Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

I Türkoloji Qurultay – Türk xalqlarının milli özünüdərkinin simvolu
06.03.2026 22:00
  • A-
  • A
  • A+

I Türkoloji Qurultay – Türk xalqlarının milli özünüdərkinin simvolu

Türk dünyasının tarixində, şübhəsiz, ən mühüm hadisələrdən biri olan I Türkoloji Qurultay 1926-cı il 26 fevral – 6 mart tarixlərində Bakı şəhərində keçirilmişdir. Bu Qurultay həm elmi, həm siyasi cəhətdən olduqca böyük əhəmiyyət daşıyırdı. Burada türk xalqlarının bir çox ortaq elmi problemi, onların tarixi, mədəniyyəti müzakirə edilmişdir ki, onların içərisində ən əsası yeni əlifbaya keçid məsələsi idi.

I Bakı Türkoloji Qurultayının 80 illiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 noyabr 2005-ci il, 90 illiyi isə 18 fevral 2016-cı il tarixli Sərəncamları ilə geniş qeyd olunmuşdur. Bu Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində keçirilən müxtəlif səviyyəli elmi yığıncaqlar, çap olunan materaiallar Qurultayın öyrənilməsi, orada müzakirə olunan məsələlərin türkologiya elmi və türk xalqları üçün əhəmiyyətini bir daha müəyyən etdi, bu möhtəşəm elmi tədbirin bilinməyən tərəflərini elmi ictimaiyyətə təqdim etdi. 22 oktyabr 2025-ci ildə isə Prezident İlham Əliyev tərəfindən “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandı. Qurultayın türk xalqlarının həyatında və inkişafındakı əhəmiyyətini xüsusi vurğulayan Sərəncamda deyilir: “Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır”. 

Qurultay türk xalqlarının tarixində ilk bu cür geniş miqyaslı tədbir idi və Azərbaycanın türkoloji mərkəzə çevrilməsinə imkan yaratdı. Həmçinin sonrakı dövrlərdə aparılan araşdırmalar üçün də bir mənbə rolunu oynadı. 131 nəfər nümayəndənin iştirak etdiyi Qurultayda 17 iclas keçirildi və türk dünyasının dilinə, tarixinə, etnogenezinə, etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə həsr olunmuş 38 məruzə dinlənildi. Bakının bu mötəbər elmi yığıncağa ev sahibliyi etməsi təsadüfi deyildi. Təbii ki, burada Bakının həm coğrafi mövqeyi, həm də o dövrdə Azərbaycanın SSRİ-nin digər türk dövlətlərinə nisbətən daha çox inkişaf etməsi amil idi. Azərbaycan o dövrdə həm də türk dünyasının intellektual mərkəzlərindən birinə çevrilmişdi. Lakin sovet dövləti üçün bunlardan daha vacibi siyasi səbəblər idi. “Orta Asiyada sovetlərə qarşı müqavimət hərəkatının davam etməsi, Bakıya türk meyillilərin, Türkiyəsevərlərin toplanması marağı, bolşevizmin qondarma demokratik baxışlarının buradan daha yaxşı nümayişi bu səbəblərin siyasi tərəfi kimi dəyərləndirilir”.

I Türkoloji Qurultay türk xalqlarının inteqrasiyası, inkişafı, türk dünyası birliyi üçün mühüm tədbir idi və çox böyük milli özünüdərk, milli dirçəliş mərhələsi kimi yadda qaldı. Qurultay təkcə türk dünyasının, o cümlədən dünyanın müxtəlif yerlərindən gəlmiş türkoloq alimlərin yığıncağı deyildi, o həm də türk xalqlarının gələcəyinə yönəlmiş böyük ideyaların tribunası idi. Qurultayda iştirak edən görkəmli alimlər, dilçilər, tarixçilər və ictimai xadimlər ortaq bir məqsəd ətrafında birləşmişdilər: türk xalqlarının dilini, tarixini, mədəniyyətini elmi əsaslarla öyrənmək və gələcək nəsillərə sağlam bir miras ötürmək. Məhz bu səbəbdəndir ki, keçirilməsindən 100 il ötməsinə baxmayaraq bu gün də bu Qurultay öz əhəmiyyətini itirməmişdir. Burada türk dillərinin, etnoqrafiyasının, tarixinin müxtəlif ən mühüm məsələləri dünyanın tanınmış türkoloqları tərəfindən müzakirə olundu və mühüm qərarlar qəbul edildi. Ortaq əlifba, ortaq ədəbi dil, terminologiya, orfoqrafiya, etnoqrafiya problemləri böyük diapazonda qoyuldu və onların o dövr üçün konkret həlli yolları müəyyən edildi. Bu böyük tədbirin təsiri ilə sonralar müxtəlif illərdə SSRİ və digər türk dövlətlərinin bir çox şəhərlərində bənzər mövzularda konqreslər, konfranslar keçirildi. II qurultayın isə Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulmuşdur, lakin məlum olduğu kimi, bu baş tutmadı.

Əslində, çox ciddi siyasi mahiyyət daşıyan və Sovet dövləti nöqteyi-nəzərindən ideoloji işin gedişinə xidmət etmək üçün nəzərdə tutulmuş bu elmi yığıncaq həm də eyni zamanda türk xalqlarının bir çox ortaq probleminin həllinə töhfə verdi. Qurultayda müzakirə olunan məsələlər öz dövrü üçün türk xalqlarının əsas ehtiyacları idi. İstər onlar içərisində ən vacibi olan əlifba məsələsi, istərsə də orfoqrafiya, terminologiya, türk dillərinin əlaqələri kimi digər məsələlərin həlli həmin dövrdə türkologiya qarşısında duran əsas problemlər idi. Beləliklə, I Bakı Türkoloji Qurultayında türk dillərinin yeddi böyük problemi müzakirə olundu: 1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri”.  

Qurultayda bir neçə gün ərzində müxtəlif mövzular üzrə aparılan müzakirələrin nəticəsi olaraq hər bir bölməni əhatə edən qətnamələr qəbul edildi. Bu qətnamələr Qurultayın gəldiyi nəticələri ümumiləşdirirdi və burada əsas vacib məsələlər diqqət mərkəzinə çəkilirdi. Orada vurğulanan əsas məsələlər bu yığıncağın elmi və tarixi əhəmiyyətini ortaya qoyur.  

Məlumdur ki, bu dövrdə SSRİ-nin türk xalqları ərəb əlifbasından istifadə edirdi. I Türkoloji Qurultayın ən mühüm tarixi qərarlarından biri latın əlifbasına keçid məsələsinin gündəmə gətirilməsi oldu. Qurultay bunu türk xalqlarının qarşısında duran əsas məsələ kimi qeyd edərək latın əlifbasının ərəb əlifbasına nisbətən üstünlüklərini göstərir, yeni əlifbaya keçid prosesinin necə həyata keçirilməsini xalqların öz öhdəsinə qoyurdu. Xalqların bu sahədə başladığı işlər təqdir edilir və digər xalqların da bu təcrübədən yararlanması tövsiyə edilirdi. Əlifba məsələsinin gündəmə gəldiyi ilk dövrlərdən, hələ M.F.Axundovun əlifba layihələrini təqdim etdiyi vaxtdan ziyalılarımızın bir hissəsi ərəb əlifbasından imtina məsələsini qəbul etmirdilər və bunun xalqların öz keçmişindən, bu əlifba ilə yaranmış irsindən və digər türk xalqlarından ayrılması ilə nəticələnəcəyi qənaətində idilər. Eyni haçalanan fikirlər AXC dövründə əlifba məsələsinin parlamentdə müzakirələri zamanı da gündəmə gəlmişdi. Lakin I Türkoloji Qurultay iştirakçıları bu qənaətdə idilər ki, ərəb əlifbası ilə çap olunan nəşrlər əhalinin çox kiçik bir hissəsi tərəfindən oxunur. Qarşıda mədəniyyəti, savadı olmayan çoxmilyonluq kütlə durur və bu kütlə üçün həmin ədəbiyyat əlçatmazdır. Odur ki, bir ovuc ziyalını yox, elə həmin çoxmilyonluq kütləni düşünmək lazımdır. Uzun müzakirələrdən sonra Qurultay nümayəndələrinin gəldiyi ümumi nəticə bundan ibarət oldu ki, təkilf olunan yeni latın əlifbası həm ərəb əlifbası, həm də onun islah olunmuş variantı ilə müqayisədə daha çox üstünlüklərə malikdir. Qurultayın 4 mart tarixli 13-cü iclasında əlifba məsələsi səsə qoyuldu. Bu tarixi səsvermə nəticəsində 101 nəfər latın əlifbası tərəfdarlarının təklifinə, 7 nəfər ərəb əlifbası tərəfdarlarının təklifinə səs verdi, 9 nəfər isə bitərəf qaldı. Bu, türk xalqlarının savadlanması, dünyaya inteqrasiyası və milli kimliyinin möhkəmlənməsi yolunda atılmış cəsarətli bir addım idi. Qurultay iştirakçıları yaxşı anlayırdılar ki, dilin inkişafı xalqın inkişafıdır, əlifbanın taleyi isə millətin taleyidir.

I Türkoloji Qurultayda müzakirə olunan mühüm məsələlər içərisində türk dillərinin araşdırılması və onların digər dil ailələri ilə əlaqələri, termin yaradıcılığı, türk dillərinin orfoqrafiyası da var idi. Bu mövzuda məruzələri dinləyən Qurultay qərara aldı ki, müxtəlif türk dilləri və ləhcələrinin hərtərəfli araşdırılması məqsədilə onlara aid materiallar toplanaraq çap olunsun, eyni zamanda bu dillərə aid qrammatika kitabları və lüğətlər hazırlansın. Türk xalqlarının ləhcələri ilə bağlı o dövrə qədər aparılan tədqiqatlar sistemli olmadığı, yalnız bir ləhcəni əhatə etdiyi üçün Qurultay iştirakçılarını qane etmirdi. Bunu B.Çobanzadənin Qurultayın 27 fevral 1926-cı ildə keçirilən üçüncü iclasındakı məruzəsindən də görmək olar: “Türk ləhcələrinin tədqiqinə dair əsərlər türk ləhcələrinin qarşılıqlı münasibətlərini nümayiş etdirməyə və kifayət qədər işıqlandırmağa, bu ləhcələrin müqayisəli qrammatikasını təqdim etməyə qadir deyil. Şübhəsiz indi fantastik düşüncələri bir kənara atmaq və ayrı-ayrılıqda hər bir türk ləhcəsinin öyrənilməsinə başlamaq, yaxud hansısa ləhcələr qrupuna dair müqayisəli tədqiqatların aparılması ilə məşğul olmaq daha məqsədəuyğun olardı. Hazırda Göytürkdən Osmanlı ləhcəsinə qədər ləhcələrin dili və tarixinin tədqiqi üçün ümumi yol tapmaq mümkünsüzdür”.

Qurultay iştirakçıları tərəfindən türk dillərinin imla qaydaları müəyyən edilərkən belə bir qənaətə gəlinmişdir ki, onlar üçün alınmaların tələffüzə uyğun şəkildə yazılması daha uyğundur, çünki bu, əhalinin savadsız hissəsinin savadlanmasını asanlaşdırar. Qurultay ədəbi dildə vahid orfoqrafiya formalarının qorunmasını tövsiyə edərək bu sahədə pərakəndəliyi yolverilməz hesab edirdi. Həmçinin türk dilləri üçün orfoqrafiya lüğətlərinin yaradılması da zərurət kimi qarşıya qoyulurdu. Bu yanaşma dillərin tarixi köklərinə hörmətlə yanaşı, onların inkişafına da xidmət edirdi. Bu bölmədəki məruzələrdə alimlər tez-tez əlifba məsələsinə də toxunmuş, ərəb əlifbasının çətinliyi, onun türk dillərinin imla qaydalarına uyğun olmadığı həm türk, həm də qeyri-türk məruzəçilər tərəfindən dönə-dönə vurğulanmışdır. Türk dillərində elmi terminologiya sistemi haqqında müzakirələr zamanı qeyd olunurdu ki, terminologiyanın əsası kimi dildə geniş yayılmış uyğun sözləri seçmək lazımdır. Əgər hər hansı bir dildə uyğun söz yoxdursa, bu zaman əcnəbi dillərdənsə, ən yaxşı mənbə kimi digər türk dilləri qruplarına müraciət etmək və onların söz bazasından istifadə etmək olar. Bu da mümkün olmadığı təqdirdə xalq tərəfindən mənimsənilmiş ərəb və fars terminlərini dilin qrammatik qaydalarına uyğunlaşdıraraq istifadə etmək lazımdır. Bu yanaşma bir daha göstərdi ki, türk dünyası öz elmi problemlərinə kənardan deyil, öz daxilindən cavab tapmağa qadirdir. Qurultay tövsiyə edirdi ki, hətta Avropa mənşəli sözlər də yalnız kök halında qəbul olunaraq türk dillərinə məxsus şəkilçilər vasitəsilə dəyişdirilsin və dillərimizə uyğunlaşdırılsın. Eyni zamanda Qurultay qərara aldı ki, hər bir türk respublikasında daimi terminoloji komissiyalar fəaliyyət göstərsin və ümumtürk elmi terminlər lüğəti yaradılsın. 

Məlumdur ki, I Türkoloji Qurultayda təkcə dil və əlifba məsələləri qoyulmamışdır. Qurultay həm də türk xalqlarının ortaq elmi və mədəni dəyərlərini birləşdirmək məqsədini güdürdü. Burada türk xalqlarının tarixinin və mədəni irsinin araşdırılması məsələsi də geniş müzakirə edildi. SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, maddi-mədəniyyət abidələri, folklor nümunələri, məişət həyatının öyrənilməsi və arxiv materiallarının çapı Qurultay tərəfindən vacib hesab edildi. Arxeoloji ekspedisiyaların təşkili və diyarşünaslığın inkişaf etdirilməsi türkoloji tədqiqatların etibarlı elmi bazasının yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Qeyd olunurdu ki, yalnız yerli materiallara söykənən tədqiqatlar türk xalqlarının tarixi və mədəniyyətini obyektiv və dərin şəkildə əks etdirə bilər. Qurultay iştirakçılarının gəldiyi nəticələrdən biri də bu idi ki, türk dillərinin tədrisi zamanı əsas təlim materialları türk xalqlarının xalq yaradıcılığı olmalı, daha sonra isə şagirdlər ədəbiyyat, xüsusən digər türk xalqlarının ədəbiyyatları ilə tanış olmalıdırlar. Qurultayda həmçinin türk xalqlarının təsərrüfat formalarının tədqiqi, türk mədəniyyətləri mərkəzi muzeyinin yaradılması, türk xalqlarının məişətinin öyrənilməsi də vacib məsələ kimi qarşıya qoyulur və bu işdə cəmiyyətin savadlı təbəqəsinin qüvvəsindən istifadə zəruri hesab edilərək bunun üçün tədris planına etnoqrafiyanı daxil etmək tövsiyə edilirdi.         

Qurultayın elmi və tarixi əhəmiyyəti təkcə gəlinən nəticələrdə, qəbul edilən qətnamələrdə deyil, həm də onun yaratdığı intellektual və mənəvi ruhda idi. Alimlər, publisistlər və ictimai xadimlər burada yalnız dil və tarix məsələlərini deyil, milli özünüdərk və birliyə xidmət edən ideyaları müzakirə etmiş, gələcək nəsillər üçün əvəzsiz tövsiyələr vermişlər. Təəssüf ki, sonrakı illərdə bir çox Qurultay iştirakçıları repressiyalara məruz qaldı, irəli sürülən ideyaların bir qismi yarımçıq qaldı. Lakin ideyalar susmadı. Onlar zamanın yaddaşında yaşadı və bu gün də türk dünyasının elmi-mədəni inkişafına öz təsirini göstərməkdədir.

Əks-sədası uzun illər davam edən Qurultay türk xalqlarının elmi, mədəni və mənəvi həyatında tamimlə yeni bir səhifə açdı. Qurultayda iştirak edən görkəmli alimlər, dilçilər, tarixçilər və ictimai xadimlər türk xalqlarının dilini, tarixini, mədəniyyətini elmi əsaslarla öyrənmək kimi ortaq bir məqsəd ətrafında birləşmişdilər. I Türkoloji Qurultay türk xalqlarının birliyinin, ortaq elmi düşüncəsinin və milli özünüdərkin simvoluna çevrildi. Bu Qurultay sübut etdi ki, elm və mədəniyyət millətləri birləşdirən ən güclü körpüdür.

Nuray Əliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: