AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən panel müzakirəsi çərçivəsində arxeoloji irsin rəqəmsal texnologiyalar vasitəsilə dirçəldilməsi və arxeoturizm perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri t.ü.f.d, dosent Mikayıl Mustafayev mövzunun World Urban Forum 13 kontekstində aktuallığını vurğulayıb.
Müasir texnologiyaların sürətli inkişafı tarixi abidələrə yanaşmanı köklü şəkildə dəyişir. Bu gün arxeoloji obyektlər artıq yalnız maddi qalıqlar deyil, rəqəmsal texnologiyalar vasitəsilə yenidən canlandırılan və geniş auditoriyaya təqdim olunan dinamik mədəni resurslara çevrilir. Virtual reallıq (VR), artırılmış reallıq (AR), üçölçülü modelləşdirmə və LiDAR skanlama kimi metodlar bu sahədə yeni imkanlar açır.
Xüsusilə LiDAR və fotoqrammetriya vasitəsilə abidələrin yüksək dəqiqliklə “rəqəmsal əkizi” yaradılır. Bu modellər həm qoruyucu arxiv funksiyasını yerinə yetirir, həm də abidələrin zamanla dəyişimini izləməyə imkan verir. Beləliklə, mədəni irs yalnız qorunmur, eyni zamanda öyrədilir və qlobal miqyasda tanıdılır.
Azərbaycan bu istiqamətdə mühüm təcrübə nümayiş etdirir. Bakıdakı İçərişəhər kompleksi, o cümlədən Şirvanşahlar Sarayı və Qız Qalası rəqəmsal idarəetmə sistemlərinə inteqrasiya olunur. Son illərdə vahid rəqəmsal arxivlərin yaradılması, 3D skanlama işlərinin aparılması və “Ağıllı şəhər” konsepsiyasına uyğun texnoloji infrastrukturun qurulması bu prosesin əsas istiqamətlərindəndir. Eyni yanaşma Qobustan Qayaüstü Rəsmlər Landşaftı üçün də tətbiq edilir.
Bu abidələr artıq yalnız elmi tədqiqat obyekti deyil, həm də interaktiv və immersiv təcrübə mühiti kimi çıxış edir. Nəticədə arxeoloji irs passiv qorunma mərhələsindən çıxaraq aktiv turizm və şəhər idarəetmə resursuna çevrilir.
Bu transformasiyanın əhəmiyyəti “Böyük Qayıdış” konsepsiyası çərçivəsində daha da artır. Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlar yeni maddi-mədəni nümunələrin üzə çıxarılmasına şərait yaradır. Bu abidələrin rəqəmsal sənədləşdirilməsi, virtual rekonstruksiyası və müasir incəsənət vasitəsilə təqdim olunması həm elmi, həm də milli baxımdan mühüm əhəmiyyət daşıyır.
Post-münaqişə dövründə rəqəmsal texnologiyalar yalnız texniki vasitə deyil, eyni zamanda “rəqəmsal yaddaşın bərpası” funksiyasını yerinə yetirir. Dağıdılmış və ya zədələnmiş irsin 3D rekonstruksiyası Azərbaycanın tarixi irsinin beynəlxalq platformalarda təqdimatı üçün mühüm vasitəyə çevrilir.
Rəqəmsal texnologiyalarla müasir incəsənətin sintezi bu prosesi daha da cəlbedici edir. Arxeoloji tapıntılar və petroqliflər generativ süni intellekt və immersiv texnologiyalar vasitəsilə yeni bədii formalarda təqdim olunur, “yaşayan tarix” konsepsiyası formalaşır. Bu yanaşma xüsusilə gənc nəsil və turistlər üçün mədəni irsi daha anlaşıqlı və maraqlı edir.
Nəticə etibarilə, rəqəmsal mühafizə ilə yaradıcı iqtisadiyyatın inteqrasiyası Azərbaycan üçün yalnız milli inkişaf modeli deyil, həm də tarixi şəhərlər üçün universal yanaşma kimi çıxış edir. Bu modelin beynəlxalq platformalarda, o cümlədən World Urban Forum çərçivəsində təqdim olunması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.