Müasir dövrün rəqəmsal çağırışları və süni intellektin dövlət idarəçiliyinə nüfuzu fonunda AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın yeni işıq üzü görmüş “Siyasətin fəlsəfəsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası dövlətin gələcək inkişaf strategiyasının elmi əsaslandırılması baxımından aktuallıq kəsb edir. Prezident İlham Əliyevin rəqəmsal arxitektura və kiber-təhlükəsizliklə bağlı müəyyən etdiyi prioritetlər, bu fundamental əsərdə təhlil edilən postklassik siyasi mənzərə və şəbəkə sosiallığı konsepsiyaları ilə səsləşir. Müəllifin fənlərarası təhlilləri, xüsusilə informasiya müharibələri və rəqəmsal diplomatiya sahəsindəki araşdırmaları dövlətimizin milli maraqlarının virtual məkanda qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Müsahibimizlə sözügedən monoqrafiyada tədqiq edilən rəqəmsal transformasiya, dövlət idarəçiliyində yeni tendensiyalar və post-həqiqət dövrünün siyasi şüur mənzərəsi mövzularında söhbət apardıq.
- Roida xanım yeni monoqrafiyanızı həm elmi mühitdə, həm də müasir cəmiyyətdə hansı problemlər zəruri etdi? Kitabınızda dövlət idarəçiliyi, rəqəmsal diplomatiya, sosial transformasiya kimi mövzulara yer vermisiniz. Bu gün klassik politologiya və sosiologiya metodlarının rəqəmsal dünyanın sürətli transformasiyalarını izah etməkdə aciz qaldığını demək olarmı? Monoqrafiyanız bu elmi boşluğu hansı müasir təhlillər və təklif etdiyiniz həll yolları ilə doldurur?
- Yaşadığımız proseslər və onların doğurduğu suallar müasir bilik və yanaşmalar işığında cavablar tələb edir. Müasir dövrdə dünyanın siyasi mənzərəsi postklassik xarakter almışdır. Siyasi proseslərin medialaşdığı, informasiya şəbəkələri üzərində güclərin mübarizə apardığı bir şəraitdə informasiya təhlükəsizliyi, o cümlədən ideoloji təhlükəsizlik və dövlətlərin informasiya potensialının siyasi strategiyalarında oynadığı rol xüsusi aktuallıq qazanıb. Bu da çağın siyasi, sosial və iqtisadi proseslərinin postklassik reallıqlar və informasiya cəmiyyəti kontekstində təhlilini zəruri edir. Bu gün media siyasi altsistemin ayrılmaz hissəsi kimi siyasətin həyata keçirilməsində fəal iştirak etməklə bu komponentin siyasi müstəvidə təhlilini şərtləndirir. Postmüasir mənzərənin mühüm xüsusiyyəti onun şərh oluna bilməsidir. Şərh anlayışı dövlət idarəçiliyi fəlsəfəsinin aparıcı kateqoriyasına çevrilir.
Qeyd etdiyiniz kimi, bu gün bir çox ənənəvi təhlil metodlarından və dünya reallıqlarına nəzəri yanaşmalardan uzaqlaşma müşahidə olunur, çünki onlar öz idraki potensiallarını bir çox cəhətdən itiriblər. Əvvəlki elmi nəzəriyyənin dili mürəkkəbliyi ilə səciyyələnən müasir siyasi prosesləri təsvir və izah etmək iqtidarında deyil və fənlərarası refleksiyanı zəruri edir. Siyasi, ideoloji və media məsələlərinin spesifikası onların siyasət fəlsəfəsinin, politologiyanın, siyasi psixologiyanın, siyasi sosiologiyanın, siyasi antropologiyanın, siyasi coğrafiyanın (geosiyasət), dövlət idarəçiliyinin və medialogiyanın kəsişməsində öyrənilməsini şərtləndirir.
- Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı Azərbaycanın yeni rəqəmsal arxitekturası və vahid dövlət idarəçiliyi barədə strateji hədəfləri açıqladı. Kitabınızda təhlil etdiyiniz dövlət idarəçiliyində şəbəkə yanaşması və digər əlaqəli konsepsiyalar ölkəmizin yeni rəqəmsal arxitekturaya keçidində hansı fəlsəfi və praktiki zərurəti əsaslandırır?
- İnternet və müvafiq olaraq virtual məkan səbəbilə ənənəvi institutlar və qərar qəbuletmə mexanizmləri problemlərlə üzləşir. Dəyişikliklər sürətlə baş verir və onların nəbzini tutmaq üçün hər bir ölkənin öz idarəetmə bacarıqlarını formalaşdırması aktual məsələyə çevrilir.
Bu gün biz dövlət siyasətinin, dövlət və cəmiyyət institutları arasında əlaqələrin rəqəmsal məkana ardıcıl keçidinin şahidi oluruq. Dövlətin və sosial inkişafın optimal modelləri, onların inkişafı müasir rəqəmsal cəmiyyətin təkamülü ilə müəyyən edilir.
Dövlətimizin başçısının bu məsələyə diqqəti informasiyanın müasir dövrdə dövlətin əsas resursuna çevrilməsi, dövlət tənzimlənməsinin effektivliyinin daha çox onun idarə edilməsi bacarığı ilə müəyyən edilməsindən irəli gəlir. Yəni diqqətin informasiya ehtiyatlarının öyrənilməsi məsələlərinə yönəldilməsi informasiya cəmiyyətində siyasi idarəetmənin informasiyadan təcrübədə səmərəli istifadə etmək məqsədi ilə əlaqədardır.
Dövlət idarəçiliyində rəqəmsallaşmadan istifadənin müsbət potensialına təşkilati strukturların və idarəetmə proseslərinin optimallaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi yolu ilə idarəetmə metodlarının transformasiyası və idarəetmə qərarlarının keyfiyyətinin yüksəldilməsi, dövlət qurumlarının şəffaflığının artırılması, müxtəlif sosial qrupları birləşdirən elektron hökumət sisteminin yaradılması aiddir. Dövlətin “yetkinliyi” dövlətlərin səmərəli fəaliyyətini təmin edən yeni imkanlar vasitəsilə ictimai-siyasi sahədə yeni rəqəmsal texnologiyalardan istifadə etməsi ilə müəyyən edilir.
Siyasi məkan yeni prinsipə – siyasi dünyanın postklassik mənzərəsinin mühüm xüsusiyyəti kimi çıxış edən şəbəkə prinsipinə əsasən təşkil olunur. Dövlət idarəçiliyində şəbəkə yanaşması KİV-in siyasi prosesdə rolunun və əhəmiyyətinin artırılmasında, ictimai rəyin müəyyənləşdirilməsi üsullarında, siyasi qərarların qəbulu prosedurlarında, o cümlədən dövlət idarəetmə sistemində aradakı institutların ixtisar edilməsi yolu ilə şaquli və üfüqi güc strukturlarında dinamizmin artırılmasında və s. ifadə edilir.
- Monoqrafiyanızda "Milli informasiya təhlükəsizliyi və "Rəqəmsal resursların geosiyasi xarakteri" kimi bölmələr "Azərbaycanın yeni rəqəmsal arxitekturası" fəaliyyət planı ilə səsləşir. Dövlətimizin başçısı, eyni zamanda fiber-optik dəhlizlərin enerji dəhlizləri qədər önəmli olduğunu və süni intellektin dövlət məmurlarının gündəlik fəaliyyətinə daxil edilməsini strateji hədəf qoyub. Sizin tədqiq etdiyiniz istiqamətlər beynəlxalq arenada milli maraqlarımızın rəqəmsal müstəvidə qorunmasına necə xidmət edir?
- Üçüncü minillik beynəlxalq təhlükəsizliyin bütün əsas parametrlərinin dəyişməsi ilə əlamətdardır. İnformasiya axınlarının təhlili, aqressiv dağıdıcı informasiya fantomlarının müəyyən edilməsi və ifşası, yerdə hərbi kəşfiyyat və əks-kəşfiyyata kölgə salaraq, strateji əhəmiyyət kəsb etməyə başlamışdırlar. Kiberreallığı quran smart-güc kibertexnologiyalarını yüksək texnologiyalı silaha çevirən texnoloji inkişafın kiber məkanının idarə edilməsində əhəmiyyəti daima artacaq.
Rəqəmsal diplomatiya və informasiya təhlükəsizliyi dövlətin geosiyasətində yeni forpostudur. Bu gün geosiyasətdə siyasi məkanın təşkili və qorunması problemi ortaya çıxır. Qlobal informasiya qarşıdurması və dövlətlərarası səviyyədə münaqişələr rəqəmsal resursların geosiyasi xarakterini aktuallaşdırır.
Müasir dövrdə siyasi sabitliyin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi həm də inkişaf etmiş kommunikasiya infrastrukturunun mövcudluğundan, onun dövlət idarəçiliyində fəal və səmərəli istifadəsindən asılıdır. Qlobal proseslər müasir şəbəkə informasiya müharibəsini müasir siyasi idarəetmənin mühüm tərkib hissəsi kimi müəyyən edir.
İnformasiyanın ötürülməsi proseslərinin intensivləşməsi tendensiyaları ilə əlaqədar olaraq yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması vəzifəsi aktuallaşır. Bu kontekstdə müasir siyasi idarəetmənin ən mühüm vəzifəsi kimi informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal şəbəkə informasiya məkanının milli seqmentlərinin təhlükəsizliyi problemini həll etmək üçün İnternetin milli seqmentləri də daxil olmaqla, siyasi kommunikasiyaların milli məkanının suverenliyini qorumaq zəruridir. Dövlət təhlükəsizliyinin təmin edilməsi həm də informasiya taktikasından, prioritet və dəyərləri nəzərə alan media strategiyasından asılıdır.
Bu çərçivədə qeyd etmək lazımdır ki, qlobal kommunikasiya məkanının yeni çağırışları və təhdidlərinə cavab verən adekvat və effektiv dövlət informasiya siyasəti milli informasiya təhlükəsizliyini və milli maraqların qorunmasını təmin edir.
Müasir dövrdə çox sayda istifadəçidən alınan informasiyanın Big data kimi toplanması və təhlili inkişaf etmiş kompüter proqramı və süni intellekt tərəfindən təmin edilir. Prezident İlham Əliyevin rəqəmsal arxitektura, kiber-təhlükəsizlik və süni intellektlə bağlı müəyyən etdiyi prioritetlər gələcəkdə süni intellekt sayəsində məlumatlar təhlilinin üsullarının və onların istifadəsinin daha təsirli olacağından irəli gəlir. Datafikasiyanın (datalardan – verilənlərdən istifadənin intensivləşməsi) düzgün istifadəsi nəticəsində dövlət rəqəmsal diplomatiyasının effektivliyinə yeni imkanlar açan müsbət təsirini də qeyd edə bilərik.
- Siyasət, dövlət idarəçiliyi, diplomatiya, ideologiya və medialogiya mövzularını zamanın yeni çağırışları fonunda şərh edirsiniz. Müşahidələrinizə dayanaraq cəmiyyətə, xüsusilə də yeni nəsil idarəçilərə və gənclərə vermək istədiyiniz vacib mesajlar nədir? Rəqəmsallaşmanın gətirdiyi risklərə qarşı fərd və dövlət olaraq necə bir mənəvi-intellektual müqavimət formalaşdırmalıyıq?
Rəqəmsallaşmanın müsbət potensialı ilə yanaşı, o, müasir ictimai-siyasi inkişaf sahəsində risklər də yaradır. Risklərin idarə olunması, onların təhlili və paylaşdırılması, ümumilikdə böhran şəraitində idarəetmə əvvəllər olmadığı qədər vacib sahələrə və fəaliyyətə çevrilib.
Müasir dövrdə biz İnternet məkanında müxtəlif siyasi maraq qruplarını təmsil edən kiber-simulakrların ictimai şüur və ideyaların, simvolların, dəyərlərin, mənaların, davranış modellərinin, siyasi fikirlərin yayılması uğrunda necə fəal şəkildə bir-birilə mübarizə və rəqabət apardığını müşahidə edirik. Fəaliyyətin müxtəlif sahələrində, o cümlədən siyasi fəaliyyətdə, dezinformasiya üçün elektron resurslardan və rəqəmsal platformalardan istifadə olunur.
Yuxarıda göstərilənlər hər bir ölkə üçün ayrı-ayrılıqda multimedia informasiya formatları arsenalı vasitəsilə həyata keçirilən informasiya müdaxiləsinə, kiber simulyakrlara qarşı mübarizə məqsədilə “ağıllı” kibermüharibədə öz ölkələrinin maraqlarını təşviq etmək və rəqəmsallaşma risklərini minimuma endirmək üçün ən son rəqəmsal texnologiyalardan və ən yeni imkanlardan istifadəni aktuallaşdırır.
Bu kontekstdə qeyd etmək istərdik ki, bir metodologiya məlumatların tam işlənməsi, risklərin müəyyənləşdirilməsi və qarşısının alınması, proses, təzahür və hadisələrin proqnozlaşdırılması, gələcək hərəkətlərin modelləşdirilməsi və bu istiqamətdə fəaliyyətin planlaşdırılması üçün qənaətbəxş deyil. Mərhələli iş və nəticələrdən ibarət sistemli və kompleks yanaşma tələb olunur. Şəbəkə cəmiyyətinin çağırışlarına cavab vermək üçün yalnız veb mühitin məlumatları deyil, həm də peşəkar səviyyə və elmi yanaşmanın bilik və metodologiyasını tələb edən sistemli analiz və proqnozlaşdırma əsasında aparılan ideoloji iş zəruridir. Yəni nəinki analitik instrumentari (vasitələr), həm də tədqiqat işi və müəyyən intellektual səviyyə və sistemli düşüncə tələb edən elmi epistemologiyaların tətbiqi zəruridir.
Müsahibə üçün təşəkkür edirik!
Ruslan KƏRİMOV,
“ELM”
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.