Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.04.2026 13:30
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar” mövzusunda elmi konfrans keçirilib

Şərqşünaslıq İnstitutunda “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illiyinə həsr olunmuş “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq, qüdrətli söz ustadı, ədəbiyyatımızın iftixarı olan Məhəmmədhüseyn Şəhriyarın poeziyasının dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynası olduğunu bildirib. Şairin ölməz irsinin əbədi olmasını, nəinki Şərq, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu deyən akademik G.Baxşəliyeva onun ecazkar poeziyası ilə ürəkləri fəth etdiyini, geniş kütlələrin sonsuz məhəbbətini qazandığını, dildən dilə düşmüş şeirlərinin bir çox dillərə tərcümə olunduğunu, insanların ruhunu oxşadığını qeyd edib. Bildirib ki, bu gün ölkəmizdə çətin elə bir insan tapıla ki, Şəhriyar poeziyasının vurğunu olmasın, onun şeir nümunələrini bilməsin.

Ulu Öndər Heydər Əliyevin müsahibələrinin birində: “Sevdiyiniz şair?” – sualına – “Şəhriyar”, - deyə cavab verdiyini xatırladan akademik G.Baxşəliyeva Ümummilli Liderin böyük şair barədə dediklərini xatırladıb: “Dahi sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin müqəddəs borcudur”.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü konfransda “Əbədiyyət gülü - Şəhriyar” mövzusunda məruzə edib. Şəhriyarın fars və Azərbaycan dillərində yüksək poetik ruhlu şeirlər yaratdığını deyən R.Cümşüdlü. onun fars dilində yaratdığı məhəbbət lirikasının fars ədəbiyyatının Sədi Şirazi, Hafiz Şirazi kimi dahilərinin lirikası ilə yanaşı çəkildiyini bildirib. Qeyd edib ki, şairin Azərbaycan dilindəki şeirlərində azərbaycançılıq ruhu, türk təfəkkürü öz ifadəsini tapıb. Azərbaycan həsrəti, Azərbaycanı tərənnüm Şəhriyar poeziyasının ana xəttini təşkil edir.

İran filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayeva “Şəhriyar: zamanın və tarixin qiyməti” mövzusunda məruzə edib. Tarixi simaların yalnız yaşadıqları dövrün gözü ilə deyil, zamanın süzgəcindən keçərək də dəyərləndirildiklərini deyən məruzəçi, onlara öz müasirləri tərəfindən verilən qiymətin dövrün maraqları, düşüncə tərzi və emosiyaları ilə formalaşdığını qeyd edib: “Tarix  isə daha uzaqdan, daha soyuqqanlı və obyektiv baxaraq həmin şəxsiyyətlərin həqiqi yerini müəyyənləşdirir. Ustad Şəhriyar o nadir şəxsiyyətlərdəndir ki, zaman da, tarix də onu çox yüksək dəyərləndirmiş və o hər zaman layiq olduğu qiyməti ala bilmişdir”.

İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva konfransda “Can Rüstəm: Şəhriyar və Rüstəm Əliyev arasında dostluq əlaqəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar ilə görkəmli şərqşünas-alim Rüstəm Əliyev arasında dostluq və mənəvi qardaşlıq münasibətlərindən bəhs olunub. Həmçinin böyük şairin şərqşünas-alimə həsr etdiyi “Can Rüstəm” və “Döyünmə-söyünmə” adlı şeirlər və onların yaranma səbəbləri  və şəraiti haqqında məlumat verilib. Burada  onların mənəvi yaxınlığı, qarşılıqlı ehtiramı, əqidə birliyi  və milli təəssübkeşlik ön plana çəkilib.

Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Nazim Mənsimov “İki dünyanın qovuşduğu zirvə -  Məhəmmədhüseyn Şəhriyar timsalında” mövzusunda məruz edib. Məruzəçi bildirib ki, Şəhriyar sadəcə bir şair deyil, o, XX əsr Azərbaycan və İran ədəbi mühitinin mühüm kəsişmə nöqtəsi, iki böyük mədəniyyəti bir-birinə bağlayan mənəvi körpüdür: “O, fars dilinin incəliyini türk duyğusunun sadəliyi ilə birləşdirərək ədəbi sintezin ən uca zirvəsini fəth edib. Şair yaxşı bilirdi ki, bir milləti yox etmək üçün onun dilini əlindən almaq kifayətdir. Məhz buna görə də o, dilin saflığı uğrunda mübarizəni özünün sənət kredosu hesab edirdi. Şəhriyar yaradıcılığında “Heydərbabaya salam” sadəcə bir coğrafi məkana salam deyil, parçalanmış bir ruhun bütövləşmə cəhdidir”.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: