Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin müəllifi olduğu “1926-cı il I Türkoloji Qurultay: tarixi zəminində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müəllifi təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Rektor, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı 22 oktyabr 2025-ci il tarixli Sərəncamını diqqətə çatdırıb və bu istiqamətdə görülən işlərin vacibliyini vurğulayıb.
Elbrus İsayev bildirib ki, nəşr I Türkoloji Qurultayın tarixi mahiyyətinin, onun ideoloji və elmi əsaslarının daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev kitab haqqında ətraflı məlumat verərək qeyd edib ki, nəşrdə qurultayın tarixi konteksti, arxiv sənədləri və milli mətbuat materialları xronoloji ardıcıllıqla təqdim olunub. Onun sözlərinə görə, kitabda protokollar, məruzə mətnləri və rəsmi teleqramlar analitik şərhlərlə müşayiət olunur.
Təqdimatda AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və digər alimlər çıxış edərək kitabın elmi əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, üç fəsildən ibarət nəşrdə I Türkoloji Qurultay türk dillərinin inkişafı və mədəni inteqrasiya məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi təqdim edilir.
Sonda müəllif Nadir Məmmədli tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Professor çıxışını bu arzularla yekunlaşdırıb: “Mən arzu edirəm ki, gələcək zamanda bu qurultayın ikincisi baş tutsun və türkdilli xalqlardan olan qardaşlarımız bu sözlərlə çıxış etsinlər: “İkinci Türkoloji Qurultayı açıq elan edirik. Hər biriniz xoş gəlmisiniz”.