Azərbaycanın və Qafqazın qədim tarixinin tədqiqatları üçün ən zəngin abidələrdən biri Qobustan arxeoloji kompleksidir. Mezolit, Neolit və Tunc dövrlərinə aid düşərgələrdən, yaşayış yerlərindən və qəbir abidələrindən, minlərlə qayaüstü təsvirlərdən ibarət bu abidələr kompleksi həmişə arxeoloqların diqqətini cəlb etmişdir. Azərbaycanın şərqində, Xəzər dənizi sahilində yerləşən Qobustan abidələrində arxeoloqlar tərəfindən keçən əsrin 40-cı illərindən başlayaraq onilliklər ərzində 20-ə yaxın qayaaltı sığınacaqlarda, 40-a yaxın kurqanlarda və digər abidələrdə arxeoloji qazıntılar aparılmış 6 mindən çox qayaüstü təsvirlər aşkar edilmişdir (İ.Cəfərzadə, C.Rüstəmov, F.Muradova). Qobustanın “Ovçular zağası”, “Ana zağa”, “Qayaarası”, “Qayaarası-2”, “Kənizə”, “Firuz”, “Firuz-2”, “Öküzlər-2” və s. düşərgələrində aparılmış qazıntılar bu abidələrdə Mezolit və Neolit dövrlərinin üzvi surətdə bağlı olduğunu göstərmişdir. Bu bağlılıq həm stratiqrafik ardıcıllıqda həm də daş alətlərin texniki-tipoloji xüsusiyyətlərinin varisliyində müşahidə edilir. Qayaarası, Anazağa, Firuz düşərgələri üzrə aparılmış radiokarbon analizlər (M.Fərəcova) Qobustan abidələrinin xronologiyası barədə yeni məlumatlar vermişdir. “Kənizə” və “Firuz” düşərgələrində qazıntılar zamanı aşkar edilmiş Mezolit və Neolit dövrlərinə aid tək və çoxdəfnli qəbirlər aşkar edilmişdir. Qobustan abidələrinin xronologiyası, mədəni mənsubiyyəti, semantikası və s. məsələlər barədə fərqli fikirlər də elmdə öz əksini tapmışdır (N.Müseyibli). Son illərdə Qobustanın yeni nəsil tədqiqatçılarının (R.Abdullayev və S.Şirinli) apardıqları çöl tədqiqat işləri nəticəsində, xüsusilə də Cingirdağ-Yazılıtəpə sahəsində çoxaylı təsvirlər aşkar edilmişdir.
Qobustanın Mezolit və Neolit dövrlərinə aid düşərgələri və onlardan aşkar edilmiş qəbir abidələri və daş alətlərin, qayaüstü təsvirlərin məcmusu burada ümumi kompleks təşkil edən Qobustan arxeoloji mədəniyyətinin mövcudluğunu göstərir.
Qobustan abidələrində uzun illər tədqiqatlar aparmış İ.Cəfərzadə, C.Rüstəmov və F.Muradova Qobustanın qədim mədəni irs olduğunu dəfələrlə qeyd etsələr də Qobustan abidələrinin ayrıca bir arxeoloji mədəniyyət olmasını sistemli şəkildə təhlil etməmişlər.
Rusiya arxeoloqu X.Amirxanov Qobustanın Neolit dövrünü əvvəlki Mezolit dövründən ayıraraq onu ayrıca bir arxeoloji mədəniyyət kimi təqdim etmişdir. O, kənar coğrafiya ilə bağlamağa çalışdığı bu mədəniyyətin diaqnostik, mədəniyyəttəyinedici materialı kimi çaxmaqdaşından hazırlanmış itiuclu tipli alətlərin “Uytaş tipli” adlandırdığı müəyyən bir qrupunu əsas kimi götürmüşdür. Belə alətlərin fərqləndirici cəhəti onların aşağı sonluğunun eyni vertikal dişəklə düz və ya çəpinə kəsilməsidir. X.Amirxanov bu mədəniyyəti e.ə. VI minillik-V minilliyin əvvəlinə aid etmişdir. Uytaş-2 Dağıstanın Xəzəryanı sahəsində, Mahaçkaladan 22 km cənubda V.İ.Markovin tərəfindən aşkar edilmiş tapıntı yeridir. Buradan toplanmış itiucluları X.Amirxanov “Uytaş tipli” kimi müəyyən etmiş, onların sayını 7 ədəd göstərmişdir. O, Qobustandan Uytaşa qədərki Xəzəryanı zolağı bu mədəniyyətin arealı kimi müəyyən etmişdir. Qobustanda X.Amirxanovun “Uytaş tipli” hesab etdiyi belə alətlər yüzlərlədir. Anazağa düşərgəsi üzrə tədqiqatlar, o cümlədən radiokarbon analizlərin nəticələri Qobustanda belə alətlərin Mezolit dövründən hazırlanırdığını ehtimal etməyə əsas verir.
X.Amirxanovun bu fikirləri ilə bağlı ilk növbədə belə bir sual yaranır: əgər doğrudan da müəyyən qrup itiuclu tipli daş alətlər əsasında Qobustan arxeoloji mədəniyyəti elan edilirsə və bu alətlərin əsas istehsal mərkəzi Qobustandırsa nə səbəbə bu mədəniyyətin əsas göstəricisi olan bu alətlər “Qobustan tipli” yox, “Uytaş tipli” kimi müəyyən edilməlidir? Digər tərəfdən, Qobustanda aparılmış qazıntılar zamanı aşkar edilmiş daş alətlər sırasında haqqında bəhs olunan itiuclu tipli alətlərin mövcudluğu barədə ilk dəfə tanınmış sovet-rus arxeoloqu A.A.Formozov yazmışdır. Keçən əsrin 60-cı illərində Qobustana səfərlər edən A.A.Formozov burada aparılan qazıntılarla və qayaüstü təsvirlərlə yaxından tanış olmuşdur. Əlbəttə, X.Amirxanovdan fərqli olaraq nə A.A.Formozov, nə də Qobustanda bilavasitə qazıntılar aparan arxeoloqlar həmin itiuclulular əsasında hər hansı bir arxeoloji mədəniyyətdən bəhs etməmişdilər: çünki bu, məntiqsiz bir yanaşmadır.
Lakin X.Amirxanov Qobustana həsr etdiyi məqalələrinin heç birində bu itiuclu tipli alətlərin vaxtilə A.A.Formozov tərəfindən qeyd edildiyi barədə bir kəlmə də olsa yazmamışdır. Əksinə, o, bunu özünün elmi yeniliyi kimi təqdim etmişdir.
X.Amirxanov Qobustan barədə nəşr etdiyi 3 məqaləsindən birini bu abidənin qayaüstü təsvirlərinə, onların xronologiyasına həsr etmişdir. Ümumiyyətlə heç bir vaxt qayaüstü təsvirlər problemi ilə məşğul olmamış X.Amirxanov birdən-birə çoxtəbəqəli Qobustan petroqliflərinin dövrünü müəyyən etməyə cəhd etmiş və gəldiyi nəticələri aksioma kimi təqdim etmişdir. Heç də təsadüfi deyil ki, onun bu cəhdləri də uğursuz alınmışdır. Belə ki, X.Amirxanov Qobustan təsvirlərinin ən qədimlərini Üst Paleolit dövrünə – 24-25 min il bundan əvvələ aid etmişdir. Bunun üçün əsas olaraq ilk növbədə Qobustanın qədim düşərgələrində aşkar edilmiş bir qrup daş alətləri əsas götürmüşdür. Onun fikrincə həmin daş alətlərin tarixi 24-25 min ildən az ola bilməz və müvafiq olaraq bu alətlərdən istifadə etmiş qədim insanlar həm də buradakı rəsmləri çəkmişlər. Bu tarixi göstərən radiokarbon analizlər olmadan X.Amirxanovun belə mütləq yaş göstərməsi sadəcə qeyri-ciddidir. O, həm də Qobustan təsvirləri ilə dünyanın digər regionlarındakı Üst Paleolit dövrü rəsmləri arasında heç bir müqayisəli təhlillər aparmamışdır.
Qobustanda bu vaxtadək Üst Paleolit dövrünə aid mədəni təbəqə aşkar edilməmişdir. Digər tərəfdən, X.Amirxanovun daha qədim hesab etdiyi daş alətlər, aşkar edilmiş alətlərin ümumi statistikasında 10%-dən çox deyil və həmin alətlərin aşkar edildiyi mədəni təbəqənin daş məmulatının 90%-i Mezolit dövrünə aiddir. Eyni zamanda, həmin ən qədim mədəni təbəqə üzrə aparılmış radiokarbon tarixləndirmə e.ə. XII minilliyi, yəni Mezolit dövrünün əvvəlini göstərmişdir. Ən yaxşı halda bu mərhələdə əvvəlki, Üst Paleolit dövrünün daş alətlərinin hazırlanma texnologiyasının bəzi ənənələrinin saxlanmasını ehtimal etmək olar.
X.Amirxanovun tarixləndirmə üçün irəli sürdüyü digər arqument qayaüstü təsvirlərin üzərindəki təbii çöküntünün səviyyəsidir. Onun fikrincə üzərində daha çox çöküntü olan təsvirlər daha qədimdir. Lakin X.Amirxanov bu məsələdə lokal təbii amilləri nəzərə almamışdır. Belə ki, Qobustan bilavasitə Xəzər dənizinin sahilində yerləşir və burada iqlim kifayət qədər rütubətlidir. Bu isə öz növbəsində qayalar üzərində çöküntülərin daha çox əmələ gəlməsinə səbəb olmuşdur. Bundan əlavə, Qobustan qayaları əhəngdaşından ibarətdir və bu daşlar üzərində qısa zamanda, bəzən 40-50 il müddətində kifayət qədər təbii çöküntülər əmələ gəlir. Buna görə də bəzən Mezolit və ya Neolit dövrü təsvirləri ilə Orta əsr təsvirləri üzərində çöküntünün səviyyəsi eynidir. Digər tərəfdən, bu məsələdə təsvirlərin yerləşdiyi şərait də önəmli rol oynayır. Məsələn, açıq şəraitdəki, qayaların quzeyindəki son dövr təsvirləri üzərində çöküntü qayaaltı sığınacağın divarındakı daha qədim dövrlərə aid təsvirlər üzərindəki çöküntüdən qat-qat çoxdur. Bütün bunlar X.Amirxanovun tarixləndirmə üçün irəli sürdüyü “çöküntü” nəzəriyyəsinin də yanlış olduğunu göstərir. Buna görə də abidənin tarixinin süni şəkildə qədimləşdirməyə əsas yoxdur.
Ümumiyyətlə, Qobustan təsvirlərinin ən qədimlərini ilk dəfə məhz A.A.Formozov hələ 60-cı illərdə Avrasiyanın Üst Paleolit abidələri ilə müqayisə etmiş, lakin son olaraq bu təsvirləri Mezolitin əvvəli ilə tarixləndirmişdir. Bundan illər sonra Qobustanın tədqiqatçıları da (İ.Cəfərzadə və bu sətirlərin müəllifi istisna olmaqla) bu abidələr kompleksinin ən qədim mərhələsini Üst Paleolit dövrünə aid etmişlər. Lakin yuxarıda qeyd edildiyi kimi, bunun üçün təkzibolunmaz faktlar hələlik aşkar edilməmişdir.
Qobustan mədəniyyəti ilə bağlı qeyd edilməlidir ki, müəyyən qrup daş məmulatı əsasında arxeoloji mədəniyyətlərin müəyyən edildiyi Paleolit dövründən fərqli olaraq Neolit dövrü çoxkomponentlidir və bu dövrə aid mədəniyyət müəyyənləşdirilərkən bütün bunlar nəzərə alınmalıdır. Xüsusilə də Qobustan kimi zəngin, müxtəlif növ maddi mədəniyyət qalıqları olan bir abidə üzrə arxeoloji mədəniyyət müəyyən etmək üçün X.Amirxanovun etdiyi kimi yalnız bir tip daş alətləri əsas götürmək kifayət deyildir. Belə ki, Qobustanda Mezolit və Neolit dövrlərinin mədəni təbəqələri irsi olara sıx bağlıdırlar və Neolit dövrü Mezolitin bilavasitə davamıdır. Müvafiq olaraq bu məsələdə həmin dövrləri ayrılıqda nəzərdən keçirmək dolğun nəticələrə gətirib çıxarmır.
Qobustanın Mezolit və Neolit dövrlərinə aid abidələri demək olar ki, eyni xüsussiyyətlərə malik olub, konkret zaman çərçivəsində lokal bir ərazidə cəmləniblər. Bu ərazidə Mezolit və Neolit dövrlərində insanların həyat tərzi, məşğuliyyəti, həyat təminatı, mənəvi mədəniyyəti demək olar ki, eyni olmuşdur. Buna görə də Mezolit və Neolit dövrlərinə aid bütün bu abidələrin məcmusunu “Qobustan arxeoloji mədəniyyəti” kimi müəyyən etmək daha düzgündür. Qobustanın regionun digər arxeoloji komplekslərindən fərqli, özünəməxsus xüsusiyyətləri belə bir nəticəyə gəlməyə imkan verir.
Cənubi Qafqazın mərkəzi və Araz hövzəsi bölgələrinin Neolit dövrü əhalisi düzənlik sahələrdə məhsuldar torpaqlarda, çay vadilərində məskunlaşıb əkinçilik və maldarlıqla məşğul olurdular. Ovçuluq təsərrüfatın yardımçı sahəsi olub onların fəaliyyətinin 3-4 %-ni təşkil edirdi. Bu əhalinin yaşayış məskənlərinin qalıqları günümüzə qədər təpələr formasında saxlanmışdır.
Onlardan fərqli olaraq Qobustanın Mezolit-Neolit dövrü sakinləri dağlıq-qayalıq ərazidə müxtəlif ölçülü qayaaltı sığınacaqlardakı düşərgələrdə yaşayır, ovçuluq və yığıcılıqla məşğul olurdular. Belə düşərgələrdən ən irisi olan mağara tipli Anazağa sığınacağı 100 m2 artıq sahəni əhatə edir. Ən uzun müddətli yaşayış da məhz burada olmuşdur.
Düşərgələrdən aşkar edilmiş maddi mədəniyyət qalıqları əsasən daş alətlərdən ibarətdir. Bunların əksəriyyəti çaxmaqdaşından, müəyyən qismi isə çay daşlarından hazırlanmışdır. Obsidiandan ələtlərə çox az hallarda rast gəlinir ki, bu da təbii-coğrafi şəraitlə, Qobustanda və bilavasitə ətraf zonada obsidian yataqlarının olmaması ilə bağlı idi. Halbuki, Azərbaycanın digər həmdövr abidələrinin obsidian alətləri ümumi məmulatın 85-90 %-ni təşkil edir.
Qobustanın düşərgələrində Mezolit dövrü təbəqələrindən çaxmaqdaşından düzəldilmiş geometrik alətlər aşkar edilmişdir. Neolit dövründə Mezolit dövründəki bir sıra alətlərin istehsalı davam etsə də bəzi dəyişikliklər müşahidə edilir. Burma üsulu ilə alətlərdə oyuq açmaq, bəzi daş alətlərin cilalanması üsulları, biçin (oraq) funksiyalı yığma alətlər meydana çıxır. Qobustanda Neolit keramikaya qədərki ilk mərhələyə aiddir. Burada Neolitin inkişaf etmiş, keramikalı mərhələsi zəif izlənilir. Neolit dövründə heyvanların qismən əhliləşdirilməsinə başlanılmış, istehsal vərdişləri nisbətən artmışdır. Qafqaz regionunda Mezolit və Neolit dövrlərində yalnız Qobustan sakinləri Xəzər dənizində balıq ovunda qayıqlardan istifadə edirdilər.
Qobustanın Kiçikdaş dağı sahəsindəki Firuz düşərgəsində və Böyükdaş dağı sahəsindəki yuxarı terrasda Kənizə düşərgəsində müvafiq olaraq Mezolit və Neolit dövrlərinə aid qəbirlər də tədqiq edilmişdir. Bir neçə qəbir çoxdəfnli olmuşdur. Cənubi Qafqazın digər bu tipli həmdövr qəbirlərində skeletlər xaotik şəkildə aşkar edilmişdir. Qobustanda isə çoxdəfnli qəbirlərdə dəfnlər müəyyən adətlərə uyğun, yanı üstə bükülü vəziyyətdə icra edilmişdir.
Qobustanda müxtəlif ölçülü əhəngdaşı qayalarında qazma üsulu ilə çəkilmiş 6 mindən çox rəsmlər aşkar edilmişdir. Rəsmlərin böyük əksəriyyəti məhz Mezolit-Neolit dövrlərinə aiddir. Bu dövr təsvirləri bəzi istisnalarla başlıca olaraq Böyükdaş və Kiçikdaş dağları sahələrində aşkar edilmişdir. Düşərgələrin daxili divarlarını təşkil edən qayalarda təsvirlər daha sıx, biri-birinin üstündə həkk edilmişdlər. Bu, eyni yerdə həyatın uzun müddət davam etməsi ilə bağlı olmuşdur.
Mezolit və Neolit dövrlərinə aid təsvirlər rəsm etmə üslubu, mövzuları ilə seçilirlər. İnsan təsvirləri müxtəlif ölçülərdə, bəzən natural ölçülərə yaxın, anfas və profildən olmaqla bir neçə üslubda verilmişdir: kontur, içərisi çəpinə ştrixlərlə doldurulmuş kontur və siluet. Kişilər ox-kamanla silahlanmış, bəzən qurşaq hissəni tutan geyimdə təsvir edilmişlər. Qadınlar daha çox siluet və içərisi xətlənmiş kontur üslubda abstrakt təsvir edilmişlər. Bəhs edilən dövrə aid heyvan rəsmləri əsasən realist üslubda verilmiş öküz təsvirləridir. Qədim rəssamlar oküzləri çox zaman böyük, natural ölçülərə yaxın həcmdə təsvir etməyə çalışmışlar. Bir qayda olaraq öküzlər sağa və ya sola yönəlmiş, tək, qoşa və ya sürü halında rəsm edilmişlər.
Qobustan abidələrinin spesifik xüsusiyyətlərindən biri e.ə. VII-VI minilliklərə aid qayıq təsvirləridir. Xəzər dənizinin sahilində məskunlaşan qədim qobustanlılar qayıqlar (çox güman ki, qamışdan) düzəldərək dənizə çıxmış və balıq ovu ilə məşğul olmuşlar. Qobustanda qayıq təsvirlərinin sayı 160-dan çoxdur. Bəzən onların içərisində insanların olduğunu bildirən sxematik təsvirlər çəkilmişdir.
Qobustanın Mezolit və Neolit dövrlərinə aid qayaüstü təsvirlərinin, xüsusilə də insan, öküz və qayıq rəsmlərinin üslub, mövzu və xronologiya baxımından Qafqaz, Yaxın Şərq və ümumiyyətlə yaxın regionlarda anlogiyası məlum deyildir.
Beləliklə, Qobustan özünəməxsus, fərqli düşərgələri, qəbir abidələri, petroqlifləri, digər həmdövr mədəniyyətlərinin əkinçi-maldar təsərrüfatından fərqli olaraq ovçu-yığıcı təsərrüfata malik və insanlarının bütün bunlardan irəli gələn dünyagörüşü, mənəvi mədəniyyəti ilə seçilən ayrıca bir arxeoloji mədəniyyətdir. Bu mədəniyyət Mezolit və Neolit dövrlərini əhatə edib, e.ə. XII minillikdən V minilliyin əvvəllərinə qədər davam etmişdir. Neolitdən sonra Qobustanda yaşayış kəsilmiş, sonrakı dövrlərdə məskunlaşlamalar fasilələrlə baş vermişdir. Gələcək tədqiqatlar nəticəsində Qobustan mədəniyyətinin coğrafiyasının geniş arealda – Xəzərin qərb, cənubi-qərb və cənub sahili zolağında müəyyən ediləcəyi istisna deyildir.
Nəcəf MÜSEYİBLİ, Tarix elmləri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.