasilələr, Tac Kütlə Atılmaları (TKA) və 10 sm diapazonda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 79 ləkə və Tac Dəlikləri müşahidə olunur.
ETN Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Günəş küləyinin maksimal sürəti 606 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (376 km/san), sıxlığı 5.8 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.38 nT, radial istiqamətdə isə -0.65 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi əsasən sakit-aktiv səviyyələrdə olumuşdur.
Kosmik hava proqnozu – Proqnoz günlərində (13-17 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyələrdə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 10 mayda Günəşi tərk etmiş TKA-nın təsiri ilə S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin də TKA və müsbət qütblü Tac dəliyi Axınlarının təsirilə yenə də normadan yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-40%, orta geomaqnit enliklərdə isə 30-1%-dir.
Geomaqnit sahəsinin fəallığının 10 mayda Günəşi tərk etmiş TKA-nın, sonra isə müsbət qütblü Tac dəliyi Axınlarının təsiri ilə 13 mayda G1 (zəif qasırğa) səviyyəsinə yüksəlməsi ehtimalı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.