AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud Belçika Türkləri Birliyi və İstanbul Mədəniyyət Universitetinin birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən 6-cı Beynəlxalq Bilinqvizm Araşdırmaları və Avropa Türkləri Konqresində iştirak edib.
Azərbaycanlı alim konqresdə “Xarici dilin tədrisində linqvokulturoloji səriştə” mövzusunda məruzə ilə çıxış edib. Bu il “Dil tədrisi və inklüziv təhsil: Avropada inteqrasiya olunmuş yanaşmalar” başlığı altında keçirilən konqresdə filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud bölmə iclasına rəhbərlik edib.
Məruzəçi xarici dil tədrisində dil və mədəni səriştənin formalaşmasına, mədəniyyətlərarası ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, xarici dil öyrənənlərdə qrammatik səriştə nisbətən yaxşı inkişaf etmiş olsa belə, əgər onlar sosio-mədəni işarələri şərh etməkdə çətinlik çəkirlərsə, bu proses uğursuzluqlara səbəb ola bilir. Bu kontekstdə mədəniyyətlərarası dialoq xarici dil tədrisinin məqsədlərini və məzmununu formalaşdıran fundamental metodoloji prinsip hesab olunur.
Fəal müzakirə, təcrübə mübadiləsi və tərəfdaşlıq çərçivəsində keçən konqresdə iştirakçılar arasında səmərəli dialoq baş tutub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.