Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda elmi seminar təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə təzə-tər gül dəstələri düzüblər.
Mərkəzin direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyev dövlətçilik tariximizdə qətiyyətli, etibarlı və müdrik rəhbər kimi yadda qalıb. Bu dahi şəxsiyyət daim xalqın rifahını, ölkənin müstəqilliyinin möhkəmləndirilməsini və gələcək inkişafını təmin edən ideyalarla fəaliyyət göstərib. O, tutduğu yüksək vəzifələrdən asılı olmayaraq hər zaman xalqla birgə olub, onun maraqlarını qoruyub və Azərbaycanın mənafeyini hər zaman ön planda saxlayıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional Bölməsinin baş məsləhətçisi Emin Həmidli, Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsinin müdiri Nicat Hüseynov və ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov məruzələrlə çıxış ediblər. Məruzələrdə Heydər Əliyevin mürəkkəb tarixi-siyasi şəraitdə xalqını uğurla istiqamətləndirən, ardıcıl mübarizə apararaq ölkəni müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğu vurğulanıb. Onun milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideyasının və milli məfkurənin formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Eyni zamanda, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı və mütərəqqi islahatların müəllifi kimi dahi rəhbərin fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlarda xüsusi vurğulanıb ki, müstəqil Azərbaycan Ümummilli Liderin indiki və gələcək nəsillərə mirasıdır, onun zəngin və çoxşaxəli irsi isə xalqın ən böyük milli sərvətlərindən biridir. Qeyd olunub ki, bu dəyərli irsi qorumaq və yaşatmaq hər bir azərbaycanlının məsuliyyətli və şərəfli borcudur.